
Əsasən, ailə qurmaq, nəslin davamını təmin etmək və xoşbəxt yaşamaq üçün evlənmək önəmli sayılır. Lakin insanların heç də hamısı müxtəlif səbəblərlə bağlı ailə qura bilmir. Əgər bu, bir tərəfdən həlli mümkün olan amillərlə bağlıdırsa, digər tərəfdən bəzi insanlara, həqiqətən də, evlənmək olmaz. Mütəxəssislərin gəldiyi ümumi nəticəyə görə, erkən yaşda evlənmək nə qədər təhlükəlidirsə, gec yaşlarda da evlənmək bir o qədər təhlükəlidir. Normal yaşda evlənməyən kişilər 30 və ya 35 yaşını keçdikdən sonra qərarsızlıq göstərir, 25 yaşınadək evlənməyən qızlar da ümidsizliyə qapılaraq sonrakı yaşlarda müxtəlif komplekslər yaşayırlar. Təsadüfi deyil ki, fransız yazıçısı Luiz Araqon yalnız yaşayan insanları “heç bir yerə çatmayan nərdivan”a bənzədir. Bu gün dünyada evlənməyərək yalnız yaşayan insanların sayı getdikcə artır.İngiltərədə aparılan araşdırmaya görə, dünyada 1996-cı ildə 153 milyon yalnız yaşayan insan olduğu halda, 2011-ci ildə bu rəqəm 277 milyona çatıb. Sonrakı illərdə bu rəqəm daha da artıb və beləliklə, son 15 ildə dünyada yalnız yaşayan insanların sayı 81 faiz artıb. Bu baxımdan ABŞ “tənhalar ölkəsi” adlandırılır. Hələ 1957-ci ildə Miçiqan Universiteti tərəfindən aparılan rəy sorğusunda iştirakçıların 80 faizi tənha yaşayanları “qəribə”, “xəstə” adlandırıblar. O dövrdə əhalisinin 70 faizinin evli olduğu bir ölkə üçün bu nəticələr çox da qəribə deyildi. Bu gün isə çox şey dəyişib və ölkədə əhalinin 51 faizi tək yaşayır. Türkiyədə də evlənməyənlərin sırasında həm kişi, həm də qadınların sayı getdikcə artır. Orada 65 yaşdan yuxarı 5 milyondan artıq insanların təxminən 110 min nəfəri heç evlənməyib. Bu, onu göstərir ki, əhalinin 2 faizi evlənməyib. Son illər evlənməyən kişilərin sayı isə qadınlara nisbətən daha da artıb.Onu da qeyd edək ki, insanların evlənmək istəməməsinin səbəblərinə valideyn təzyiqi, seçici davranma, maddi vəziyyət, məsuliyyətdən yayınma, yaşayış üçün ehtiyaclarını təmin etdikdən onra evlənməyi düşünmək, qeyri-ciddi həyat sürmək kimi amillər göstərilir.
Sevməyi bilməyənlər evlənməsin Mütəxəssislər hesab edirlər ki, bəzi insanlara evlənmək olmaz. Maraq doğuran isə odur ki, onlar bunu hansısa xəstəliyin olması, yaxud da iqtisadi problemlərlə deyil, hisslər və keyfiyyətlərlə əlaqələndirirlər. Belə ki, mütəxəssilərin fikrincə, ilk növbədə, sevməyi bilməyənlər evlənməsin. Çünki sevgi insani bir hissdir. Bu hissin alovlanıb yayılması üçün insanın iradəsi lazımdır. Bütün bunlar isə evlilik binasının təməlidir. Bundan başqa göstərilir ki, hörmət bilməyənlər evlənməsin. Çünki hörmət evlilikdə axtarılan sakitliyin əsasıdır. Həmçinin ümid etməyi bilməyənlər evlənməsin. Çünki ümid evliliyin xəzinəsi hesab edilir. Ümidsiz insanlar həyata bu günün pəncərəsindən baxan, həyatı, sadəcə, yaşadığı andan etibarən görən insandır. Halbuki evlilik uzun bir marafondur. Bu müddətdə pis olan şeylər sabah yaxşı ola bilər. Səbr etməyi bilməyənlər evlənməsin. Çünki səbr evli insanların ömür boyu ehtiyac duyduğu bir amildir. Üzr istəməyi bacarmayanlar evlənməsin. Çünki üzr istəmək insanları xətalar etməməyə sövq edir. Öz xətalarını görmədikcə yaranan şərait boşanmaya qədər gedib çıxar. Hətta nə ağlamağı, nə də gülməyi bilməyənlər evlənməsin. Çünki gülmək ağlamağı unutduran bir ünsürdür. Əfv etməyi bilməyənlər evlənməsin. Çünki əfv edə bilməmək hirslərin yığılmasına, onların kin və nifrətə çevrilməsinə gətirib çıxarır. Həyat yoldaşını əfv etməyən insanın qarşısındakı zamanla düşmənə çevrilir. Nəhayət, qənaət etməyi bilməyənlər evlənməsin. Çünki qənaət, evlilikdə qurulan bir yuvanın daxili xəzinə hesabına davam etməsinə imkan yaradır.
Qanunlar da bəzi evlilikləri qadağan edir Lakin evlilik üçün çatışmayan hisslər və keyfiyyətlərlə yanaşı, bir sıra amillər də evliliyi qadağan edir. Belə ki, evlilik həm insanlar, həm də cəmiyyət baxımından böyük önəm daşıdığına görə, qanunların da bəzi insanların evlənməsinə icazə vermədiyini deyən hüquqşünas Fariz Babayev Milli.Az-a bildirdi ki, bunlardan biri kimi yaş kriteriyaları götürülür ki, buna uyğun olmayanlar evlənə bilməzlər: “Bundan başqa yaxın qohumla evlənmək olmaz. Eləcə də insanlar əvvəlki evliliyinin başa çatması sübut olunana qədər evlənə bilməz. Bəzi xəstəlikləri olanlar evlənə bilməzlər. Sifilis, cüzam və ya ruhi xəstəliyi olanların evlənməsi qadağandır. Bəzi şəxslər arasında nikahın bağlanmasına yol verilmir ki, bunlar yaxın qohumlar-valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi, ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərdir”.
Cəmiyyət sağlamlıqla bağlı problemi olan ailələri qəbul etməyə hazır deyil
Psixoloq Tünzalə Verdiyeva Milli.Az-a bildirdi ki, bir-birini sevən, yəni sevməyi bacaran, artıq dərk edəndə ki ayrı qalmaq mümkün deyil, o vaxt evlənməlidir sevən insanlar: “İllər əvvəl tələbələrimdən biri ürəyini açıb, mənə sirlərini vermişdi. HİV virusu daşıyıcısı idi. Sevdiyi insan var idi. Heç kimin təsiri və ya təzyiqi olmadan evlənməyə birgə qərar vermişdilər. Səhhətindəki problemdən toy ərəfəsində xəbər tutmuşdu. İlk dərtləşdiyi isə təbii ki, gələcək “həyat yoldaşı” olmuşdu. Onun reaksiyası xəstəlik xəbərindən də çox sarsıtmışdı Leylanı. Bəlkə də yaşaya bilərdi, xoşbəxt ola bilərdi. Amma dürüst olduğu üçün xoşbəxt ola bilmədi, fikirləşirəm ki, dürüstlük özü xoşbəxtlikdir! Sevgi hər halı ilə qəbul etməkdir, sahib çıxmaqdır, dəstək olmaqdır. Deməli, o oğlan onu heç sevməyibmiş, çünki sevsə, tərk etməzdi, arxa çevirməzdi, təhqir edib, xəstəlikdən də ağır zərbə vurmazdı. Bəli, fikirləşirəm ki, yalnız sevməyi bacaranlar evlənməlidirlər”.
Psixoloqun fikrincə, hər hansı bir xəstəlik buna mane olmamalıdır. Onun sözlərinə görə, hər hansı fəsaddan birgə qorunmaq mümkündür: “Məsələn, HİV virusu daşıyıcısı ailə quracağı şəxsə məlumat versə, yaxşıdır. Çünki bu, sabah uşaqda aşkar oluna bilər.Ona görə də hər iki tərəf qorunmalıdır. Ümumiyyətlə, evlənmədən öncə “sağlamlıq haqqında tibbi arayış” təqdim olunsa, yaxşıdır. İndi ailə quran tərəflərin valideynləri əks tərəfin sağlamlığı haqqında məlumat toplamağa çalışır. Aydındır ki, belə bir informasiya əldə olunan halda gələcək gəlinin valideynləri cəmiyyət tərəfindən göstərilən təzyiq nəticəsində nikahın baş tutmasına hər vəchlə mane olacaqlar. Bu sahədə cəmiyyətdə kifayət qədər məlumatlandırma və maarifləndirmə zəifdir. Cəmiyyət belə ailələri qəbul etməyə hazır deyil. HİV daşıyıcısı da adi normal insandır”.
Psixoloq deyir ki, biz müxtəlif xəstəlik törədən viruslarla yanaşı, qohum evliliklərinə də çox ciddi etiraz etməliyik, qohumların nikahından xəstə uşaqlar dünyaya gəlir ki, bu da birbaşa genefondumuza vurulan ağır zərbədir. T.Verdiyeva onu da bildirdi ki, ailə - ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür: “Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, “başqaları üçün” yaşamağı öyrənir. Klassik mənada ailə nikah, qohumluq, ümumi maraq və büdcə ilə bağlı olan, qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik sosial qrupdur. Ailə - sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Ona görə də Azərbaycanda ailə qurularkən çox ciddi araşdırmalar aparılır. Qanunla nikahın bağlanmasına mane olan hallar hər bir vətəndaşımıza çatdırılmalıdır. İnsanlar tərəfindən mənəvi məsələlər öyrənilməli və təbliğ olunmalıdır. Ailə quran şəxs isə sevməyi, bağışlamağı, fədakarlıq etməyi, səhvi varsa, üzr istəməyi bacarmalıdır. Qarşılıqlı hörmət ailə münasibətlərini daha da möhkəmləndirir. Ailə hər birimiz üçün müqəddəs bir ocaqdır. Ailə insanın doğulduğu, böyüdüyü və daha geniş insan cəmiyyətinin üzvü olmağa hazırlaşdığı kiçik bir dövlətdir. Ailələrimizi qoruyaq”.
Evlilik yaşından tez evlənməyin
Bəzi evliliklər isə ailələrdə xəstə uşaqlar doğulmasına səbəb olur ki, bunun da başlıca səbəblərindən biri qohum nikahlardır. Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva Milli.Az-a bildirdi ki, məhz belə nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir. Bu gün dünyada evliliklərin 20 faizini qohum evliliklər təşkil edir. Bir sıra ölkələr var ki, onlarda qohumlarla ailə qurmağa daha çox üstünlük verirlər. Məsələn, Qərbi Aralıq dənizi, Cənubi Hindistan, Misir, Türkiyə kimi ölkələrdə bunun daha çox şahidi olmaq mümkündür. Ancaq qohumla evliliyə mənfi baxan ölkələr var ki, burada əsas yerlərdən birini Almaniya tutur. Beləliklə, qohumlarla evləndikdə sağlam şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlara keçdiyini deyən sədr müavininin sözlərinə görə, məhz qohum evliliyinin nəticəsində doğulan uşaqların bir qismi 1 yaşına çatmadan ağır infeksiya səbəbindən həyatını itirir:
“Bir sıra xəstəliklər var ki, onlar məhz qohum evliliklər nəticəsində meydana çıxır. Bütün bunları nəzərə alaraq evlənən insanlar yalnız özlərini deyil, doğulacaq uşaqlarını da düşünməlidirlər. Evlilikdə digər mühüm amil yaş məsələsidir. Belə ki, evlilik yaşından tez evlənmə, yəni erkən nikah də mənfi göstəricidir. Xəstə doğulan uşaqların əksəriyyətinin səbəbini də məhz erkən yaşda evlənmə təşkil edir. Ona görə də evlilikdə yaş həddi nəzərə alınmalıdır”.
Mənbə: Milli.Az