Qadin.NET / Əfsanəvi rok-operası Bakıya gəlir

Əfsanəvi rok-operası Bakıya gəlir

 

Bakı tamaşaçıları əfsanəvi “Yunona və Avos” rok-operasını görmək imkanı qazanacaqlar. Belə ki, Aleksey Rıbnikovun teatrı “Yunona və Avos” rok-operası ilə Bakıya qastrol səfərinə gəlir. Tamaşa yalnız bir gün - 31 may tarixində, saat 19.00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Rusiyada, eləcə də Avropada məşhur olan kollektivin “Yunona və Avos” rok-operasının Bakıya qastrol səfəri əlamətdar hadisədir. Milli.Az xəbər verir ki, “Yunona və Avos” rok-operası Rusiya Federasiyasının Xalq artisti, Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Rusiya səhnəsində ən məşhur rok-opera olan “Yunona və Avos”un müəllifləri görkəmli rus bəstəkarı Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir. Aleksey Rıbnikovun müəllif versiyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və misilsiz uğur qazanıb. Bu rok-opera dünya musiqili teatr tarixində ən böyük nailiyyətlərdən hesab olunur. Rus dini musiqisi, xalq folkloru, kütləvi “şəhər musiqisinin” janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok-operanın yeni versiyasında əsas amil Aleksey Rıbnikovun musiqisidir.“Yunona və Avos” rok-operasının quruluşçu rejissoru Rusiyanın ən yaxşı musiqili teatr rejissorlarından biri kimi tanınan, teatr, televiziya və konsert proqramlarındakı uğurlu işləri ilə məşhur olan Aleksandr Rıxlovdur. Rok-operanın vokal nömrələrini Rusiya Federasiyasının Əməkdar artisti, Rıbnikovun operalarında, həmçinin sovet kinosunun şlyagerlərində əsas partiyaların ifaçısı məşhur aktrisa Janna Rojdestvenskaya ifa edir. “Buratnio”, “Prodüserlər” kimi müzikllərin xoreoqrafı Janna Şmakovanın quruluşunda təqdim olunan mükəmməl rəqs nömrələri sənət əsərinin daha da maraqlı və baxımlı olmasına təminat verir.Aleksey Rıbnikovun teatrının quruluşunda “Yunona və Avos” rok-operası artıq Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə və digər ölkələrdə nümayiş olunub və böyük uğur qazanıb. Heç şübhəsiz ki, teatrın Bakı qastrolu da uğurla keçəcək və ölkənin mədəni həyatında hadisəyə çevriləcək. Bu sənət hadisəsinin canlı şahidi olmaq istəyənlər biletləri 30 AZN-dən başlayan qiymətlərlə şəhərin kassalarından əldə edə bilərlər. 

 

Mənbə: Milli.Az

27 yanvar 2014
GO BACK