IHS Technology şirkətinin hesablamasına əsasən, 2013-cü ildə Apple şirkəti mikroelektronika komponentlərinin alışına 30,3 milyard dollar sərf etməklə bütün dünya şirkətləri arasında lider olub. İkinci yeri 22,8 milyard dollar dəyərində mikrosxem alan Samsung şirkəti tutub. Bundan başqa, HP, Lenovo və Dell şirkətlərinin bu məqsədlər üçün xərcləri müvafiq olaraq 10,1, 9,2 və 7,7 milyard dollar təşkil edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, bu nəticələr təkcə Apple qurğularında istifadə edilən komponentlərin mürəkkəbliyini və bahalığını deyil, həm də vertikal inteqrasiya edilmiş biznes modellinin əhəmiyyətini nümayiş etdirir. Samsung əksər mikrosxem növlərini (məsələn, fləş-yaddaş) müstəqil şəkildə istehsal edir. IHS Technologynin apardığı hesablamada isə Cənubi Koreya istehsalçısının müxtəlif bölmələri arasında həyata keçirilən əməliyyatlar nəzərə alınmayıb. Samsung mikrosxemləri özü istehsal etməklə xərcləri xeyli azaldır və bunun sayəsində qurğular üçün qiymətlərin mühüm rol oynadığı inkişaf etməkdə olan bazarlar uğrunda mübarizədə Samsung şirkəti Apple üzərində üstünlük qazanır.Ən çox vəsait telefon, planşet və simsiz avadanlıq üçün komponentlərin alınmasına sərf edilib. Bu zaman ümumi məbləğin 31 faizi mobil qurğular üçün radiosxemlərin payına düşüb. 2013-cü ildə dünya mikrosxemlər bazarının ümumi həcmi 237,2 milyard dollaradək artıb ki, bu da 2012-ci illə müqayisədə 5 faizlik artım deməkdir.
Mənbə: Milli.Az