Departamentdən Trend-ə verilən məlumata görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daha sonra Trend-ə verilən məlumata görə, hazırda Rusiyanı çox soyuq Skandinaviya siklonu əhatə edir. Bu siklonun Azərbaycana doğru hərəkəti gözlənilir. Eyni zamanda, Türkiyə ərazisində çox dərin siklon müşahidə edilir. Bu iki siklonun qarşlılıqlı əlaqəsi nəticəsində ölkə ərazisində hava şəraiti kəskinləşəcək.
Yanvarın son günlərində havanın temperaturu gündən-günə enəcək. Gözlənilən hava şəraiti ilə əlaqədar hər gün yeni məlumatlar təqdim ediləcək. Hava dəyişməsi nəticəsində gözlənilən temperatur iqlim normasından aşağı olacaq və anomal hesab edilir.
Mənbə: Milli.Az