Bakının “Lokomotiv” klubu heyətinə yeni voleybolçu qatıb. Apasport.az saytının məlumatına görə, CEV kuboku ilə vidalaşdığından Super Liqada mükafatçılar sırasına düşməyi hədəfləyən “dəmiryolçular” ABŞ millisinin hücumçusu Kessidi Lixtmanı transfer ediblər.
Əvvəllər toppaylayıcı mövqeyində də oynamış 25 yaşlı voleybolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. “Lokomotiv”ə İsveçrə “Hotel Kristal”ından gələn Lixtman hücumda olan boşluğu aradan qaldırarsa, anlaşmanın müddətinin uzadılması da istisna deyil.
2011-ci ildən millisinin şərəfini qoruyan voleybolçu daha öncə ölkəsində “Stanford Universiteti” (2007-2008, 2010-2011) və Polşada “Aluprof” klublarında çıxış edib. O, yığmasının heyətində 2 dəfə Panamerika kubokunu (2012, 2013) və 1 dəfə Şimali Amerika çempionatının qızıl medalını qazanıb. 185 sm boya malik oyunçu həmçinin ötən il “Grand Champions Cup”ın finalında oynayıb.
Mənbə: Milli.Az