İspaniyanın Araqon-Pireney vilayətində qar uçqunları ilə əlaqədar çoxu turist və yerli xizəkçilər olmaqla 250-yə yaxın insan çıxılmaz vəziyyətdə qalıb.
Anspress-in xəbərinə görə, son günlər yağan yağışlar və temperaturun artması ilə dağ yamaclarında toplanmış qar təbəqəsi əriməyə başladığından, bölgədə kütləvi qar uçqunları müşahidə olunur, əksər maşın yolları qar altında qaldığından xizək kompleksinin qonaqları və işçiləri ətrafdan təcrid olunub.
Dünən səhər saatlarından başlayaraq xilasedicilər yolları qardan təmizləməyə başlayıb və tezliklə vəziyyətin nəzarət altına alınacağı deyilir. Pantikosa Spa kurort mərkəzində təcrid olmuş insanlar ərazini tərk edə bilsələr də, yerli Hospis xəstəxanasında hələ də 78 nəfərin çıxılmaz vəziyyətdə qaldığı bildirilir.
Bundan başqa Leyda vilayətinin Nat Aran adlı ərazisində 10 sakini olan bir ev qar uçqununa tuş gəlib, qar altında çıxarılmış sakinlər yerli administrasiya tərəfindən müvəqqəti olaraq evlə təmin edilib. Həmçinin Katalonya vilayətində 4 magistral yolun qalın qar təbəqəsi altında qaldığı bildirilir.
Mənbə: Milli.Az