Lakin davranış və hərəkətləri normal görünən adamlar belə ictimaiyyət üçün təhlükəli ola bilərlər.
Psixoloqlar bildirirlər ki, paranoyanın qurbanları ömür boyu xəstə olduqlarını dərk etmədiklərindən müalicə almaya bilərlər, lakin onlar daim sayrışan fikirlərdən əziyyət çəkəcək və rahatlıq tapa bilməyəcəklər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, paranoya zamanı insanın ətrafdakılara qarşı inamı itir: "Paranoyası olan adama bir çox əşyalar, heyvanlar və şəxslər təhlükəli gəlir. O, həyatı təhrif olunmuş şəkildə dərk etməyə başlayır. Paranoik baş verənlərə qarşı çox aqressiv davranır. Çətinliklər paranoyadan əziyyət çəkən şəxsdə tutmaya səbəb olur və şəxs qeyri-adekvat davranmağa başlayır".
Qurbanova bildirib ki, paranoik insanlara inamsız və tənqidi yanaşmağa adət edib. O, daim yaxınlarını səbəbsiz yerə günahlandırır, tanıdığı və tanımadığı insanları ona qarşı törədiləcək hansısa əməllərdə suçlu bilir. Paranoikdə müxtəlif
sayıqlamalar və sayrışan fikirlər müşahidə olunur. Sayrışan fikirlər istənilən fəaliyyət sahəsində paranoikə stimul verir. Bəzən sayrışan fikirlər şəxsiyyətin fiziki, mənəvi və sosial deqradasiyasına gətirib çıxarır. Özlərinə hansısa fikri təlqin edən paranoik işi, hansısa problemi kritik həddə qədər gətirib çıxarır.
Çox vaxt paranoya xəstəliyindən əziyyət çəkənlər uzun müddət diaqnozsuz yaşayırlar. Ətrafdakı insanlarda belə adamlar pis xasiyyətli insan təəssüratını yaradırlar. Xüsusilə də onlar məntiqə sığmayan ideyalarını insanlara yeritməyə çalışanda ətrafdakılarda qəzəb doğururlar. Bəzən paranoiklər sayrışan fikirlərini reallaşdırmaq üçün işi məhkəməyə də çatdıra bilirlər. Sayrışan fikirləri onları caniyə də çevirir.
Bəzi paranoiklər cəmiyyət üçün çox təhlükəlidir. Bu cür paranoiklər ilk baxışdan heç bir şübhə doğurmaya bilər. İctimai aqressiv paranoiklər cəmiyyətdə diqqəti çəkməyənlər olur. Məhz bu xüsusiyyətlərinə görə də onlar daha təhlükəlidir. Kütlədə onların davranışı diqqət çəkmədiyi üçün onların xəstə olduğunu anlamaq çətindir. Eləcə də paranoiklər sakit davranışlarının arxasında təhlükəli və gözlənilməz məqsədlərini gizlədə bilərlər.
Paranoiklərin əksəriyyətinin fikirləri təhlükəli olmur və ətrafdakı insanlara mane olmur. Psixoloq bildirir ki, lakin sayrışan fikirlər onların özlərinə rahatlıq vermir. Bir çox paranoiklər normal sosial fəaliyyət göstərir, fiziki, iqtisadi və mənəvi ehtiyaclarını ödəyirlər.
Onun dediyinə görə, paranoyanı tez-tez paranoidal pozğunluqla qarışdırırlar: "Bu isə fərqli xəstəliklərdir. Paranoidal pozğunluq şizofreniya, senil psixoz, serebral ateroskleroz kimi bir sıra xəstəliklərlə müşayiət olunur. Paranoidal pozğunluq zamanı xəstədə hallüsinasiyalar olur. Paranoya isə partlayışlarsız keçir, sayrışan fikirlər stabildir, xəstənin davranışı sabitdir. Bu xəstəlik zamanı sayıqlama məntiqi olur".
Paranoik nadir hallarda müstəqil olaraq həkimə gəlir. Belə ki, paranoiklər psixoloji problemlərinin olduğunu düşünmürlər. Onlar kiminsə təkidi ilə ya da bunu məhkəmə tələb edəndə mütəxəssisin yanına gedirlər. Müsahibimiz bildirib ki, bu xəstəlik tam müalicə olunmur: "Xəstə müalicə olunduqdan sonra paranoik adi həyat tərzinə qayıdacaq. Onun davranışlarını daim izləmək isə mümkün olmur. Həkim xəstəni vaxtaşırı müşahidə etməlidir. Bu cür xəstələrə yaxınların dəstəyi də çox önəmlidir. Yaxınları paranoikla mehriban davranmalı və onu başa düşməyə çalışmalıdırlar. Xəstəni tənqid etmək isə xəstəliyin yenidən qayıtmasına və daha da kəskinləşməsinə səbəb ola bilər. Paranoiklər çox çətin problemlərlə üzləşəndə də vəziyyətləri ağırlaşır".
Çox vaxt paranoikin yaxınları onun xəstə olduğundan xəbərsiz olurlar. Ona görə ki, xəstə özünü adi adamlar kimi aparır. Uzun müddət xəstə həkimə getmədən yaşayır. Lakin bu xəstəlik ona əziyyət verir. Şəxsi və işgüzar həyatında müxtəlif problemlərin yaranmasına şərait yaradır.
Paranoiklərin sayıqlamalarının mövzuları fərqlidir. Bəziləri ixtiraçı olduğunu sayıqlayır, hədsiz qısqanclıqdan əziyyət çəkir və s. müxtəlif sayrışan fikirlərlə yaşayır. Nadir hallarda paranoiklərdə şəxsiyyətin dəyişməsi də baş verir. Elə də paranoiklər olur ki, xəstələrin özü haqda düşüncələri üzləşdiyi vəziyyətlərlə üst-üstə gəlmir. Misal üçün, xəstə özü haqqında çox yüksək şeylər düşünür, özünü çox istedadlı, ağıllı və s. sanır. Amma reallıqda bu belə olmur. Onların sahib olduqları arzuladıqlarına uyğun gəlmir. Bu da xəstədə mübarizə aparmaq fikrini yaradır. Xəsətəyə elə gəlir ki, onun pis vəziyyətdə olmasına səbəb ətrafdakıların ona qarşı pis, ədalətsiz rəftarıdır. O, düşmənlərinin olduğuna özünü inandırır və onunla baş verən pisliklərə görə həmin düşmənləri günahlandırır. Bu cür vəziyyətdə olan paranoik düşmənlərdən qisas almağa çalışır. Nəticədə həyatında yeni çətinliklər, mübahisələr başlayır. Ən qəribəsi də odur ki, xəstəyə onun sayrışan fikirlərinin düzgün olmadığını sübut etmək olmur. O, öz düzgünlüyünə, öz həqiqətinə inanır. Öz səhvləri üzündən yaranan konfliktlərdə o, fikirlərinin təsdiqini görür. Ətrafdakı insanlarla yaşadığı yeni konfliktlər yeni sayrışan fikirlər də yaradır.
Paranoiklərdə yaddaş pozğunluğu da müşahidə olunur. Onlar hadisələri təhrif olunmuş formada yadda saxlayırlar. Lakin buna baxmayaraq, paraniklərin iş qabiliyyəti nəzərə çarpacaq dərəcədə aşağı düşmür. Paranoyanın bu cür inkişafı adətən yaşlı adamlarda baş verir. Bəzən vəziyyətin dəyişməsi ilə bağlı xəstələrin sayrışan fikirləri, sayqılamaları aktuallığını itirir. Amma paranoiklər nadir hallarda öz fikirlərinə qarşı tənqidi yanaşırlar.
Mənbə: Ekspress.Az