Qadin.NET / Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır

Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır

 

Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək, eyni zamanda, hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçün bir sıra aparıcı beynəlxalq təşkilatlarla yanaşı, NATO ilə əməkdaşlığa da xüsusi önəm verir.

1994-cü ildən təşkilatın "Sülh naminə tərəfdaşlıq" proqramında yaxından iştirak edən Azərbaycan bunun sayəsində NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi birləşmələri NATO qoşunlarının tərkibində Kosovoda və İraqda həyata keçirilən sülhyaratma missiyasında yaxından iştirak etmişlər. Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycan hərbçilərinin fəal iştirakı, həmçinin tranzit, maliyyə yardımı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu o deməkdir ki, təşkilat münaqişə ocaqlarının söndürülməsində, mübahisələrin çözülməsində, bir sözlə, qlobal planda sülh və sabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirir.
Xarici siyasətdə Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı hərbi quruculuq məsələlərində də az əhəmiyyət daşımır. Azərbaycan Ordusunda həyata keçirilən islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində NATO standartları əsas götürülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan ediblər. Bu həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.
NATO özünün təfərdaş ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllində maraqlıdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi NATO-nun 2006-cı, 2008-ci illərdə keçirilən zirvə toplantılarında bir daha ifadə olunmuşdur. Ölkəmizin ərazi bütövlüyü məsələsi NATO-nun 2009-cu ildə keçirilən zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində də öz əksini tapmışdır. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi bir daha qeyd olunmuşdur. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır. İşğalçı Ermənistan tərəfinin bütün cəhdlərinin əbəs olduğu NATO-nun son zirvə toplantısında bir daha təsdiqləndi. Təşkilatın yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi növbəti dəfə dəstəklənmişdir.
Azərbaycan-NATO münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir. Rəsmi Bakı Alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək, regionda sülh və təhlükəsizliyin qorunması üçün hərbi-siyasi sahədə birgə proqramlar həyata keçirmək niyyətini açıq bildirir. "SNT" proqramı və "Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində əməkdaşlıq ölkəmizə NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları yaratmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat kimi nəzərdən keçirilir.
Bu günlərdə Brüsselə işgüzar səfəri zamanı Prezident İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü də Azərbaycanın adıçəkilən mötəbər qurumla əməkdaşlığının uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Görüş zamanı NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğu bir daha vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib: "Bu gün keçirdiyimiz görüş NATO-nun və Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də "Çox sağ olun" deyirik".
Ölkəmiz işğalçı Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin artırılmasını tələb edir. Azərbaycanda, eyni zamanda, ordumuz üçün lazım olan avadanlığın, silah-sursatın istehsalı üçün də böyük işlər görülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan edirlər. Bu həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.
Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bu məsələlərə də toxunmuşdur: "Qarabağ məsələsinin həllinə aid suala gəldikdə, biz nikbin olmaq istəyirik. Çünki münaqişənin başlanğıcından çox vaxt ötür və uzun müddətdir ki, torpaqlarımız işğal altındadır. Bu, iyirmi ildən artıqdır ki, davam edir. BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o, bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən bir neçə rayon da iyirmi ildən çoxdur ki, işğal altındadır. Erməni təcavüzü nəticəsində bir milyon insan evsiz qalıb.
Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha nikbin keçib. Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq yaşandı. Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa, sadəcə, mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Bununla belə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri olduqca aydın şəkildə bəyan etdilər ki, mövcud status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim ərazilərimizdən çıxmağa başlamalıdırlar. Baxarıq, xarici işlər nazirlərinə göstəriş verilib. Bizim Vyanada keçirilmiş görüşdən sonra onlar da artıq görüşüblər. Ümidvarıq ki, onlar bu ayın sonunda və ya gələn ay yenidən görüşəcəklər. Ermənistanın danışıqlar prosesində nə dərəcədə səmimi olduğunu görəcəyik. Ümidvarıq ki, əgər Ermənistanda məsələyə real yanaşılarsa, biz onu tezliklə həll edə bilərik".
Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə yürütdüyü xarici siyasət strategiyası ölkəmizin beynəlxalq aləmdəki rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz problemin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.
Mənbə: Milli.Az

 

24 yanvar 2014
GO BACK