Qadin.NET / Uşağımızın tərbiyəsi: sevgi, yoxsa nifrət?

Uşağımızın tərbiyəsi: sevgi, yoxsa nifrət?

 

“İndiki zəmanədə uşağı döyməsən qudurar”. Bu gün cəmiyyətimizdə bu cür düşünən ailələrin sayı təəssüf ki, az deyil. Hələ də uşağı “didik-didik” eləməyi tərbiyə vermək kimi başa düşənlər var. Kim bilir, bu gün küçələrə atılan, əzab-əziyyətlərə məruz qoyulan, döyülən, sahibsiz buraxılan valideynlərin neçəsi vaxtilə övladını zorakılığa məruz qoymaqla “tərbiyə” etməyə çalışıb...
 Pedaqoq Nazim Əkbərov belə dedi: “Zorakılıqla tərbiyə etmək, bəlkə də, onilliklər öncə mümkün idi. Amma indi insanların dünyaya baxışı, dünyagörüşü, anlayışı tamamilə dəyişib. Uşağı sevgi ilə öyrətmək, tərbiyə etmək lazımdır. Hətta heyvanları belə, döyəndə onlar insanlara diş qıcayırlar. Baxın, sirkdə heyvanları öyrədərkən də onların ağzına qənd atırlar, sevgi göstərirlər”.
Nazim müəllim deyir ki, sevdirərək də öyrətmək var, nifrətlə də öyrətmək var. İnsana bir şeyi nifrətin hesabına öyrədəndə ömrü çox qısa olur. Amma sevgi ilə öyrədəndə hətta bir ömür boyu belə, unutmur: “Düşünün, ən çox nəyi xatırlayırıq? - Çox sevdiyimiz müəllimimizi, çox sevdiyimiz qonşumuzu və s. Yəni sevgi əsasdır”.
Nazim Əkbərovun fikrincə, qorxu hissi olmalıdır, amma sevdiyimiz insanı incidə biləcəyimiz qorxusu, sevdiyimiz adamın xətrinə dəyə biləcəyimiz qorxusu.
Onun sözlərinə görə, hərdən uşağa üz turşutmaq, incidiyini göstərmək olar, amma zorakılığa məruz qoymaq çıxış yolu deyil.
Bu barədə fikirlərini “Zaman-Azərbaycan”a açıqlayan həkim Hüseyn Məmmədovun sözlərinə görə, uşağı döymək yox, başa salmaq lazımdır. Onun sözlərinə görə, uşağın mütəmadi olaraq zorakılığa məruz qalması onun psixologiyasını pozur.
Psixoloq Orxan Orucun fikrincə, valideynlər tərəfindən cəzalandırılma üsulu kimi zorakılığa məruz qalmaları uşaqların özlərinə inam hissinin azalmasına, ətrafa diqqət edə bilməmə, aqressiya, özünəqapanma kimi halların yaranmasına səbəb ola bilir.
El arasında belə bir söz var; qızını döyməyən dizini döyər. Atalar hansı məntiqlə bu qənaətə gəliblər bunu təfərrüatı ilə izah etməyə çətinlik çəkirəm. O da bir reallıqdır ki, indiki dövrdəkindən fərqli olaraq, əvvəllər valideynlərin övladı döyməsi adi qəbul edilirdi və hər kəs bunu uşağın düzgün tərbiyə edilməsinin qaçılmaz cəhətlərindən biri kimi anlayırdı. Həm də o dövrdə uşaqların valideyn tərəfindən döyülməsi bu qədər ajiotaj doğurmurdu. Elə bu sətirlərin müəllifi də valideyni tərəfindən mütəmadi döyülənlərdən olub. Heç yadımdan çıxmır, evdən siqaret oğurlayıb çəkdiyimə görə atam məni o qədər döymüşdü ki, üstündən hətta 15 ildən çox vaxt ötməsinə baxmayaraq, indi də unuda bilmirəm. Atamın şillələri yadıma düşəndə indi də gözlərimdən qığılcım “çıxır”. Amma mən gec də olsa, etiraf edirəm ki, o “qığılcım”lar hədər getmədi, bu gün də siqaret çəkmirəm...
Təbii ki, mən bununla valideynlərin övladlarına əl qaldırmalarını təbliğ etmək istəmirəm. Bunun da mənfi cəhətləri var. Amma ümumən onu da etiraf etmək lazımdır ki, hansısa hallarda valideynin övlada yüngül də olsa, əl qaldırmasını anlayışla qarşılamaq lazımdır. Hər halda bir övladı onun valideyni qədər sevən, onun yaxşılığını istəyən ikinci insan tapmaq çətindir.
Lakin elə valideynlər də var ki, (bu ifadəyə görə üzr istəyirəm-N.İ.) şizofreniyadan əziyyət çəkirlər və övladlarını sözün həqiqi mənasında qəddarcasına döyürlər, yerli-yersiz onları gözümçıxdıya salırlar. Belə valideynlərin çoxu psixi pozuntudan əziyyət çəkirlər. Onların övladları özlərini lap əsirlikdəki kimi hiss edirlər. Döyülmək qorxusu uşaqları normal həyatdan təcrid edir, nə edəcəklərini bilmirlər, düz bildiklərini belə etməyə qorxurlar və s. Təəssüf ki, günümüzdə belə hallara çox rast gəlinsə də, ətrafdakı insanlar, qohum-əqrabalar belə ailələrin “işinə qarışmamaq” üçün buna göz yumurlar. Sonda isə faciə qaçılmaz olur. Bəs bu hallarda nə baş verər? Qanun bu yöndə nə deyir?
Heç şübhəsiz ki, valideynlərin öz uşaqlarına qarşı məsuliyyəti çox önəmli məsələdir. Sıralarımızda valideynlərin məsuliyyətsizliyi səbəbindən həyatı və gələcəyi təhlükə altına düşən uşaqlarımız da kifayət qədərdir. Qanunvericilik məsuliyyətsiz valideynlərlə bağlı bir sıra cəza tədbiri nəzərdə tutub. Ailə qanunvericiliyində valideynlik hüquqlarından məhrumetmə ilə yanaşı, valideynlik hüquqlarının məhdudlaşdırılması kimi cəza da müəyyən edilib. Mövzu ilə əlaqədar “Zaman-Azərbaycan”a Bakı Hüquq Mərkəzindən (BHM) yazılı açıqlama daxil olub. Qəzetimizə valideyn hüquqlarının məhdudlaşdırılması, onun nəticələri barədə Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Gülşən Həsənova məlumat verib. Valideynlərin digər şəxslərlə münasibətdə uşaqlarla bağlı daha üstün hüquqlara malik olduğunu deyən hüquqşünas deyir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Hüquq məsləhətçisi qeyd edir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz: “Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməsi qanunla qadağandır. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”.
Onun sözlərinə görə, həmin məsuliyyət tədbirlərindən biri hesab edilən valideynlik hüquqlarının məhdudlaşdırılması məhkəmə tərəfindən həll olunan məsələdir. Belə ki, məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən, yaxud da onların birindən uşağın alınması barədə qətnamə qəbul edə bilər: “Uşağın valideynlərlə, yaxud onlardan biri ilə qalması onlardan asılı olmayan hallarda-psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s. uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir”.
Hüquq məsləhətçisi Gülşən Həsənova bildirib ki, valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir: “Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri, yaxud onlardan birini bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər”.
Hüquqşünas qeyd edir ki, uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. Bu qəbildən olan işlərə qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxılır. Məhkəmə həmin işə baxarkən valideynlərdən, yaxud onların birindən aliment tutulması məsələsini də həll edir.
G.Həsənova deyir ki, valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına bir şərtlə icazə verilir ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin.
Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri barədə danışan vəkil bildirdi ki, bu hüquqdan məhrum olan ata-analar uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət tərəfindən verilən müavinətlər və imtiyazlardan da məhrum edilirlər: “Lakin onlar uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər. Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq qəyyumluq və himayəçilik orqanının himayəsinə verilir”. Hüquqşünasın sözlərinə görə, məhkəmə valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması haqqında qətnamə qəbul edə bilər: “Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər”.
Mənbə: Milli.Az
23 yanvar 2014
GO BACK