Əvvəlcədən qeyd etmək istərdim ki, yüngül şərtlər və ağır ödəniş yükü ilə verilən kreditlər yoxsul təbəqə üçün deyil. Buna baxmayaraq son zamanlar ailə büdcəsini idarə etməkdə çətinlik çəkənlərlə yanaşı özgəsinin hesabına zəngin yaşamaq üçün banklara və qeyri-bank kredit təşkilatlarına müraciət edənlərin sayı artmaqdadır. Hətta bəziləri özünün doğum gününü qeyd etmək, xaricə istirahətə getmək üçün də bahalı kreditlərə müraciət edir. Artıq bəzi banklar yenidən maliyyələşdirmə adı altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli şərtlərlə kreditlər vəd edirlər, borclarını qaytara bilməyənlər isə başqa banklara və şəxslərə olan borclarını qaytarmaq üçün onlara üz tuturlar.
Təbii ki, bu halda Mərkəzi Bankda yaranmış narahatlığı başa düşmək lazımdır. Həqiqətən də əsasən qısamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda risklər getdikcə artır və kütləviləşir. Əslində belə təminatsız kreditlər daha əsaslı və uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalarına istinadən ayrılmalıdır.Mərkəzi Bankın ötən ilin dekabr ayına olan son məlumatlına görə, hazırda Azərbaycanda cəmi kredit qoyuluşları 15 milyard 245 milyon manatdan çox olub ki, onun da 34,2 faizi Beynəlxalq Bankın payına düşür. Eyni zamanda Beynəlxalq Bank məlumat verir ki, vaxtı keçmiş kreditlər 795 milyon manat və ya 1 milyard dollardan çoxdur. Bu isə cəmi kredit qoyuluşunun 5,2 faizini təşkil edir. Cəmi kredit qoyuluşlarının 39,6 faizi və ya da 6 milyard 420 milyon manatı ev təsərrüfatlarının payına düşür. Bu isə o deməkdir ki, iqtisadiyyata kredit qoyuluşlarının hər 5 manatından 2-si ev təsərrüfatlarının istehlak ehtiyaclarının ödənilməsinə yönəlir.
Nəticədə də ev təsərrüfatlarının getdikcə artan borc öhdəlikləri fonunda onların maliyyə vəziyyətinin pisləşməsi aşağıdakı riskləri yarada bilər.
Banklar üçün:
- Bankların kredit portfelində cəlb edilmiş vəsait mənbələrinin payının artması, eyni zamanda onun da daxilində bahalı öhdəliklərin çoxalması bankların maliyyə dayanıqlığının pisləşməsinə gətirib çıxara bilər;
- Vaxtı keçmiş borcların artımı kredit portfelinin keyfiyyətini aşağı sala, bankların maliyyə dayanaqlığına təhlükələri çoxalda bilər;
- Bankların maliyyə dayanıqlığının pisləşməsi onların depozitarlar qarşısında öhdəliklərinin yerinə yetirilməsində risklər yarada bilər.
Vətəndaşlar üçün:
- Ev təsərrüfatlarının ödəmə qabiliyyətlərinin pisləşməsi onların öhdəliklərini yerinə yetirə bilməməsinə və borc piramidalarının inkişafına gətirib çıxara bilər;
- Ailə büdcəsində kreditlərə görə borc və faiz ödənişlərinin payının artması onun strukturunun pisləşməsinə və bütövlükdə sosial vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər;
- İnflyasiyanın getdikcə yüksəlməsi səbəbindən əhalinin digər xərcləmələrinin artması onun banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməməsinə və kredit münaqişələrinin çoxalmasına gətirib çıxara bilər.
Ona görə də varlıların pulu (depozitləri) hesabına kasıblara ayrılan bahalı kreditlər depozit faizlərinin yüksək olması səbəbindən bir tərəfdən varlıları daha da varlandıra, digər tərəfdən kredit öhdəliklərinin ağır olması ucbatından kasıbları bir az da yoxsullaşdıra bilər. Odur ki, əhaliyə məsləhətim ondan ibarətdir ki, “məsuliyyətsiz borc vermə” prinsipləri ilə işləyən bankların kreditləri hesabına sosial və maddi problemlərini həll edərkən ehtiyatlı olsunlar.
Mənbə: Mİlli.Az