Qadin.NET / Stomatoloq Bakıda hepatit virusu ittihamına cavab verdi

Stomatoloq Bakıda hepatit virusu ittihamına cavab verdi

 

Zəlimxan Məmmədli: “Ucuz stomatoloji kabinetlərə müraciətlər bu cür fəsadları yaradan ən ciddi səbəblərdir”Stomatoloji kabinetlərin fəaliyyətlərinin total nəzarətə götürülməsinin səbəbləri barədə qəzetimizin ötən saylarında məlumat vermişdik. Belə ki, əksər stomatoloji kabinetlər insanlara, onlara müraciət edən xəstələrə təhlükəli viruslar yoluxdururlar. Son bir neçə ildə Bakı şəhərində Hepatit C, Hepatit B, Hepatit A viruslarına yoluxanların sayı ifrat həddə çatıb. Xüsusilə Hepatit C virusu tüğyan edir. Bu virusa yoluxanların əksərinin heç bu xəstəliyin daşıyıcısı olduqlarından xəbərləri yoxdur. Virusun daha çox stomatoloji kabinetlərdən insanlara yoluxduğu iddiası var. 

Stomatoloq Zəlimxan Məmmədli bildirdi ki, hazırda Hepatit C virusu ən populyar xəstəliklərdən biridir: “Bu xəstəlik əsasən qanla keçir. Sözügedən virus diş çəkmək və digər əməliyyatlarda daha tez keçir. Bundan başqa, tatuirovka, öpüş vasitəsilə də keçən bir xəstəlikdir. Amma stomatoloji kabinetlərdə bu xəstəliklər daha tez yayılır.
Bəzi tibb işçiləri, çox təəssüf ki, nə pasterizasiya, nə sterilizasiya, nə də ki, dezinfeksiyanın hətta fərqini belə anlamırlar. Bu cür məsələlərə biganə yanaşıldığı üçün belə fəsadlar verir. Təbii ki, çox dəyərli məsuliyyətli stomatoloqlarımız da kifayət qədərdir. Amma eyni zamanda dediyim kateqoriyaya aid olanlar da var. Bu məsələdə onlar ittiham oluna bilərlər. Ümumiyyətlə, bizim insanlarda stomatologiyaya fobiya var. Xüsusilə də xəstəliklərdən qorxduqları üçün onlarda bu fobiya yaranır. Fikrimcə, insanlar arasında maarifləndirmə işi düzgün aparılmır. Bu sahədə çox ciddi maarifləndirmə işləri aparılmalıdır".Z.Məmmədlinin sözlərinə görə, xəstəliklərə yoluxmamaq üçün vətəndaşlarımız tələbkar olmalıdırlar: “İlk növbədə sterilizasiyanı tələb etməlidirlər. Həkimin davranışına, əllərinə, iş qaydasına fikir verməlidirlər. Bəzi halda ucuz stomatoloji kabinetlərə müraciətlər bu cür fəsadları yaradan ən ciddi səbəblərdi. Yəni ucuz və keyfiyyətli stomatoloji xidmət anlayışı yoxdur. Yüksək keyfiyyətli stomatoloji xidmət daha artıq maliyyə məsrəfi deməkdir. İnsanlarımız daha ucuz xidmət dalınca qaçanda bu cür fəsadlarla daha çox rastlaşırlar”. 

Mənbə: Milli.Az

23 yanvar 2014
GO BACK