Ekspertin sözlərinə görə, avtokreditlərə görə problemli kreditlərin həcmi artırsa, bu problemi kredit şərtlərini sərtləşdirməklə həll etmək olar: “Bunun üçün kreditə qadağa tətbiq etmək yersizdir. Üstəgəl, avtomobil kreditləri təminatlı hesab olunur və krediti ödənilməyən avtomobili satmaqla qaytarılmayan hissəni bərpa etmək olar. Tıxacların qarşısını almaq üçün maşın alışını məhdudlaşdırmaq da əsaslı arqument və çıxış yolu deyil. Tıxacların əsas səbəbləri başqadır: düzgün parklanmanın olmamasından tutmuş şəhərin güclü miqrasiya axınına məruz qalması kimi məsələlər”.
S.Əliyev qeyd edir ki, hər bir halda, göstərilən iki səbəbin Mərkəzi Bankı bu qadağaya vadar etməsi inandırıcı görünmür: “Deməli, burada başqa səbəblər mövcuddur. Ən azı bankların konsolidasiyası məsələsində bunu müşahidə etdik. Yəqin ki, bir müddət sonra real səbəbləri məlum olacaq.
Onu deyə bilərik ki, səbəbindən asılı olmayaraq bu qadağanın uzun müddət davam etməsi ölkənin maliyyə sisteminə mənfi təsir göstərə bilər. Burada söhbət bank sektorunun tənəzzülündən gedir. Avtokreditlərə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların əksəriyyətini müflisləşmə ehtimalı yüksəkdir.
Bankların kredit portfelində istehlak kreditlərinin payı 40%-ə çatıb. Avtokreditlər portfeldə əhəmiyyətli paya malikdir. Heç kimə sirr deyil ki, bir sıra bankların kredit portfelində avtomobil kreditlərin payı daha yüksəkdir. Müflisləşmə ilk növbədə, həmin bankları haqlayacaq. Kredit portfelini düzgün diversifikasiya etmiş banklar isə bu situasiyadan nisbətən az zərərlə çıxacaqlar.
Bank sektoru ilə yanaşı yenicə dirçəlməyə başlayan sığorta bazarı da böyük zərbə alacaq. Sığorta şirkətləri, xüsusilə kasko sığortası üzrə ixtisaslaşan şirkətlər zərərə düşəcəklər. 2013-cü ildə ölkə üzrə avtonəqliyyat vasitələrinin sığortasından təxminən 57 milyon manata yaxın sığorta haqqı yığılıb. Bu vəsaitin böyük hissəsi məhz kreditlə alınan avtomobillərin sığortalanmasından yığılan vəsaitlərdir. Avtokreditlərin dayandırılması nəticəsində sığorta bazarı həcmini 10 faiz itirə bilər. Öz portfelini diversifikasiya edə bilməyən sığorta şirkətləri isə bağlana bilər.
Müşahidələr göstərir ki, ölkədə hər 3 yeni maşının 2-si kreditlə satılır. Ona görə də banklardan da öncə zərbəni avtomobil satışı üzrə ixtisaslaşan şirkətlər alacaqlar. İtki gömrük rusumlarının həcminə də mənfi təsir göstərəcək".
Ekspert qeyd edir ki, bank kreditlərinin alınması problemə çevrildikdə lizinq xidmətlərinə ehtiyac yaranır: “Lizinq barədə çox danışmaq olar. Bir onu qeyd etmək olar ki, inkişaf etmiş ölkələrdə əsas vəsaitlərin yenilənməsinin təxminən 80%-i lizinq yolu ilə həyata keçirilir. Azərbaycanda lizinq bazarı çox zəifdir və lizinq xidmətlərinə tələbat çox azdır. Lizinq xidmətlərini inkişaf etdirmək lazımdır. Bu barədə də fikirləşməyin vaxtı çatıb”.
Mənbə: Milli.Az