İsveçin şəbəkə aparat təminatı istehsalçısı Ericsson şirkətinin proqnozuna əsasən, 2020-ci ilədək bəzi qabaqcıl avtomobil modellərində quraşdırılmış kompüterlərin işi üçün 5G şəbəkəsi tələb olunacaq. Ericsson şirkətinin texniki direktoru Ulf Edvaldson deyir ki, gələcək avtomobillər məcburi surətdə şəbəkə qurğuları ilə təchiz ediləcək, həm də artıq Ericsson şirkəti məlumatların simsiz ötürülməsi texnologiyasını avtomobillərə inteqrasiya etmək üçün həm AT&T kimi mobil operatorlarla, həm də avtomobil istehsalçıları ilə iş qurub. Milli.Az ICTnews-a istinadən bildirir ki, Edvaldsonun sözlərinə görə, avtomobillərin işıqlı gələcəyi mobil şəbəkələrin dəstəklənməsindən ibarətdir. O, həmçinin xatırladıb ki, Las-Veqasda keçirilmiş CES 2014 sərgisində şirkət bir sıra avtomobil şəbəkə həlləri nümayiş etdirib. Avtomobillərin avtonom sürülməsi sistemləri kimi perspektivli avtomobil texnologiyaları daha yüksək sürətlə ötürülən böyük həcmli məlumatlar tələb edir. Ericsson şirkətindən bildirilib ki, hərçənd 5G texnologiyaları hələ dəqiq texniki tərifə malik deyil, şirkət əmindir ki, onların bazasında bir çox avtomobil yenilikləri yaradılacaq. Şirkət əmindir ki, kommersiya 5G həlləri avtomobillərə təxminən 2020-ci ilədək inteqrasiya ediləcək.
Mənbə: Milli.Az