Qadin.NET / General Həzi Aslanovun doğum günü qeyd olundu

General Həzi Aslanovun doğum günü qeyd olundu

 

Bu gün Lənkəranda II Dünya Müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 104 illiyi adını daşıdığı xatirə parkında təntənə ilə qeyd edildi.Lənkəran şəhər İcra Hakimiyyətinin, ümumtəhsil məktəblərin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin, KİV-lərin və digər nümayəndələrin qatıldığı tədbirdə Azərbaycanı dünyada tanıdan general Həzi Aslanovun Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaətdən, qəhrəmanlıqlardan danışıldı. Rayon Ağsaqqallar Şurasının sədr müaviniSərhad Məmmədov Həzi Aslanovun Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaətdən, igidliklərdən danışaraq qeyd etdi ki, el oğlumuzun rəşadəti bu gün hamımız üçün böyük fəxarət, and yeridir. Bu gün Azərbaycan gəncləri Həzi kimi vətənpərvər, cəsur olmalı, vətəni onun kimi layiqincə qorumalıdırlar. Sərhad Məmmədov bildirdi ki, Həzi Aslanov 2-ci Dünya Müharibəsinin ən bacarıqlı, ən qüdrətli sərkərdələrindən biri olub. Onun müharibədə keçdiyi mətin və mübariz yol bu gün gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində böyük önəm daşıyan həyat məktəbidir. Tədbirin sonunda şəhər 3,4,5 və Sütəmurdov kənd tam orta məktəblərinin “Gənc aslanovçu”ların hazırladıqları “Həzi burada doğulub” adlı kompozisiya göstərildi. Bu gün Həzi Aslanovun adını daşıyan xatirə parkında onun əzəmətli abidəsi ətrafına toplaşan insanlar daha sonra qəhrəmanın ev muzeyinə gəlib genaralın döyüş yolundan bəhs edən qiymətli eksponatlarla tanış oldular. Ziyarətçilər arasında CTV şirkətinin kollektivi də var idi. Hər il olduğu kimi bu il də ənənəmizə sadiq qalaraq tank qoşunları general-mayoru Həzi Aslanovun büstü önünə CTV kollektivi adından əklil qoyduq. 
Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olur. 1942–ci il 22 dekabrda Sovet ittifaqı qəhrəmanı adına layiq görülən həmyerlimizi ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqi qəhrəmanı adına layiq görülüb.
Mənbə:Milli.Az
22 yanvar 2014
GO BACK