Nevroloq Sara Süleymanovanın sözlərinə görə, insan əsəb keçirən zaman daxili orqanlarına vurulan zərbələri başqa heç bir xəstəlik vura bilməz. Əsəb və hirsin daxildə boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır. İlk baxışda əsəb ürəyə təsir edirmiş kimi görüntüsü yaratsa da, əslində bütün orqanlar bu hissdən payını almış olur: "Əsəb elə bir haldır ki, o, konkret bir xəstəlik ortaya qoymur. Hər insanda fərqli əsəbdən yaranan xəstəliklər mütləq var. Sadəcə, bizlər həmin xəstəliklərin əsəbdən yarandığının fərqində olmuruq. Əsəb başdan-ayağa kimi insanı zədələyə bilər. Səs qısılması, yaxud tamamilə yox olması, səs tellərini idarə edən sinirlərin zədələnməsi, qırtlaq nevrozu, damar sərtliyi, əsəbiləşən zaman qolların və ayaqların keyiməsi, halsızlaşması, qarışqa gəzirmiş kimi hissiyat verməsi, həddindən artıq tərləmək, üşütmə, üz əzələlərinin iflici, ürəyin ritmsiz döyünməsi, əllərin, ayaqların buzlaması, baş ağrıları, bulantı, qusma, mədə ağrıları və s. kimi simptomlar əsəbin müxtəlif formalarda göstəriciləridir. Daxili əsəb boğazda boğulmalar yaradırsa, artıq vəziyyət daha da gərginləşib. Bu cür əsəb büruzə verilməyən əsəbdir. El arasında bəzən deyirlər ki, əsəbin vurub harandansa çıxacaq".
Nevroloqa görə, daxildən əsəbi çıxarmaq o demək deyil ki, insanlar arasında səs-küy salmaq, kimlərisə narahat etmək s. kimi hərəkətlər sərgilənməlidir. Düzgün yolla əsəb sakitləşdirmək, o travmadan bədəni ən az zədə ilə qurtarmaq vacibdir. Əks halda yığılan əsəb və kin bərpası çətin olan əsəb xəstəliklərinin yaranmasına zəmin yaradar: "Daxildə yığılan əsəb vəzi xəstəliklərin yaranmasına, eyni zamanda qətiyyən dil qüsuru olmayan insanın kəkələməsinə səbəb ola bilir. Bu cür halların müalicəsi olduqca çox zaman tələb edir".
Əsəblə yanaşı, bütün hisslərin, sevincin, kədərin, təəccübün insan orqanizminə müxtəlif təsirləri var. Əsəb yeganə hissdir ki, konkret olaraq bir orqana deyil, bütün bədənə təsir edərək onu sıradan çıxara bilir. Bu cür yüksək əsəb isə bir günün içində yaranmır. Gün keçdikcə ən kiçik problemlər belə insanı yükləyir. Bu da zamanla əsəbin qalaqlanmasına, bir müddət sonra isə insanın "partlamasına" gətirib çıxarır. Odur ki, mümkün qədər əsəbləri qorumaq, əsəbiləşdiyiniz an mütləq o əsəbi bədəndən çıxarmaq lazımdır. Əks halda o əsəbin hansısa orqana zərbə vurması ehtimalı böyükdür.
Mənbə: Ekspress.Az