Qadin.NET / Avtomobil kreditlərinin yoxluğu hara aparır?

Avtomobil kreditlərinin yoxluğu hara aparır?

 

“Media forum” saytı xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev bankların isterika vəziyyətində olduğunu bildirib: 
 “Banklara birdən-birə iki zərbə dəyib. Bir tərəfdən istehlak kreditlərinin şərtlərinin sərtləşdirilməsi, digər tərəfdən avtomobil kreditlərinin verilməsinə qadağanın qoyulması. Banklar ikincinin səbəbini tam izah edə bilmirlər. Mətbuatda isə qadağa ilə bağlı müxtəlif fikirlər səslənir. Əsas səbəb kimi problemli kreditlərin çoxluğu və avtomobil axınının şəhərlərdə tıxac problemi yaratması göstərilir.

Ancaq səbəblər nə əsaslıdır, nə də qadağa problemin həlli yoludur. Əgər avtomobil kreditlərinə görə problemli kreditlərin həcmi artırsa, bu problemi kredit şərtlərini sərtləşdirməklə həll etmək olar. Bunun üçün kreditə qadağa tətbiq etmək yersizdir. Həm də avtomobil kreditləri təminatlı sayılır, çünki kredit ödənməyəndə avtomobili satmaqla borcun qaytarılmayan hissəsini bərpa etmək olur. Tıxacların qarşısını almaq üçün maşın alış-verişini məhdudlaşdırmaq da çıxış yolu deyil. Tıxacların əsas səbəbləri başqadır: düzgün parklamanın olmaması, paytaxtın güclü miqrasiya axınına məruz qalması kimi məsələlər var”.
Ekspertin fikrincə, qadağanın uzun müddət davam etməsi ölkənin maliyyə sisteminə mənfi təsir göstərə bilər: “Söhbət bank sektorunun tənəzzülündən gedir. Avtomobil kreditlərinə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların çoxunun müflisləşmə ehtimalı yüksəkdir.
Bankların kredit portfelində istehlak kreditlərinin payı 40 faizə çatıb. Avtomobil kreditləri portfeldə əhəmiyyətli paya malikdir. Heç kimə sirr deyil ki, bir sıra bankların kredit portfelində avtomobil kreditlərinin payı daha yüksəkdir. Müflisləşmə ilk növbədə həmin bankları haqlayacaq. Kredit portfelini düzgün diversifikasiya etmiş banklar isə bu situasiyadan nisbətən az zərərlə çıxacaq.
Bank sektoru ilə yanaşı yenicə dirçəlməyə başlayan sığorta bazarı da böyük zərbə alacaq. Sığorta şirkətləri, xüsusilə kasko sığortası üzrə ixtisaslaşan şirkətlər zərərə düşəcək. 2013-cü ildə ölkə üzrə avtomobil nəqliyyatı vasitələrinin sığortasından təxminən 57 milyon manata yaxın sığorta haqqı yığılıb. Bu vəsaitin böyük hissəsi məhz kreditlə alınan avtomobillərin sığortalanmasından yığılıb. Avtomobil kreditlərinin dayandırılması nəticəsində sığorta bazarı həcmini 10 faiz itirə, öz portfelini diversifikasiya edə bilməyən sığorta şirkətləri isə bağlana bilər.
Müşahidələr göstərir ki, ölkədə hər üç yeni maşının ikisi kreditlə satılır. Ona görə banklardan da çox avtomobil satışı üzrə ixtisaslaşan şirkətlər zərbə alacaq. İtki gömrük rüsumlarının həcminə də mənfi təsir göstərəcək”.

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK