Qanaxma olduqca təhlükəli haldır, çünki orqanizmin itirdiyi qan həyati əhəmiyyət daşıyır.
Arterial qanaxma
Milli.Az-ın müsahibi cərrah Ayxan Səmədovun sözlərinə görə, arterial, venoz, kapillyar, parenximatoz, daxili və xarici, birincili və ikincili kimi qanaxma növləri var.
Arterial qanaxma arteriyanın zədələnməsi nəticəsində əmələ gələn qanaxmadır. Bu növ qanaxma o birilərə nisbətən çox təhlükəlidir. Arterial qanaxmanın özünə məxsus xüsusiyyəti burada qanın arteriyadan qüvvətli fəvvarə kimi çıxmasıdır. Bunun səbəbi arteriyadakı qanın həmişə yüksək təzyiq altında olması və ürəyin, yaxud nəbzin vurmasına müvafiq olaraq xaricə atılmasıdır. Arteriyadan çıxan qanın miqdarı, qan damarı axıradək kəsildikdə damarın böyüklüyündən, tamam kəsilmədikdə isə damarın divarında əmələ gələn yarığın böyüklüyündən asılıdır. Arteriya tamam kəsildikdə fəvvarə vuran qanın diametri qan damarının diametrindən kiçik olur. Çünki arteriya kəsildikdən sonra əzələ qatının yığılması nəticəsində onun diametri kiçilir. Böyük arteriya kötükləri burada müstəsna hal təşkil edir. Böyük arteriya kötüklərinin daralması axan qan sütununun ölçüsünə nəzərəçarpacaq təsir göstərmir. Kiçik arteriyalarda həmin daralma nəticəsində qanaxma tamam dayana bilər.
Ölüm təhlükəsi
A.Səmədov qeyd edib ki, arterial qanaxmada qanın özünəməxsus rəngi olur. Arterial qanın tərkibində çoxlu oksigen var. Ona görə arterial qanın rəngi al-qırmızıdır. Bu növ qanaxmanın bir xüsusiyyəti də ondan ibarətdir ki, qan damarını yara ilə ürəyin arasında hər hansı bir yerdən sıxdıqda qanaxma dərhal dayanır. Yalnız yan şaxələri çox olan arteriyalarda qanaxmanı belə sıxmaqla dayandırmaq mümkün olmur, çünki qan kollateral yolla arteriyanın aşağı hissələrinə keçə bilir: “Arterial qanaxma zamanı insan qısa müddət ərzində, bir neçə dəqiqəyə çox qan itirib ölə bilər. Ümumi yuxu arteriyasından və bud arteriyasından qan axdıqda xəstə beş dəqiqə ərzində dünyasını dəyişir”.
Venoz qanaxma
Cərrah deyir ki, venoz qanaxma arterial qanaxmaya nisbətən çox təhlükəli deyil. Yalnız ürəyə yaxın olan böyük vena kötüklərindən axan qan pis nəticə verə bilər. Venoz qanaxma zamanı qan venadan fəvvarə şəklində çıxmayıb bərabər və fasiləsiz dalğalarla tökülür. Bunun səbəbi venoz sistemdə təzyiqin az və ya mənfi olmasıdır. Döş qəfəsinə yaxın olan böyük venalar yaralandıqda çıxan qan sorucu tənəffüs hərəkətlərinin təsiri nəticəsində nəbz kimi vurğu ilə, dalğalarla axır. Venoz qanın tərkibində çoxlu karbon qazı olur. Ona görə bu qanın rəngi tünddür. Vena yaradan aşağı sıxıldıqda qanaxma dayanır, yuxarı sıxıldıqda isə daha da şiddətlənir. Xırda venalardan qanaxma venanın nazik divarlarının yumulması nəticəsində öz-özünə dayana bilər:
“Bədənin bir hissəsi, yaxud müəyyən bir ətraf aşağı sallandıqda kiçik venalardan gələn qanaxma özü də şiddətli olub ölümlə nəticələnə bilər. Aşağı ətrafların varikoz venaları buna misal ola bilər. Venoz qanaxma müxtəlif səbəblər nəticəsində toxumalarda qan durğunluğu əmələ gəldikdə də şiddətli olur. Böyük venalardan qanaxma hava emboliyası və çoxlu qanitirmə ilə nəticələndiyi üçün olduqca təhlükəlidir. Belə qanaxma bəzən ölümlə də nəticələnir. Böyük venalardan qan elə sürətlə axır ki, həkim ilk yardım göstərməyə belə, imkan tapa bilmir”.
Hava venaya keçəndə
Hava venaya keçəndə
A.Səmədov bildirib ki, hava emboliyası olduqca qorxuludur: “Hava venaya keçərkən zəif fit səsi eşidilir. Xəstə dərindən nəfəs aldıqda və vena ürəyə yaxın olduqda bu səs daha aydın eşidilir. Yaranın ağzı bağlanana qədər, xəstə hər dəfə nəfəs alarkən, səs təkrar olunur. Sonra xəstənin rəngi dərhal solur, bütün bədən titrəməyə başlayır, təngnəfəslik, soyuq tər müşahidə edilir. Xəstənin nəbzi zəifləyir, yavaşıyır, özünü narahat hiss edir, şüurunu itirir və ölür. Emboliya zamanı ürəyi dinləyərkən yarıya qədər dolu olan şüşə qabda hərəkət edən, çalxalanan, tökülən su səsi gəlir. Yüngül hallarda, hava venaya az daxil olduqda, yaranın ağzı tez bağlandıqda xəstə adətən tezliklə özünə gəlir və özünü yaxşı hiss edir. Lakin bəzən xəstənin dirilməsi müvəqqəti və aldadıcı olur. Ürəyi getmiş xəstə oyanır, döşünün sıxılmasından şikayətlənib birdən-birə ölür.
Kapillyar və parenximatoz qanaxma
Cərrahın dediyinə görə, kapillyar qanaxma ən kiçik qan damarlarından (kapillyarlardan) olur. Burada qanın hansı damardan axması görünmür. Qan damcı-damcı sızıb yaranın üzünə çıxır. Kapillyar qanaxma bütün yaralarda və bütün qanaxma növlərində müşahidə edilir. Yalnız arterial və venoz qanaxma olmadıqda və ya bu növ qanaxmalar zəif olduqda (yəni yüngül yaralarda) kapillyar qanaxma müstəqil xarakter daşıyır, ayrıca bir qanaxma növü kimi davam edir. Kapillyar qanaxma adətən öz-özünə dayanır: “Parenximatoz üzvlərin – qaraciyər, dalaq, böyrək, ağciyər və həmçinin mağaralı toxuma tipində qurulmuş üzvlərin yaralanması nəticəsində əmələ gəlir. Parenximatoz qanaxmada qan yaranın bütün səthindən və damcı-damcı deyil, tam bir kütlə halında axır. Ona görə parenximatoz qanaxma həyat üçün təhlükəlidir. Qaraciyər, dalaq və böyrək kimi üzvlərdən axan qanı kəsmək olduqca çətindir. Bunun xüsusi üsulları var”.
Daxilə axan qan
A.Səmədov vurğulayıb ki, qanın yaradan xaricə axması xarici qanaxma, toxumaların içinə axması isə daxili qanaxma sayılır. Xarici qanaxma açıq zədələnmə, yəni yaralanma nəticəsində əmələ gəlir. Yaranın yolu - yara kanalı dar olduqda (deşilmiş və deşilib kəsilmiş yaralarda, güllə yaralarında) və qan müəyyən bir üzvün, yaxud qan damarlarının zədələnməsi nəticəsində boşluğun dibinə toplandıqda daxili qanaxma əmələ gəlir. Daxili zədələnmədə, qan orqanizmin daxilində yumşaq toxumalara, orqanizmdəki müxtəlif boşluqlara, oynaq boşluqlarına və bəzən üzvlərin özlərinə axır.
Boşluqlara və üzvlərə yığılan qan xaricə çıxmaq üçün yol tapmadıqda bu növ daxili qanaxma gizli daxili qanaxma sayılır. Qan xaricə axa bildikdə isə bu növ daxili qanaxmaya açıq daxili qanaxma deyilir: “Qanın travma vurulan kimi, zədələnmə əmələ gələn kimi dərhal və bilavasitə axması birincili qanaxma, travmadan, yaxud əməliyyatdan bir neçə saat və ya bir neçə gün sonra axmasına isə ikincili qanaxma sayılır”.
Qanaxmanı necə dayandırmalı
Cərrahın söylədiyinə görə, qanaxmanı dayandırmaq üçün bir çox üsullar tətbiq olunur. Ancaq bunlardan qanaxmanı müvəqqəti, yaxud ilkin dayandırmaq üsulu və qanaxmanı qəti dayandırmaq üsulu geniş tətbiq edilir. Birinci üsul hələ xəstəxanaya aparılmamış xəstəni qanaxmadan xilas etmək üçün görülən təcili və müvəqqəti tədbirlərdəndir. Bu üsul təsadüfi yaralanmalarda daha çox tətbiq edilir, ilk yardım xarakteri daşıyır. Şiddətli arterial qanaxmanı təcili surətdə dayandırmaq üçün əsas arteriya kötüklərini barmaqla sıxmaq üsulu tətbiq edilir. Bu üsula görə, müəyyən bir arteriya kötüyü barmaqla qan axan yerin üstündən skelet sümüklərinə basılır. Arteriya müəyyən anatomik nöqtədə, arterial kötük səthi və sümüyə yaxın olan yerdə sıxılır. Damarı elə sıxmaq lazımdır ki, arteriyanın yarığı tamamilə qapanmasın. Toxumaların xüsusiyyətindən, yaranan anatomik vəziyyətindən və sair şərtlərdən asılı olaraq, qanaxmanı asan, sadə yolla dayandırmaq məqsədi ilə damarın yara daxilində sarınması, damarın burulması, damarın ətraf toxumalarla bir yerdə sarınması kimi üsullar tətbiq olunur. Damarı yaranın daxilində sarımaq mümkün olmadıqda, zədələnmiş yerdən yuxarıda baş arteriya kötüyü sarınmalıdır. Yüksək temperatur qan damarlarını daraltdığı üçün onların yarıqları qapanır və qanaxma dayanır. Temperatur çox yüksəyə qaldırıldıqda toxumaların zülalı qanın içərisində laxtalanır və bunun sayəsində qanaxma dayanır:
“Bəzən qanaxmanı dayandırmaq üçün qan kəsən müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr yarımxlorlu dəmirdən və sair maddələrdən ibarətdir. Bu maddələr qanı sürətlə laxtalandırır və əmələ gələn qan laxtası damarın mərkəzini tutur”.
Qanaxmanı dayandıran kəmər
Qanaxmanı dayandıran kəmər
Cərrah deyib ki, qanaxmanı müvəqqəti dayandırmaq üçün Esmarx kəmərindən geniş istifadə edilir. Uzunluğu bir metr olan bu elastik rezin boru arterial qanaxmanın dayandırılmasına kömək edir. Esmarx kəməri qan axan yerdən yuxarıya qoyulub, qan tamam kəsilənədək sıxılır. Bu kəmərin köməyi ilə ən qorxulu qanaxmanı saxlamaq mümkün olur.
Mənbə: Milli.Az