Qadin.NET / Bakıda bu il istifadəyə veriləcək yeni metrostansiya belə olacaq

Bakıda bu il istifadəyə veriləcək yeni metrostansiya belə olacaq

 

Bu il istifadəyə veriləcək “Avtovağzal” metrostansiyasında işlər artıq yekunlaşmaq üzrədir. Hazırladığımız reportaj zamanı şahid olduq ki, stansiyanın tikintisi tamam yekunlaşıb. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hazırda stansiyanın içərisi təmir olunur.Artıq stansiyada avadanlıqlar quraşdırılıb. Ərazinin sahə rəisi Rəfael Mehdiyev açıqlamasında bildirib ki, bu stansiya digər metro stansiyalarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir.

“Yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Yeni stansiyalarda platformaların uzunluğu 144 metr olacaq. Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq.
Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb”, - deyə Rəfael Mehdiyev vurğulayıb.
Belə ki, metroda ventilyasiya sistemi ilə yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcəklər. Eskalatorlardan əlavə liftlər və travilatorlar quraşdırılacaq.
Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. 4 mərtəbədən ibarət olan stansiya binasının 7 giriş-çıxışı olacaq.
Stansiyada çıxışların biri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, digəri isə içərisindədir. İkinci və üçüncü çıxış şəhər istiqamətində, digər iki çıxış isə şimal istiqamətindədir. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.
Digər çıxış isə köməkçi rolunu oynayır. Stansiyada çıxışların uzunluğu 6 metrdir. Lakin ən uzun tunel çıxışının uzunluğu isə 200 metrdir. Tunel yeni istifadəyə verilmiş I Bakı Dairəvi yolunun altından keçir.
Bu tunelin bir çıxışı Beynəlxalq Avtovağzalın içərisinə, digəri isə avtobus dayanacağına, bir istiqaməti isə şimala təfər çıxır.
“Avtovağzal” metrostansiyasının istifadəyə verilməsinə gəlincə, işlər bu ilin ortalarında başa çatacaq. Dəqiq məlumat verilməsə də, yeni stansiyanın may ayına qədər istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda 23 stansiyası olan Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilə qədər 3 dəfə çoxalacaq. Bakı Metropoliteninin perspektiv inkişaf planına görə, yaxın 25 ildə stansiyaların sayının 68-ə, 2040-cı ilədək 70-ə çatdırılması planlaşdırılır. Bu, paytaxtın mərkəzi hissələrinin tamamilə, şəhərin ətraf ərazilərinin isə qismən metro xəttilə əhatə olunması deməkdir. 
Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK