Qadin.NET / 20 Yanvar günü onun da qiymətini qaldırarlarmı?

20 Yanvar günü onun da qiymətini qaldırarlarmı?

 

20 Yanvar günü şəhidlərin məzarını ziyarət etmək üçün qərənfil almaq istəyən vətəndaşlar güllərin qiymətinin bahalaşmasından şikayətləniblər. 

Əməkdaşımız Şəhidlər xiyabanından kənarda paytaxtda nələrin baş verdiyini öyrənmək üçün kiçik bir müşahidə aparıb. Paytaxtda, demək olar ki, hər addım başı qərənfil satana rast gəlinirdi. 20 Yanvarda qərənfil güllərinin daha çox alındığını bilən işbazlar bu güllərin qiymətini qaldırıblar.
Hər zaman 20 qəpiyə satılan qərənfilin qiyməti indi 30-50 qəpik idi. Səbəb kimi isə hər zamankı kimi bu güllərin az qaldığı və tükənmək üzrə olduğu göstərilir. Metronun “Elmlər Akademiyası” yaxınlığında qərənfil satan Əli adlı şəxs deyir ki, bu gülləri daha çox 20 Yanvarda alırlar. Ona görə də, qiyməti artırıblar: “Bizim də qazancımız yalnız 20 Yanvar günündə olur. Könül istərdi ki, buradan keçən hər kəsə bu gülləri pulsuz verək. Aparıb şəhidlərimizin məzarı üstünə qoysunlar. Amma biz də pul qazanmalıyıq. Mənə hər güldən cəmi 10 qəpik qalır”.
“Elmlər Akademiyası”ndan Şəhidlər xiyabanı istiqamətində işləyən avtobuslarda 20 Yanvar günü gedişın pullu olub-olmadığını soruşduq. Konduktor bildirdi ki, avtobuslarda gediş haqqı həmişəki kimi 20 qəpiyədir. Yəni 20 Yanvar günü üçün xüsusi bir güzəşt edilmir. Metroda da gediş pullu idi. 
Metronun bütün stansiyalarında qərənfillər düzülmüşdü və ağılar səsləndirilirdi. “20 Yanvar” stansiyası isə xüsusilə seçilirdi. Bu stansiyanın döşəməsində qərənfillərdən ay-ulduz, butalar və 20 Yanvar qanlı tarixini əks etdirən müxtəlif simvollar təsvir edilmişdi. 
Paytaxtdakı restoranlar da öz işində idi. Baş çəkdiyimiz bir neçə restorandan bidirdilər ki, işləsələr də, musiqi olmayacaq. 
Onu da öyrəndik ki, 20 yanvar günü paytaxtda hər hansı toy və şənlik nəzərdə tutulmayıb. 
Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK