Qadin.NET / Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

 

Varşava Universitetində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Həsən Həsənov, səfirliyin əməkdaşları, Polşada fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin sədri Şəhla Kazımova və Varşava Universitetinin tələbələri iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan Ş.Kazımova iştirakçıları salamlayaraq sözü H.Həsənova verib. Səfir 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində tutduğu yerdən, əhəmiyyətindən söhbət açıb.

O, çıxışı zamanı SSRİ-yə məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayət və Azərbaycan xalqının öz azadlığı uğrunda göstərdiyi şücaət haqqında tələbələrə geniş məlumat verib.
Səfir, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum dörd qətnaməsinə baxmayaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu gün də davam edir və beynəlxalq birlik təcavüzkara qarşı hər hansı bir tədbir görmür.
Çıxışından sonra H.Həsənov tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Tədbirin sonunda "Azərbaycanfilm"in istehsalı olan 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film, faciəni əks etdirən fotoşəkillər nümayiş olunub.

Mənbə: Milli.Az

20 yanvar 2014
GO BACK