Bu gün 59-cu “Eurovision” mahnı müsabiqəsinin ev sahibliyini edəcək Danimarkanın paytaxtı Kopenhagendə püşkatma mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdən öncə Kopenhagenin müsabiqənin ev sahibi şəhəri kimi təqdimatı keçirilib. Daha sonra mərasimin aparıcıları bu ilin müsabiqənin püşkatmasının qaydalarını izah ediblər. Onlar bildiriblər ki, Danimarkanın qonşuları İsveç və Norveç əvvəlcədən müəyyən olunduğu kimi müvafiq olaraq 1-ci və 2-ci yarımfinallarda mübarizə aparacaqlar. Bu addım hər iki ölkədən gələcək azarkeşlərin sayın çox olması və digər ölkələrdən olan azarkeşlər üçün biletlərin saxlamasının vacibliyi ilə əlaqələndirilib. Eyni zamanda bildirilib ki, qonşu ölkələrin bir-birinə səs verməsinin qarşısını almaq üçün ölkələr 6 səbətə bölünüb. Azərbaycanın adı Belarus, Gürcüstan, Rusiya və Ukrayna ilə birlikdə 3-cü səbətə salınıb.
Daha sonra püşkatma keçirilib və nəticədə Azərbaycan təmsilçisinin 1-ci yarımfinalın birinci hissəsində İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacağı məlum olub.Birinci yarımfinalın ikinci hissəsində isə Belçika, Macarıstan, Moldova, Monteneqro, San Marino, Portuqaliya, Niderland və Ukrayna mübarizə aparacaq.