Yanvarın 20-dən 22-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, havanın temperaturu 4-6 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah gecəyə doğru Bakıda şimal küləyi əsməyə başlayacaq. Yanvarın 19-u günün ikinci yarısından başlayaraq, ölkə üzrə havanın temperaturunun azalması müşahidə ediləcək. Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir bir qədər güclənəcək. Bakıda və Abşeron yarımadasında yanvarın 19-da havanın temperaturunun gecə 2-5, günün birinci yarıısnda 10-15 dərəcə isti, axşama doğru 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır. Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər hava tutqun olacaq, şimal küləyi əsəcək, havanın temperaturu 5 dərəcə isti təşkil edəcək. Gündüz buludlu hava şəraitinin davam edəcəyi, günün ikinci yarısında havanın az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi arabir güclənəcək. Havanın temperaturu 5 dərəcəyədək isti olacaq. Axşam havanın arabir yağıntılı olacağı gözlənilir, şimal küləyi əsəcək. Temperatur 3 dərəcəyədək isti olacaq. Yanvarın 19-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yanvarın 20-də Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Balakən-Şəki zonasında yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyə qədər şaxta olacaq.
Mənbə: Trend.Az