Milli.Az El TV-yə istinadən xəbər verir ki, son zamanlar peyvəndlərin tərkibi ilə bağlı yayılan şayiələr valideynlər arasında çaşqınlığa səbəb olub. Bunu əsas gətirən bəzi valideynlər peyvəndin vurulduğu 1 sutka ərzində bəzi uşaqlarda qızdırma və allergik reaksiya hallarının baş verdiyini də bildirirlər. Lakin bu halın 24 saatdan artıq sürməyən keçici bir narahatçılıq olduğunu qeyd edən Göyçay rayon Poliklinikasının sahə həkimi Sevda Abdullayeva bunun uşaqları peyvənddən yayındırmaq üçün səbəb olmadığını bildirib.
Peyvəndlənmə, əsasən, doğum evindən başlanır. Doğum evində ilk 12 saat ərzində hepatit əleyhinə peyvənd vurulur, 3-cü və 5-ci günlərdə isə müvafiq vaksinasiya işləri görülür. Digər əsas peyvəndlər körpənin 2 aylığından başlayaraq 1 yaş yarımınadək vurulur. Dekabrın 1-dən Səhiyyə Nazirliyinin əmri ilə Belçikadan gətirilmiş yeni peyvəndin - pnevmakok əleyhinə peyvəndin vurulmasına start verilib.
Qeyd edək ki, pnevmakok əleyhinə peyvənd uşaqları ağır pnevmaniya, meningit, orta qulağın iltihabı, bronxit və sinusit kimi xəstəliklərdən qoruya bilər. Bu xəstəliklərə qarşı peyvənd 2,4,6 aylıq körpələrə vurulur. Həkimin sözlərinə görə, difteriya, tetanus kimi ağır xəstəliklərə qarşı peyvənd vaxtında vurulmazsa, adıçəkilən xəstəliklərin yayıldığı vaxtda uşaqlar müdafiəsiz qalacaqlar. Sahə həkimi onu da deyib ki, hər bir uşağa individual olaraq ayrıca peyvənd flakonu açılır və peyvəndlənmə steril şəraitdə həyata keçirilir. Əvvəllər uşaqlarının peyvənd olunmasından ehtiyat etdiyini deyən valideyn Lalə Babayeva da narahatçılığa əsas olmadığını vurğulayıb.
Mənbə: Milli.Az