Xarici ölkələrdə məskunlaşmış ermənilərin diaspor təşkilatlarının fəallığı səngimir. Bu dəfə Çində yaşayan bir dəstə erməni ayrıca, əlahiddə qurum yaradaraq diasporun fəaliyyətinə "töhfə"lər vermək, Ermənistanla əlaqələri sıxlaşdırmaq niyyətinə düşüb.Bu ilin noyabr ayının 9-da Çin Xalq Respublikasının Honqkonq xüsusi inzibati ərazisindəki Tonic Industrial Center 26 Kai Cheung Road, blok A, mənzil A8 ünvanında ermənilərin "Jack & Julie Maxian Hong Kong Armenian Center" adlı yeni mədəniyyət mərkəzi fəaliyyətə başlayıb.Redaksiyamıza daxil olan məlumata görə, sözügedən mərkəzin açılış mərasimində müxtəlif ölkələrdən gəlmiş təxminən 100-ə yaxın erməni iştirak edib.Açılış mərasimində fəxri qonaqlar qismində bütün ermənilərin katolikosu II Qaregin, Ermənistanın Çin Xalq Respublikasındakı səfiri Armen Sarqsyan, Ermənistanın Taylanddakı fəxri konsulu Arto Artinyan, habelə Çində təhsil alan erməni mənşəli tələbələr və müxtəlif iş adamları iştirak ediblər.Açılış tədbirində çıxış edən Ermənistanın Çin Xalq Respublikasındakı səfiri Armen Sarqsyan bu mərkəzin vətənlərindən kənarda yaşayan ermənilərin bir yerə yığışmasında mühüm rol oynayacağını vurğulayıb. Daxil olan məlumata görə, mərkəz uzun illər Çin Xalq Respublikasında yaşayan, milliyyətcə erməni iş adamı Cek Maksiyan soyadlı şəxsin maliyyə dəstəyi hesabına yaradılıb.Mərkəzdə Ermənistan tarixini və mədəniyyətini əks etdirən məlumat guşələrinin yer alacağı, eyni zamanda erməni dilinin tədrisi, dini mərasimlərinin, o cümlədən müxtəlif bayram və anma tədbirlərinin keçirilməsi planlaşdırılır.
Mənbə: Milli.Az