Bakının ictimai nəqliyyatında gec də olsa, gediş haqqının kart sistemi ilə ödənməsinə başladı. Hələlik bir neçə avtobusda tətbiq olunan ödəniş sisteminin tədricən bütün avtobuslara şamil ediləcəyi dəqiqdir.Kart sisteminə keçidə cəmi bir neçə gündür başlansa da, maraqlı təkliflər verilir. İqtisadçı Vüqar Bayramov kart sisteminə keçidlə əlaqədar olaraq, dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da müəyyən kateqoriya insanlar üçün güzəştlərin tətbiq edilməsini təklif edir.İqtisadçı Milli.Az-a açıqlamasında bildirdi ki, kart sistemində tələbələr, pensiyaçılar, şəhid və milli qəhrəman ailələri üçün güzəştlərin tətbiq edilməsi mümkündür. Bu imkan verəcək ki, həmin kateqoriyaya aid olan insanlar güzəştlə nəqliyyatdan istifadə edə bilsin. Bu gün inkişaf etmiş ölkələrdə oxşar praktikadan istifadə olunur.V.Bayramov hesab edir ki, yalnız gündəlik deyil, həftəlik, aylıq, illik dövrü əhatə edən kartların tətbiqi vacibdir. Bu yolla vətəndaş uzunmüddətli kart almaqla müəyyən endirimlər əldə etmiş olacaq, eyni zamanda nəqliyyat şirkəti vətəndaşı uzunmüddətli kart almağa stimullaşdırmaqla daha çox vəsaiti qısa zamanda cəlb etmək imkanı qazanacaq. Bu yolla nəqliyyat şirkətləri qısa zamanda cəlb etdikləri pulları idarə etmək imkanı əldə edəcək.İqtisadçı güzəştlərlə yanaşı Avropa ölkələrində olduğu kimi kartla yanaşı, elektron jetonların nəqliyyatda istifadəsini təklif edir: “Bu, ona görə vacibdir ki, nəqliyyatdan çox az istifadə edən şəxslərə biletlərin baha qiymətə satılması təklif edilir. Məsələn, Türkiyədə tramvayda gedişhaqqı jetonla 3 lirədirsə, kart alanlar isə daha ucuz gedişhaqqı əldə edirlər. Adətən turistlər və şəhərin qonaqlarına kartdan istifadə etməkdə maraqlı deyil. Onlar yalnız jeton almaqla qısa zamanda nəqliyyatdan istifadə edərlər. Azərbaycan da oxşar praktikanı tətbiq etməklə turist və şəhərin qonaqlarına nisbətən baha qiymətə gerişhaqqı təklif edib sata bilər. İctimai nəqliyyatda kartla gedişhaqqı 20 qəpikdirsə, birdəfəlik jetonlarla 40 qəpik müəyyənləşdirilməsi mümkündür. Bu yolla da nəqliyyat şirkətləri daha çox vəsait əldə etmiş olur.V.Bayramov qeyd etdi ki, təkliflər daha çox beynəlxalq praktikaya əsaslanır: “Bunlar nəzəri yox, praktik təkliflərdir. Əgər Azərbaycan nəqliyyat sektorunda Avropa və beynəlxalq standartları tətbiq etməyi hədəfləyibsə, həmin ölkədə praktik təkliflərin reallaşması mümkündür. Güman edirəm ki, Azərbaycan qısa zamanda beynəlxalq praktikanı nəqliyyat sektoruna tətbiq edəcək”.Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Nazirlik rəsmisi Namiq Həsənovla dəfələrlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Mənbə: Milli.Az