Anspress yazır ki, bu il 20 Yanvar faciəsinin 24 ili tamam olur. Amma bu illər ərzində biz 20 yanvarı dünyaya tanıda bilmədik. Bizimlə eyni ağrı-acını yaşayan Litvanı isə dünya tanıdı. Hansı ki, bizdən bir il sonra - 1991-ci ilin yanvarın 13-də Sovet Qoşunları bu ölkəyə də qüvvə yeritmiş, ALFA qrupunun və zirehli texnikanın köməyi ilə Vülnusdə də Teleqüllə ələ keçirilmişdi. Nəticə bizdən qat-qat yüngül idi. Bizdəki 612 yaralı, 132 ölüyə rəğmən Vilnüsdə az sayda yaralanan, cəmi 14 nəfər də ölən vardı. Amma onlarda faktla bağlı qaldırılan cinayət işi bizdəki kimi dolaşıqlığa düşmədi.
Hadisədə əli olan Rusiya və Belorus vətəndaşları, Litva SSR Kommunist Partiyasının bir neçə funksionerləri azadlıqdan məhrum edildi. Bu gün Vilnüs NATO-nun, Avropa İttifaqının üzvüdür. Yəni qılıncının dalı da kəsir, qabağı da. Şəhidlərinin ruhu da yəqin çoxdan dinclik tapıb. Azərbaycanda isə bu məsələyə görə günahı olan bircə nəfərin də burnu qanamayıb. Faktla bağlı qaldırılan cinayət işi də dalana dirənib. Niyə sualına 24 ildir ki, eyni cavabı eşidirik. Cinayət işi SSRI-nin Baş Prokurorluğunda qaldırıldığından 68 cildlik cinayət İşinin materialları Moskvaya aparılıb və bu materialların Azərbaycana qaytarılması haqda Azərbaycan tərəfinin sorğularına düz 24 ildir ki, Rusiya hüquq mühafizə orqanları cavab vermir. Bəs onda biz nəyi gözləyirik? Niyə Beynəlxalq Məhkəmələrə müraciət etmirik? Söhbət etdiyimiz politoloqlardan da təxminən eyni cavabı eşitdik.
Məsələn, Rasim Ağayev də düşünür ki, bu məsələ Avropa məhkəməsinə daşınmalıdır. Politoloq Qabil Hüseynli isə deyir ki, bunu dövlət, siyasət adamları, ziyalılar etməli və "20 Yanvar"ın tanıdılması Azərbaycanın siyasi gündəmində möhkəm yer tutmalıdır. Fikrət Sadıqova görə isə Beynəlxalq Məhkəmədən də qabaq təbliğata - xarici dildə kitab və filmlərə yer verməliyik. Görürsünüz, hələ də ortaq bir məxrəcə gələ bilmirik. 24 ildir ki, danışır, özümüz deyib, özümüz eşidirik. Halbuki, bunu dünyanın eşitməsinə çalışmalıyıq. Bu gül kimi həqiqəti həm özümüz, həm də dünyanın etiraf etməsi üçün 24 il çox böyük müddət deyilmi?
Mənbə: Milli.Az