El arasında belə bir deyim var ki, “Gözəllik qurban tələb edir”. Xüsusilə müasir dövrdə insanlar gözəl görünmək naminə xarici görünüşlərinə xələl gətirən amillərdən qurtulmaq üçün hər “işgəncəyə” dözürlər. Onlar estetik görünüşlərini qorumaq məqsədilə zaman-zaman bədənlərinə şüa yeridilməsi, iynə ilə deşilməsi kimi əzablardan keçirlər. İstər qadınlar, istərsə də kişilər arzu olunmayan tüklərdən xilas olmaq və gözəl görünmək üçün mümkün olan hər yola əl atırlar. Bu yollardan ən geniş istifadə olunanı isə lazer epilyasiyasıdır. Epilyasiya dünya ölkələrində olduğu kimi Azərbaycanda da insanların arzu olunmayan tüklərdən qurtulmaq üçün istifadə etdiyi ən önəmli vasitələrdən sayılır. Qadınlarla yanaşı, kişilərin 10-20 faizi istənməyən tüklərdən qurtulmaq üçün bu üsula müraciət edirlər.
Ümumiyyətlə epilyasiya nədir və orqanizmdə hansı fəsadlar yarada bilər? Epilyasiya ilə tüklərdən birdəfəlik qurtulmaq mümkündürmü? Müasir dövrün gözəllik kəşfləri insan orqanizmində nə qədər risk yaradır?
Tüklər birdəfəlik məhv olmur
Məlumat üçün bildirək ki, alimlərin araşdırması nəticəsində məlum olub ki, insan orqanizmindəki tüklərin kökünü birdəfəlik kəsmək və onlardan qurtulmaq mümkün deyil. Əvvəllər tədqiqatçılar düşünürdülər ki, tük follikulunu məhv etməklə onlardan birdəfəlik xilas olmaq olar. Amma sonradan məlum oldu ki, bu üsul istənməyən tüklərdən qurtulmaq üçün yetərli deyil. Belə ki, 80-ci illərin əvvəllərində holland alimi, cərrah Bouman cərrahi əməliyyat vasitəsilə bir qadının qoltuqaltındakı tükləri follikullar və tük hüceyrələrinin böyüyüb çoxaldığı qatla birlikdə götürür. Lakin bir müddət sonra tüklər yenidən çıxmağa başlayır. Yalnız 14 ildən sonra Pensilvaniya universitetinin alimləri bu məsələni aydınlaşdırırlar. Məlum olur ki, tüklərin çıxmasına səbəb onların rüşeym hüceyrələridir. Bu hüceyrələr tük köklərinin ətrafında və piy vəziləri ilə əzələlər arasında yerləşir. Orqanizmdə follikul tam məhv olsa belə, orada rüşeym hüceyrələri varsa, tüklər mütləq yenə də bitəcək. Yəni kosmetoloqlar yaxşı nəticə əldə edə bilmək üçün yalnız tük köklərini yox, həm də onun rüşeym hüceyrələrini məhv etməlidirlər.
Lazer epilyasıyasının çatışmayan cəhətlərindən biri də odur ki, bu vasitə ilə rüşeym hüceyrələrini məhv etmək mümkün deyil. Çünki bu hüceyrələr rəngsiz olduqları üçün lazer şüası onları görmür və bu zonaya daxil ola bilmir. Nəticədə müəyyən müddətdən sonra tüklər yenidən çıxmağa başlayır. Epilyasiyadan sonra yeni çıxan tüklər nazik və qısa olduğu üçün nəzərə çarpmadan özü tökülür. Amma bir müddət sonra bu tüklər yenidən əvvəlki vəziyyətində çıxmağa başlayır.
Epilyasiya zərərlidir
Bu mövzuda araşdırma aparan türk Plastik Cərrah Serdar Bete mətbuata açıqlamasında istənməyən tüklərdən qurtulmaq üçün istifadə edilən bu vasitələrin tibbdə qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, epilyasiyanın insan orqanizminə nə qədər xeyri varsa, bir o qədər də ziyanı olur: “Epilyasiya nəticəsində estetik baxımdan müsbət nəticələr alına bilər, amma insanlar bilməlidir ki, gözəlləşmək uğrunda bədənlərində çox böyük fəsadlar yarada bilərlər. Lazer epilyasiyası da, digər vasitələr kimi zərərsiz deyil. Ümumiyyətlə bədənə çöldən əlavə yüklənən hər nə olursa-olsun orqanizmə ziyanlıdır. Bir neçə il bundan öncə lazer vasitəsilə üz gərilirdi, qırışları düzəldilirdi. Lakin sınandıqdan sonra məlum oldu ki, lazer dərinin quruluşunu pozur və bu üsuldan imtina etdilər. İnsanlar bilməlidirlər ki, belə vasitələr, hər nə olursa olsun, orqanizmdə ciddi fəsadlar yaradır”.
Epilyasiya harada edilə bilər?
Dermatoloq Vəfa Aslanova “Kaspi”yə açıqlamasında bildirdi ki, lazer epilyasiyasının yaratdığı fəsadlarla bağlı hələ ciddi araşdırma aparılmayıb və bu üsul o qədər də təhlükəli deyil. Onun sözlərinə görə, epilyasiya edən həkimin bu mövzuda məlumatlı olması çox əhəmiyyət daşıyır: “Epilyasiya zamanı əgər cihaz doğru seçilməzsə, doğru alətlərdən istifadə olunmazsa və ya əməliyyatı aparan şəxs bu sahədə təcrübəli deyilsə orqanizmdə ciddi fəsadlar yarada bilər. Ən əsası dəridə ciddi yanıqlar və sağalmaz ləkələr əmələ gələ bilər. Bu səbəbdən epilyasiya adi gözəllik salonlarında yox, estetik mərkəzlərdə, klinikalarda edilməlidir. Çünki bu kimi mövzularda əmin əllərdə, doğru mütəxəssislərlə, dermatoloqlarla, plastik cərrahlarla görüşüb sonradan əməliyyatları etdirməyə qərar vermək lazımdır.
Epilyasiya tükləri çoxaldır?
Araşdırmalarımız nəticəsində məlum olur ki, ölkədə fəaliyyət göstərən gözəllik salonlarının əksəriyyətində lazer epilyasiyası tətbiq edilir. Hər salon müxtəlif qiymətlər və reklamlarla insanları özlərinə cəlb edirlər. Bu salonlardan birində epilyasiya elətdirən Türkan nəticədən razı deyil. O, iddia edir ki, epilyasiyadan sonra tüklər azalmaq əvəzinə çoxalır: “Üz nahiyəmdə olan tüklərdən qurtulmaq məqsədilə salona getdim. 50 manat pul ödədikdən sonra üzümdəki müəyyən tüklər aparatla yandırıldı. Lakin ikinci ay tüklər azalmaq əvəzinə çoxalmağa və codlaşmağa başladı. Üstəlik üzüm də səpmişdi”.
Məsələyə münasibət bildirən kosmetoloq Zinyət Süleymanova epilyasiyada belə halların normal olduğunu bildirdi: “Bəzi insanlarda birinci proseduradan sonra bellə hallarla qarşılaşmaq çox təbiidir. Çünki şüa insanın daxilindəki ölü hüceyrələri oyadır və bunlar da bir neçə aydan sonra tüklənməyə səbəb olur. Amma ikinci proseduradan sonra tüklər tam tökülür və azalma müşahidə olunur. Buna görə belə hallarla rastlaşan insanlar ikinci dəfə mütləq təkrar epilyasiya elətdirməlidirlər”.
Tüklərdən qurtulmaq mümkün deyil
Kosmetoloq da epilyasiya vasitəsilə tüklərdən birdəfəlik xilas olmağın mümkün olmadığını təsdiqlədi. Onun sözlərinə görə, insanlar il ərzində normal, tüksüz gəzə bilmələri üçün 2-3 dəfə epilyasiyadan istifadə etməlidir: “Biz şərq qadınları olduğumuz üçün tüklənməyə meyilliyik. Əgər bədəninizdəki tük sağlam fizioloji tükdürsə, ildə iki-üç dəfə gəlməlisiniz ki, il ərzində tüksüz gəzə biləsiniz. Çünki fizioloji tükü lazer tam apara bilmir. Amma fizioloji tüklərlə yanaşı, müəyyən xəstəliklərlə bağlı insanlarda tüklənmə gedibsə və ya cod, qara tüklər yaranıbsa, bunlar müvafiq həkimlərlə birlikdə müalicə olunaraq lazer vasitəsilə 3 seansdan sonra tam olaraq aradan qaldırılır”.
Lazer şiş xəstəliyi yarada bilərmi?
Lazer epilyasiyası ilə bağlı insanları narahat edən məqamlardan biri də bədənə verilən şüa nəticəsində xərçəng xəstəliyin yaranma ehtimalıdır. Onkoloq Azər Quliyev bizimlə söhbətində bildirdi ki, lazer şüasının xərçəng xəstəliyi yaratma ehtimalı öz təsdiqini tapmayıb: “Lazer epilyasiyasının insan orqanizmində bir sıra fəsadları ola bilər. Amma xərçəng xəstəliyini yaratması kimi risk yoxdur. Çünki epilyasiya zamanı verilən şüa qısamüddətli olduğu üçün hər hansı şiş xəstəliyini də yaratması az ehtimal olunur. Xərçəng xəstəliyinin yaranması radiasiya, gen, hava çirkliliyi, qida və digər səbəblərlə bağlıdır”.
Qeyd edək ki, həkimlər sədəf xəstəlikləri olan şəxslərə, şiş xəstəliklərindən əziyyət çəkən insanlara, ümumiyyətlə hansısa dərmanlardan istifadə edənlərə, 18 yaşına çatmayan gənclərə və müəyyən yanıq xəsarətləri alanlara lazer epilyasiyasından istifadə etməyi məsləhət görmür.
Mənbə: Milli.Az