Avropa Birliyi “Hakimlər və Prokurorlar Ali Şurası”nda (HSYK) ediləcək dəyişikliklərlə əlaqədar Türkiyəyə xəbərdarlıq edib. Anspress-in xəbərinə görə, Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Türkiyədə məhkəmənin müstəqilliyi və obyektivliyi barədə bəzi təşvişlərinin olduğunu deyib.
Məlumata görə, Ştefan Füle ötən gün Strasburqda Türkiyənin Avropa Birliyi naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşün detalları barədə yazılı açıqlama yayan Füle Türkiyədə baş verən son hadisələr haqda Çavuşoğlundan məlumat aldığını deyib. Türkiyədə məhkəmənin müstəqilliyi və obyektivliyi barədə bəzi təşvişlərinin olduğunu deyən Füle bildirib ki, HSYK-da həyata keçiriləcək islahatların Kopenhaqen kriterlərinə uyğun olması üçün Mövlud Çavuşoğluna tələbini çatdırıb.Bundan başqa Ştefan Füle Türkiyədəki rüşvət və korrupsiya istintaqının müstəqil və tərəfsiz araşdırılmasını gözlədiklərini deyib. Xatırladaq ki, bir müddət əvvəl Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin məruzəçisi Peter Stano Türkiyədə baş verən rüşvət və korrupsiya əməliyyatlarını yaxından təqib etdiklərini bildirərək bu ölkəyə xəbərdarlıq etmişdi.
Mənbə: Milli.Az