Qadin.NET / İnsanı çürüdən xəstəlik

İnsanı çürüdən xəstəlik

 

Toxumaların, yaxud bədənin hər hansı bir üzvünün qidalanması tamam və ya qismən pozulduqda bu hissədə çürümə - qanqren başlayır. Qarşısı alınmadıqda qanqren ətraflara yayılır, xəstəliyi yaradan mikroblar qana keçir və intoksikasiya nəticəsində xəstə dünyasını dəyişir.
 Qazlı qanqren

Cərrah Ayxan Səmədov Milli.Az-a açıqlamasında deyir ki, qanqrenin üç əsas növü var - qazlı, yaş və quru. Onlar arasında ən geniş yayılanı isə qazlı qanqrendir. Qazlı qanqreni anaerob mikrobu əmələ gətirir. Bu mikrob toxumaların içərisinə daxil olaraq orada inkişaf etməyə və öz pozucu, dağıdıcı təsirinə başlayır. Ölü və ya əzilmiş toxuma isə mikrobların artması üçün əlverişli şərait yaradır. Anaerob əzələ toxumasında daha sürətlə inkişaf edir: “Qanqrenin inkişaf etməsini göstərən birinci və əsas əlamət ödemdir (şişkinlik). Ödem toxumaların bakterial toksinə qarşı reaksiyası nəticəsində əmələ gəlir. Ödem toxumaları sıxışdırmaqla onlara yalnız mexaniki təsir göstərməyib, infeksiyanın yayılmasına da səbəb olur. Ödem mayesi infeksiyanın harada yerləşməsindən asılı olaraq müxtəlif rənglər alır. Qazlı qanqrenin ikinci əlaməti qazın əmələ gəlməsidir. Qaz ödemdən sonra mikrobların təsiri nəticəsində əmələ gəlir. Qaz xüsusilə əzələ toxuması və əzələ qlikogeni əzildikdə daha sürətlə yaranır. Qaz əmələ gəldiyi yerdən, toxuma florasından asılı olaraq iyli və iysiz ola bilər”.
Mərmər dəri
A.Səmədovun dediyinə görə, qazlı qanqrenin üçüncü əlaməti dəridə əmələ gələn dəyişikliklərdir. Toksin damarları çox sıxıldığı üçün dəri, demək olar ki, həmişə solğun olur. Ödemdən gərilmiş dəri parlamağa başlayır. Xəstənin dərialtı venaları arterial və venoz sistemlərdə olan durğunluq halları nəticəsində şişir. Dərialtı venaların durğunluğu nəticəsində dəri öz rəngini dəyişir və mərmər kimi parlaq və ləkəli olur (mərmər dəri). Qazlı qanqrenin digər əlaməti dərialtı toxumada olan dəyişikliklərdir. Dərialtı toxuma yarıldıqda oradan üfunətli və köpüklü maye çıxır, bəzən əksinə, dərialtı toxuma quru, qazla dolmuş olur. Qaz fışıltı ilə kənara çıxır. Qazlı qanqren nəticəsində damarlarda tromb əmələ gəlir və onlar tutulur, qan damarların daxilində soyuyur. Toksinlərin təsirindən damarlar daralır, sap şəklini alır və qansızlaşır: “Qazlı qanqren zamanı yara, əsasən, quru olur və basıldıqda şəffaf maye ilə qaz buraxır. Yaradan bişmiş ətə oxşayan əzələ parçaları ayrılır. İrin olmur, sümüküstlüyü sümükdən aralanır. Xəstə daim şiddətli ağrıdan şikayət edir. Ağrılar o qədər şiddətli olur ki, hətta ən güclü ağrıkəsici belə kömək etmir. Qazlı qanqrenin inkubasiya (gizli) dövrü 3-13 gündür. Qanqrenin bu dövr ərzində diaqnozunun qoyulması vaçibdir. Gec qoyulan diaqnoz səbəbindən qanqrena daha da inkişaf edib xəstənin vəziyyətini ağırlaşdırar”.
Quru qanqren
Cərrah bildirib ki, əksər hallarda quru qanqren kəskin ürək ağrıları ilə müşayiət edilir. Xəstə daim halsız, yorğun, əzgin olur. Bədəninin bütün hissələrində ağrılar hiss edir: “Quru qanqren zamanı toxuma nekrozu mumyalaşır və ya tələf olan üzvlərin səthindəki maye sürətlə quruyur. Qan təchizinin tamamilə kəsilməsi və dəridə epidermisin (dərinin üst qatı) geniş miqyasda aralanması mayenin buxarlanmasına kömək edir. Zahiri görünüşü etibarilə mumyalaşma kömürləşmiş dördüncü dərəcəli yanığı xatırladır. Bəzən nekroz dayanmadan yayılıb getdikcə yeni nahiyələri əhatə edir, sürətlə artır, təkrar ikinci infeksiya ilə birləşir və xəstə ağır ümumi intoksikasiya nəticəsində tələf olur. Bəzən də orqanizm prosesin qarşısını alaraq onu zəiflədir, toxumaların nekrozlaşmış hissələrini məhdudlaşdırır. Qanqrenanın bu növu, əsasən, əl və ayaqları əhatə edir”.
Ölü barmaq
A.Səmədovun sözlərinə görə, xəstəliyin əlamətləri onun inkişaf dövründən asılı olaraq dəyişir. Xəstəliyin birinci dövründə “ölü barmaq” əlaməti meydana çıxır. Çox vaxt yuxarı ətrafın barmaqları birdən-birə solub ölgünləşir. Əvvəlcə barmağın ucu qansızlaşır, sonra bütün barmaqlar tədricən qansızlaşmaya başlayır. Arteriyaların intensiv spazmı bir müddət davam edir, xəstə, barmağının heç bir şeyi hiss etmədiyindən, bəzən sancmasından şikayətlənir. Spazm tədricən çəkilir, solğunluq göyərmə ilə əvəz olunur. Xəstəliyin ikinci dövründə “ölü barmaq” əlaməti getdikcə az görünür, barmaq bəzən ağarır, lakin göy rəng getdikcə davamlı olur və uzun müddət qalır. Barmaqlar və hətta bütün əl, yaxud ayaq göy-boz rəngə boyanır, ətraf azacıq şişir”.
Yaş qanqren
Cərrah vurğulayıb ki, yaş qanqren, əsasən, yara səthindən yara mayesinin axması və təbəxxür etməsi çətin olan yerlərdə şişmiş toxumalarda inkişaf edir. Bu yerlərdə yaş nekrozdan əvvəl iltihab prosesi meydana çıxır və irinli, yaxud çürüdücü infeksiya inkişaf edir. Belə hallarda, ilk növbədə, laxtalanmış qan çürüməyə başlayır, hemoqlobin eksudatla dolmuş toxumalarda parçalanıb, boz ləkələr əmələ gətirir. Dəridən sonra əzələlər və birləşdirici toxumalar da parçalanır. Dərinin üst qatının azacıq qalxması nəticəsində şişmiş qabarcıqlar bəzən üfunətli maye ilə dolur, bəzən isə bir qədər pis qoxu verən qazlar tərəfindən şişir.
Kişilər təhlükədə
A.Səmədovun söylədiyinə görə, öz-özünə əmələ gələn qanqrenə isə, əsasən, kişilər arasında təsadüf olunur. Xəstəlik tədricən, yavaş-yavaş inkişaf edir. Əvvəlcə xəstələr ətraflarda üşütmə hiss edirlər, tez yorulurlar, sonra hərəkət zamanı əzələlərdə şiddətli ağrılar başlayır. Xəstəlik inkişaf etdikcə ağrılar şiddətlənir. Xəstəliyin ən şiddətli dövrü isə gah bir barmağın, gah da bir neçə barmağın nekrozlaşması dövrüdür. Təsadüfi hallarda qanqren baldıra yayılır: “Xəstəlik yavaş-yavaş inkişaf edərkən birdən-birə kəskinləşir, müəyyən ətrafda proqressiv sürətdə artan qanqren başlayır. 1-2 ay ərzində xəstə bir, yaxud bir neçə barmağını və ya hətta ayağını, baldırını itirmiş olur. Sonra xəstəlik dayanır, xəstə hətta özünü əvvəlkindən də yaxşı hiss edir. Lakin təxminən bir ildən sonra xəstəlik yenidən kəskinləşir və xəstənin vəziyyəti pisləşir”.
Diabet qanqreni
Cərrah deyir ki, diabet qanqreni diabet xəstəliyinə tutulanların infeksiyaya qarşı müqavimət göstərə bilməməsi və ayaqlarda trofik yaraların əmələ gəlməsi nəticəsində inkişaf edir. Xəstəliyin əvvəlində xəstələr arabir sakitləşib yenidən başlayan axsamadan şikayət edirlər. Diabet qanqreninin ilkin əlamətləri ətraflarda göyərmələr, dərinin solğunlaşması, ağrı və nəbzin itməsidir. Diabet qanqreni inkişaf etdikdə də onun əlamətləri başqa növ qanqrenlərin əlamətləri kimi qalır. Lakin burada əsas fərq onun yaş şəkildə inkişaf etməsidir: “Diabet qanqreni zamanı qanda şəkər yüksələndə damarların keçiriciliyi pozulur və nəticədə toxumaların qanla təchizatı azalır. Qan axını zəiflədikcə toxumalarda qan dövranı çətinləşir. Ayaqlar daim soyuq olur, keyləşir, hissiyat itir. Tədricən sıyrıqlardan, əziklərdən, kiçik ölçülü yaralardan sağalmayan, dərin, irinli yaralar əmələ gəlməyə başlayır. Qanda şəkər daim çox yüksək olan zaman qanqrena bir və ya ən uzağı 6 ilə inkişaf edir. Ancaq şəkərin miqdarı normal həddə saxlanıldıqda bu müddət uzanır”.
Diaqnoz
A.Səmədovun sözlərinə əsasən, qanqrenin bütün növlərinin inkunasiya (gizli) dövrü fərqlidir: “Orqanizmə düşən qanqren

mikrobları tədricən özünü biruzə verir. Növündən asılı olaraq qanqrenin inkubasiya dövrü 3 gündən 1 aya kimi ola bilər. Yəni qısa, orta və uzun sürən inkubasion dövr. Əlamətlər - yaranın vəziyyəti, ödemin, xəstənin şüurunda əmələ gələn dəyişikliklər və sair əsasında xəstəliyə diaqnoz asanlıqla qoyulur. Qanqren vaxtında müəyyən edilməsi və xəstənin ciddi şəkildə həkim nəzarəti altında saxlanılması vacibdir. Bu müəyyən qədər xəstəliyin ağırlaşmasının qarşısını alır”.
Son çarə amputasiya
Cərrah deyir ki, yüngül keçən qanqren zamanı, əsasən, konservativ müalicə üsulundan istifadə olunur. Həkim tərəfindən müvafiq dərman preparatlarından ibarət müalicə kursu təyin edilir. Yaralar təmizlənir, əzilmiş, nekrozlaşmış toxumalar kənar edilir. Ancaq qanqrenin dərin diffuz şəkli inkişaf etdikdə, yəni ağır hallarda amputasiya etmək məsləhət görülür. Yalnız bu yolla qanrenin ətraflara yayılmasının qarşısını almaq və xəstənin həyatını xilas etmək mümkündür.

Mənbə: Milli.Az

16 yanvar 2014
GO BACK