“Pəncərəmə qondu çiçək”, “Dərələr”, “Külək”, “Nar ağacı, nar çiçəyi” və s. Hər nəğmə oxunduqca, hər kitab işıq üzü gördükcə, oxucu yazıçının yaradıcılığı ilə müxtəlif rakurslardan tanış olmağa başladı. Onun şeir, dramaturgiya, nəsr və tərcümə sahəsində fəaliyyəti, dövlət işində çalışması heç zaman şair hissiyyatına, incə misraların yaranmasına mane olmadı. Əksinə, çoxşahəli fəaliyyət Nəbi Xəzri yaradıcılığını daha da zənginləşdirdi.
Bakıya xas xəzri küləyi əsdikcə, dənizlə söhbətə dalan şair istər-istəməz iç dünyasının diktə etdiyi fikir və düşüncələri misralara çevirdi.
Dənizi hədiyyə verirəm sənə,
Mən dedim sən baxdın sən gülümsədin,
Göylərin şəfəqi düşdü üzümə,
Mən isə göyləri verirəm dedim.
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqim qədər mənə əzizdir
Ayrıldıq dənizlə ağ ləpələrlə
Necə aparasan dəniz-dənizdir
Dənizi verdim ki, sənə hədiyyə.
Məktəbdə “Böyüyəndə kim olacaqsan?” inşa yazısında uşaqların çoxu sürücü olacağını yazmışdı. Onlardan fərqli olaraq, Nəbi “mən şair olacağam”, - deyə qeyd etmişdi. Bu uşaqlıq arzusu zamanla reallaşdı və Azərbayca ədəbiyyatında Nəbi Xəzri imzası meydana gəldi.
Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olub. 1958-65-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Avə Radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrini icra edib. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik etməsi Nəbi Xəzrinin üzərinə daha böyük məsuliyyət qoyub.
"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitablarındakı əsərlər mövzunun məzmunundan asılı olaraq, yazıçının maraqlı düşüncə və bədii fikri oxucuya təqdim edilir. Məhəmməd Peyğəmbərə həsr etdiyi “Peyğəmbər”, böyük Hun sərkərdəsi Atillaya yazdığı “Atillanın atlıları” poemalar da onun yaradıcılığında özəl yer tutur.
1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilmiş diktor müsabiqəsindən keçən Nəbi Xəzri çox keçmədi ki, öz məlahətli səsi ilə dinləyicilərin sevgisini qazanır. 1965-71-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komitəsinin televiziya işləri üzrə sədr müavini işlədi. Efirdə yayımlanan verilişlərin keyfiyyətinə diqqətlə yanaşırdı. Şairin sevilən bəstəkar Tofiq Quliyevlə, Emin Sabitoğlu ilə uğurlu əməkdaşlığı neçə-neçə populyar nəğmələrin yaranmasına səbəb olub. Nəbi Xəzrinin bir çox sözlərinə mahnılar bəstələnib. Bu mahnılar Şövkət Ələkbərova, Zeynəb Xanlarova və “Qaya” qrupu, Gülağa Məmmədov, Müslüm Maqomayev, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilib. Onlar arasında Müslüm Maqomayevin bəstələdiyi və oxuduğu məşhur “Azərbaycan” mahnısı isə indi də ölkəmizə həsr edilmiş ən uğurlu mahnı kimi xarici qastrol səfərlərində, nüfuzlu mədəniyyət günlərində dinləyənləri heyran edir. Bu, bəstəkarla yanaşı, həm də mahnı mətninin müəllifi Nəbi Xəzri poeziyasının ruhu və üslubuyla bağlıdır.
Bu gün də o nəğmələr səslənəndə bir çoxlarını o illərə aparır, qəribə duyğular oyadır insanda, neçə-neçə xoş xatirələr yada düşür. Nə qədər ki, bu mahnılar, şeirlər bizlərə nəyisə xatırladacaq, bu misraların müəllifi, sevimli xalq şairi Nəbi Xəzri poeziyası da daim oxunacaq və yaşayacaq…
Mənbə: Milli.Az