Aldanmaq istədiyini göstərənlər həmişə sadəlövh olmurlar: onlar əksər zamanlar aldatmaq istədiklərini tora salmaq üçün belə davranır, özlərini sadəlövh göstərirlər. Lakin aldadılan olduğu güman edilən onu aldatmağa çalışandan bic və fəndgir davrananda kimin tələyə düşdüyü böyük sual doğurur.Ermənistanla Avropa Birliyi arasındakı münasibətlər də məhz belə dəyərləndirilə bilər. Hər iki tərəf yalan danışır, hər iki tərəf bir-birini aldatmağa çalışır və ən nəhayət, hər iki tərəf eşitdiyi yalanlara guya inandığını göstərərək qarşı tərəfi öz yalanlarına qurban etməyə can atır.
Avropa Birliyi dərk edir ki, Rusiyanın total və şəksiz nəzarətində olan Ermənistanın normal dövlətə çevrilməsi, ölkədə sivil cəmiyyətin bərqərar olması üçün prezident Serj Sarkisyanın kriminal-oliqarxik qruplaşması hakimiyyətdən kənarlaşdırılmalıdır.
Özü də mümkün qədər tez, sürətlə.
Yerevanın Avropa Birliyi ilə qonşuluq siyasətinə qatılması, avrointeqrasiyaya can atması, ən müxtəlif proqramlar və layihələrdə iştirak edərək demokratik prinsiplərlə idarə olunan hakimiyyətə çevrilməyə can atması və s. kimi açıqlamalar adi söz yığını, siyasi boşboğazlıqdır.
Serj Sarkisyan iqtidarı üçün avtointeqrasiya əslində intihar, ölüm, edam, işgəncədir.
Yerevandakı iqtidar Rusiyanın göstərişlərinə əməl etmək "şakər"ini unudaraq müstəqil xarici siyasət yeritməyə çalışarsa, Moskvanın zərbələrini alacaq və çox qısa zamanda devrilmə, məhv olma təhlükəsi ilə üzləşəcək.
Özü də Sarkisyan avropalılarla müqayisədə, "şimallılar"dan daha çox qorxur. Nədən ki, avropalılar onu hakimiyyətdən uzaqlaşdırmaqla kifayətlənə bilərlər - amma "Şimal hamisi" yox...Yerevandakı iqtidar bu səbəbdən Avropa Birliyi ilə münasibətləri sərinləşdirmədən Rusiyadan asılılıq siyasətini davam etdirməyə üstünlük verir.
Avropa da yaşananlarla barışmış təki davranır.
Ötən il Ermənistan parlamentinin spikeri Ovik Abramyan Brüsseldə and-qəsəm edərək Avropa Birliyinin məmurlarını dediklərinə inandırmağa çalışır, Yerevanın "avrointeqrasiya yoluna sadiq qaldığını və bu yolun ölkənin xarici siyasətində ən önəmli istiqamətlərdən biri olduğunu" deyirdi.
Avropalılar isə düşünürdülər ki, gərçi Yerevan sadiqdirsə və həmin yolda önəmli istiqamətdirsə, Abramyan Brüsseldə nə arayır?
Çünki Avropa Birliyinə qatılmağa can atan, ölkəsində demokratik dəyərlər və vətəndaş hüquqlarının təminatı prinsiplərinin bərqarar olmasını istəyən, avrointeqrasiya yolunu tutan hakimiyyətdə Ovik Abramyan kimisi əsla spiker ola bilməzdi.
Bu adam "Ermənistanda siyasətlə məşğul olmaq üçün ağıl gərək deyil" ifadəsinin müəllifidir.
Avrointeqrasiya yolunu tutan ölkədə Serj Sarkisyan da prezident ola bilməzdi.
Ümumiyyətlə, Avropa Birliyinə qatılmağa can atan bir ölkədə çox məqamlar Ermənistandakı kimi olmamalıdır.
Ona görə də ötən ilin sentyabrın 3-də baş verən olay, yəni Ermənistan prezidenti Serj Sarkisyanın MDB çərçivəsindəki Gömrük Birliyinə qatılmaqla bağlı anlaşmanı imzalaması Ermənistanın indiki vəziyyətinə tam uyğun, adekvat hadisə idi.
Yerevanda indi avrointeqrasiya barədə çox danışır, amma heç nə etmirlər.
Avropa dəyərlərindən danışan Ovik Abramyanın spikerlik etdiyi parlamentdə isə guya "xalqın seçdiyi" millət vəkillərindən biri jurnalistə "İndi vurub çənəni sındıraram" deyir, amma həmin deputat sözlərinə görə heç bir məsuliyyət daşımır.
Bütün bunlar Ovik Abramyanın "zaman keçdikcə Ermənistanda avropalaşma, Avropaya doğru yönlənmə daha da güclənir" deyərək aldatmağa çalışdığı insanlar üçün təhqiramiz olmalıdır.
Maraqlıdır, Avropa Birliyinin məmurları bütün bunlara qulaq asanda nə düşünürlər? Axı onlar Ermənistandakı rəhbərlikdə kimlərin olduğunu, iqtidarda hansı məxluqların yer aldıqlarını yaxşı bilirdilər. Avropalılar Ermənistandakı ağır vəziyyətə bələddilər və təbii ki, Sarkisyan komandasının üzvlərinin dediklərinə inanmırdılar.
Avropa Birliyinin funksionerləri zahirən özlərini sakit, Yerevanda baş verən prosesləri müşahidə etməkdə maraqlı tərəf kimi göstərərək Sarkisyan iqtidarının müxtəlif səviyyəli və ranqlı mənsublarının dediklərini dinləməyə davam edirlər.
Avropalıların öz maraqları var. Amma onlar anlamamış deyillər ki, rəsmi Yerevanın yürütdüyü siyasətin yolverilməz olduğunu deməməklə, Sarkisyan hakimiyyətini sərt pressinqə məruz qoymamaqla öz xalqına divan tutanların dəstəsinə faktiki olaraq fəaliyyət və hərəkət azadlığı verirlər.
Bu isə Avropa Birliyi funksionerlərinin Ermənistanla bağlı davranışlarında - nə qədər sərt səslənsə də - şərəfli və ləyaqətli olmamaları, Avropanın dəyər və prinsiplərini qorumamalarıdır.
Söz yox, Ermənistanın hakimiyyət dairələrinin mənsubları aktyorluq, daha doğrusu, təlxəklik edir və bu, onlar üçün yenilik yox, adət, ənənə, yaşam tərzidir.
Bəs Avropa Birliyinin məmurları anlamırlar ki, sükut və laqeydlikləri ilə bu təlxəkliyə qatılır, adi ermənilərin qarşısında oynanan məzhəkənin iştiraçılarına çevrilir, Avropa dəyərlərinə can atan və demokratiya uğrunda mübarizə aparan insanlarda nifrət yaradırlar?Məzhəkənin Strasburq, Brüssel və başqa səhnələrində Yerevandan yollanmış müxtəlif adamları qəbul edərək onların dediklərinə qulaq asırlar. Halbuki dərk edirlər ki, Ermənistanın Avropa Birliyinə inteqrasiyasından danışan həmin şəxslər avrointeqrasiya tərəfdarları yox, bu prosesin canlı maneələri və sədləridir.
Avropa Birliyinin komissarları, məmurları Serj Sarkisyan rejiminin təlxəklərindən bezdiklərini dedilərmi? Əsla. Tam əksinə, bu adamları qəbul etdilər, onların oyunlarına qatıldılar və hiss etmədilər ki, özlərini nə qədər hakim, qüdrətli fiqurlar hiss etsələr də, Ermənistan cəmiyyəti, adi ermənilər qarşısında məğlub olublar.
Bütün bunların səbəblərindən biri də odur ki, avrointeqrasiyadan danışan, amma sonra Rusiyanın təzyiqi ilə Ermənistanın imzaladığı Gömrük Birliyi barədə sazişin parlamentdə ratifikasiyası üçün "qabıq qoyan" Ovik Abramyan istefa vermək əvəzinə, spiker qismində Brüsseldə voyajlarını davam etdirməkdədir.
Mənbə: Milli.Az