"The Verge" nəşri yazıb ki, Sony şirkəti inkişaf etməkdə olan bazarlar üçün Xperia T2 Ultra və Xperia E1 smartfonlarını təqdim edib. Xperia T2 Ultra smartfonu 6 düymlük ekran, Qualcomm Snapdragon dördnüvəli prosessoru, 1 Qb əməli yaddaş, 13 meqapiksellik kamera və 3000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Smartfonun bir və iki SİM kart dəstəkli versiyaları istifadəçilərə təklif edilib. Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun qalınlığı 7,6 mm, çəkisi 173 qr-dır. Xperia E1 smartfonu, həmçinin bir və iki SİM kart dəstəkləyən versiyalarda təqdim edilib. Aparat 4 düymlük ekran, ikinüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz edilib. Hər iki qurğu yaxın gələcəkdə Çin, Yaxın Şərq, Afrika və Asiya regionunda əlçatan olacaq. Smartfonların təxmini qiymətləri hələ ki açıqlanmayıb.
Mənbə: Milli.Az