XIX əsrdə İranda Molla Hadi Səbzəvari adlı böyük bir alim yaşayırdı. Hikmət və fəlsəfə elmlərində dərin savada, irfanda uca məqama sahib idi. Onun kəşfü-kəramətləri, insanı heyrətdə qoyan qeyri-adi əməlləri barədə çoxlu rəvayətlər var. Molla Hadi Səbzəvarinin nəvəsi xatırlayırdı ki, bir gün qapılarına bir dərviş gəlir. O zamanlar qələndər dərvişlər şəhər meydanlarında qəsidə deyər, gözbağlıca oyunlar göstərərdilər, camaat da onlara pul verərdi. Bəzən isə dərvişlər özləri qapı-qapı gəzib pul yığardılar. Molla Hadinin evinə gələn dərviş də onlardan bir az yağ istəyir. Qapını açan xidmətçi elə bilirdi ki, evdə yağ qurtarıb. Ona görə də dərvişə “evdə yağ yoxdur” cavabını verir. Dərviş isə razı düşməyib deyir: “Filan otağın filan divarındakı taxçada yağ qoymusunuz. Onu gətir, mənə ver”. Nökər evə gedib deyilən yerə baxır, həqiqətən, orada yağla dolu bardaq görür. Sən demə, bundan xeyli əvvəl nökər yağı ora qoyub, sonra yerini unudubmuş. Nökər ağasının yanına gəlib əhvalatı danışır, soruşur ki, yağı dərvişə verim ya verməyim. Səbzəvari heç bir təəccüb əlaməti göstərmir, sadəcə olaraq “ver” deyir.
Nökər otaqdan çıxandan sonra Səbzəvarinin nəvəsi babasına deyir: “Bu dərviş qeybdən xəbər verməyi bacarırmış. Qapıda dura-dura evimizin içində nə olduğunu söyləyir. Amma siz buna heç təəccüblənmədiniz. Niyə dərvişlə maraqlanmadınız? Onu çağırıb söhbət etsəydiniz, bu bacarığı haradan qazandığını soruşsaydınız yaxşı olmazdımı?”
Milli.Az İslam.az-a istinadən bildirir ki, Səbzəvari nəvəsinə belə cavab verir: “Bala, sən dərsini oxumaqla məşğul ol. Sənin vəzifən budur ki, oxuyub savadlı olasan, zehnin açılsın. Bu cür məsələlərlə fikrini qarışdırma. Mən ona görə dərvişə etina etmədim ki, o özünü gözə soxub mənim diqqətimi cəlb etmək istəyirdi. Dərvişin məqsədi yağ istəmək deyildi, bunu bəhanə edib öz bacarığını mənə göstərmək istəyirdi. Onun bu işi mənim üçün heç qəribə deyil. Çünki mən də bu kimi işləri bacarıram. Amma bunu da bilirəm ki, qeybdən xəbər verməyi bacaran adam qapı-qapı gəzib yağ dilənməz. Sən də bunu yadda saxla ki, özünü başqalarının gözünə soxan adama etina etmək lazım deyil”.
Bu yerdə dini kitabların birində yazılmış aşağıdakı sözləri xatırlamaq yerinə düşər: Əsil alimlə özünü alim sayıb gözə soxan adam arasındakı fərq, qiymətli ləl-cəvahirat alveri edən tacirlə ləbləbi satan adamın fərqinə bənzəyir. Ləl-cəvahirat taciri səhər gəlib dükanı açar, səliqə ilə oturub alverini edər, axşam da dükanın qapısını bağlayıb evinə gedər. Gündə cəmi bircə dəfə də alver etsə, ona bəsdir; çünki satdığı bir bəzək əşyasından yaxşı qazanc götürər. Amma ləbləbi satan səhərdən axşama kimi küçə-küçə gəzib haray salar. Gündə yüz ovuc ləbləbi satsa da, qazancı qəpik-quruş olar.
Mənbə: Milli.Az