Qadin.NET / YAP-dan Müsavat-AXCP davasına reaksiya gəldi

YAP-dan Müsavat-AXCP davasına reaksiya gəldi

 

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bir neçə gündür davam edən AXCP-Müsavat partiyaları arasındakı gərginliyə münasibət bildirib.“Qafqazinfo”ya açıqlama verən millət vəkili bildirib ki, bu müxalifətin radikal qanadında çoxdan baş verəsi bir hadisə idi: “Azərbaycanda bu gün müxalifətin sosial bazası çox kiçikdir. Reallığı qəbul etməyən, hər şeyi inzibati yolla, seçkidən kənar zorakı yolla həll etmək istəyən cinahın isə sosial bazası isə lap kiçikdir. Amma bu bazaya rəhbərlik etmək istəyən bir neçə iddialı qurumlar var. Bunlardan biri də Müsavat və AXCP partiyalarıdır. Birinci, mübarizə bir-birilə deyil, həmin o sosial bazaya liderlik etmək üstündədir. Onlar öz ətrafına insanlar yığa bilmirlər. Hər hansı bir genişlənmədən söhbət gedə bilməz. Yeganə ümidləri bir-birinin sosial bazasını ələ keçirməkdir. İkinci məsələ isə, mətbuatda hər iki partiyanın nəzarəti altında olan qeyri-hökumət təşkilatlarına xaricdən böyük məbləğdə qrantların daxil olması və həmin qrantlar üzərində nəzarət məsələsidir. Heç də təsadüfi deyil ki, işləməyən, özlərinin heç bir gəlirləri olmayan bu partiyalar nədənsə böyük mənzil qərargahlarına, böyük imkanlara, cangüdənlərə malikdirlər. Heç də imkansız insanlar təbəqəsinə oxşamırlar. Üçüncüsü isə hesab edirəm ki, siyasi gündəmi bu qalmaqalla da olsa, doldurmaq məqsədi daşıyır”.Onun sözlərinə görə, bu iki partiya cəmiyyətə hər hansı səmərəli təklif, yaradıcı yenilik, hansısa bir layihə təqdim edə bilmir: “Bu baxımdan siyasi partiya kimi gündəmdə qalmaq üçün mütləq siyasətdən kənar qalmaqallar özunü doğruldur. Bu metod özünü şou-biznesdə kifayət qədər doğruldur. Daha çox qalmaqalda olanlar daha çox diqqətdə olurlar. Siyasətdə də bu metoddan istifadə etməyə başlayıblar. AXCP ilə Müsavatın bu gün baş verən siyasi müharibəsi əslində vaxtaşırı baş verən məsələdir. Çox zaman bir seçki bloku yaradıb sonradan aralanıb bir-birini ittiham edən bu qüvvələr üstündən bir neçə il keçdikdən sonra mehriban dostlara çevrilirlər. Məgər 2013-cü ildə Milli Şuranı yaradan AXCP-Müsavatın 2010-cu ildə vahid seçki bloku ilə seçkiyə gedib sonra ayrılıb bir-birini ittiham etdikləri yaddan çıxıbmı? 2005-ci ildə “Azadlıq” bloku yaradıb sonradan Müsavat ayrıldıqdan sonra yenidən bir-birini ittiham etməsi yaddan çıxıbmı?”Millət vəkili hesab edir ki, bugünkü ittihamlar qısa müddətlidir: “Çox deyil, il yarımdan sonra 2015-ci ilin parlament seçkilərindən sonra olanları və ittihamaları unudaraq yenidən seçkiqabağı blok yaradacaqlar. Yenidən bir-birinə tərif edəcəklər. Və parlament seçkilərində uduzduqdan sonra nəzarəti altında olduqları qəzetdə bir-birini ittiham etməyə başlayacaqlar. Hesab edirlər ki, bununla onlar ciddi siyasətlə məşğuldur. Ancaq bu metod müasir Azərbaycan üçün qəbuledilməzdir. Və Azərbaycan vətəndaşını hansısa kiçik bir partiyanın bir-biri ilə vuruşması deyil, ölkədəki inkişaf, problemlərin həlli, Azərbaycan dövlətinin nüfuzunun artması maraqlandırır. Bu proseslərdə AXCP Müsavatın nə rolu, nə də imzası var”.Aydın Mirzəzadə siyasi opponent olaraq tərəfləri bir araya gətirib problemdən çıxış yolu tapmaq məsələsinə də münasibət bildirib. Millət vəkili qeyd edib ki, bu partiyalar bizim opponentlərimizdir: “Biz onların nə müttəfiqliyinə, nə də onların bir-birilə mübarizəsinə qarışırıq. Sadəcə olaraq kənardan onların münasibətinə, fəaliyyətinə qiymət verə bilərik”.

Mənbə: Milli.Az

14 yanvar 2014
GO BACK