Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənovun bir neçə gün öncə imzaladığı əmrlə polkovnik-leytenant Vaqif Dərgahlı Müdafiə Nazirliyində mətbuat xidmətinin yeni rəisi təyin edilib. Mətbuat xidməti rəisinin müavini də bəllidir. “Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini vəzifəsini polkovnik-leytenant İsa İsmayılov icra edir”. Modern.az-ın xəbərinə görə, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, İsa İsmayılov Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru kimi uzun illər bu hərbi nəşrdə çalışıb. Ötən il isə sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən cəzalandırılaraq mətbuat xidmətinə zabit vəzifəsinə keçirilib. “Verilən məlumata görə, yeni nazir Zakir Həsənov vəzifəyə təyin edildikdən sonra ən çox sevinən zabitlərdən biridir”, - deyə Ü.Cəfərov qeyd edib. Xatırladaq ki, Müdafiə Nazirliyində mətbuat xidməti rəisinin müavini postunu Zakir Həsənov nazir təyin edilənədək mayor Teymur Abdullayev tutub.
Mənbə: Milli.Az