“Azərbaycana gətirilən bahalı avtomobilləri iki hissəyə bölmək olar. Birincisi, rəsmi nümayəndəliklər tərəfindən gətirilən avtomobillərdir. Digər bahalı avtomobilləri isə ayrı-ayrı sahibkarlar gətirirlər”. Bunu Modern.az saytına mütəmadi olaraq avtomobil bazarında monitorinq keçirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, bu avtomobillərin hamısı mütləq şəkildə təzə olmur: “Bunların içində yeni, həmçinin 1-2 il müdddətində istismar olunmuş avtomobillər də var. Marka etibarilə daha çox dünyanın ən populyar, bahalı avtomobil seriyasına aiddirlər. Məsələn, Azərbaycanda artıq sürəti artmaqda olan “Bentley”, “Bugatti”, “Maserati” və başqa bu tipli avtomobillər gözə dəyir. Bunların qiyməti hətta yarım milyon dolları da keçir.
Rəsmi nümayəndəliklərin gətirdikləri ən bahalı maşınlara gəldikdə, bu seriyaya “Mercedes S Class”, “Land Rovers”lər başçılıq edir. Bunların 230 min dollar qiyməti var. Təbii ki, buraya digər avtomobil markalarını da aid etmək olar, hansı ki, qiyməti 160-200 min manat civarındadır”. Ramil Osmanlının dediyinə görə, bahalı avtomobillərin xüsusi alıcıları var: “Siyahıda iş adamları, dövlət məmurları, dövlət qurumları, orta statistik vətəndaşlar və digərləri də var”. Ölkəyə gətirilən ən ucuz avtomobillər hələ ki Rusiya istehsalı olanlardır. “Daha çox “07” kimi tanıdığımız “VAZ 2107” avtomobilidir. Bunların qiyməti təxminən 6 min manat civarında dəyişir. Son aylarda İran istehsalı olan “Saypa” avtomobili də populyarlıq qazanmaqdadır”.
Mənbə: Milli.Az