Gündəlik həyatda bədənin müxtəlif nahiyələrinin əzilməsinə çox tez-tez təsadüf edilir. Əzilmə daş, çomaq, odun, dəmir parçası və sair cisimlərlə vurulan zərbə nəticəsində əmələ gəlir. Bəzən insan özü sərt bir cismin üzərinə yıxılır, yaxud bu cismə toxunaraq əzilir. Əzilmə çox vaxt başda və baldırın ən yuxarı hissəsində olur.
Parçalanan toxumalar...Həkim-travmatoloq Rəşad Bağırov deyir ki, əzilmə üst örtüklərin (üst təbəqələrin) bütövlüyünü pozmayıb, yalnız daxildəki yumşaq toxumalara zərər vuran zədələnmələrə deyilir. Küt bir alət bədənin müəyyən hissəsinə dəyərkən bədənin bu hissəsinin toxumaları sürətlə yığılır və sıxılır. Bu zaman üst təbəqələr, elastik olduqları üçün öz bütövlüyünü qoruyur, dərialtı toxumalar isə əzilir və parçalanır. Əzilmə zamanı çoxlu damarlar (kapilyar və venalar) ilə zəngin yumşaq birləşdirici toxuma daha tez və daha asan parçalanır. Sıx vətərlərin və sinir kötüklərinin müqavimət qüvvəsi artmış olur. Əzilmədə toxumalar, onların müxtəlif müqavimət qüvvələrindən asılı olaraq, ardıcıl surətdə zədələnir. Əvvəlcə ən zərif toxumalar zədə alır. Zərbə və təzyiq davam etdikdə, yaxud ağırlaşdıqda sıx, qaba toxumalar da zədələnir. Lakin bu, əsas etibarı ilə kiçik, əhəmiyyətsiz əzilmələrdə olur. Güclü əzilmələrdə, yəni göstərilən təzyiq, vurulan zərbə güclü olduqda əzələlər, vətərlər, sinirlər və iri damarlar da parçalanır. Əzilmiş yerdə yumşaq birləşdirici toxuma şişir, üzülüb cırılır, qanla qarışır, burada parçalanmış əzələ liflərinə, ayrılıb sərbəst qalmış piy damarlarına və başqalarına təsadüf edilir. Bədənə göstərilən zor, təzyiq güclü olduqda toxumalar tamam əzilir və qan əzilmiş toxumalara qarışıb qanlı horra kimi bir şey əmələ gətirir.
Qansızma
Həkimin sözlərinə görə, əzilmədə əsas əlamət qanın qırılmış damarlardan toxumalara sızmasıdır. Bu növ qansızma əhəmiyyətsiz dərəcədə az, yaxud bunun əksinə, güclü ola bilir və bəzi hallarda çoxlu miqdar qanın bir yerə yığılması ilə də nəticələnir. Qansızmanın 4 növü ayırd edilir. Birinci çıxış nöqtəsi kiçik və girdə olan, aydın seçilən qansızma, ikinci çıxış nöqtəsi üzdə, səthi və əyri-üyrü olan qansızma. Üçüncü, müxtəlif dərəcədə geniş, böyük olan qansızmalar. Bu növ qansızma damarların zədələnməsi nəticəsində olur. Qan yavaş-yavaş yumşaq toxumalara və dərialtı hüceyrə təbəqəsinə keçir. Nəhayət, dördüncü, hematomalar, yaxud qan şişləri. Bunlar çoxlu miqdar qanın bir yerə yığılması nəticəsində əmələ gəlir. Qan toxumalara yüksək təzyiq altında sızarkən onları aralayır və içərisi qanla dolmuş boşluqlar əmələ gətirir. Həmin boşluqlara hematoma deyilir. Hematomanın xüsusiyyətlərindən biri onun tez əmələ gəlməsidir. Hematoma bədənin baş hissəsində daha qabarıq olur. Əzilmədən bir az sonra zədələnmiş nahiyədə reaktiv travmatik iltihab başlayır və bununla bir vaxtda damarlar genəlir, çoxnüvəli leykositlər yerlərini dəyişir. Zədələnmə nəticəsində ən çox zərər çəkmiş toxumalar yavaş-yavaş nekrozlaşır, ölür, qansızma dayanır. Müəyyən vaxt keçdikdən sonra qansızma və ölü toxumalar olan yerdə sıx birləşdirici toxuma – daxili çapıq əmələ gəlir.
Ağrı, şişkinlik, qançır
R.Bağırov bildirib ki, əzilmənin əsas əlamətlərindən biri ağrıdır. Ağrının şiddəti və xassəsi zədələnmə dərəcəsindən, əziyin dərinliyindən asılıdır. Ağrı sinir uclarının zədələnməsindən və onların qansızma nəticəsində sıxılmasından əmələ gəlir. Qarın boşluğunun, döşün və başqa üzvlərin ağır şəkildə zədələnməsi isə şok törədə bilər. Əziyin əlamətlərindən biri də ödemdir (şişkinlik). Ödem qanın və limfanın boşluqlara və dərialtı hüceyrə təbəqəsinə yığılması nəticəsində əmələ gəlir: “Əzilmədən sonra ödemlə yanaşı bədəndə qançırlar əmələ gəlir. Qançırlar qansızma nəticəsində yaranır. Çox vaxt qançır əzildikdən 2-3 gün sonra gözə görünür, çünki bu vaxt hemoqlobin qansızma nahiyəsindəki toxumalara çökür və bunun nəticəsində toxumalar müəyyən rəng alır. Təzə qançırlar qara, göyümtül – boz, bəzi hallarda isə al qırmızı rəngdə olur. Əziyin şiddətindən və gücündən asılı olaraq bəzi hallarda bu və ya başqa bir üzvün vəzifəsi də pozula bilir. Məsələn, əzələ və vətərlər əzildikdə onların hərəkəti pozulur, beləliklə müəyyən üzv müəyyən vaxt öz vəzifəsini, qabiliyyətini itirmiş olur”.
Çürümə təhlükəsi
Travmatoloqun dediyinə görə, böyük əziklərdə toxumaların qidalanması çox pozulduğundan onlar tələf olub nekrozlaşır. Belə nekrozlaşma müəyyən kiçik bir yerdə məhdud ölçüdə ola bilər. Lakin zədələnmə nəticəsində böyük və geniş bir sahə əzildikdə ətrafın, yaxud bədənin ayrı-ayrı hissələri bütünlüklə nekrozlaşır. Belə hallarda ətraf saralır və soyuyur, nəbz itir, hissiyyat, hərəkət getdikcə zəifləyir, ağrı artır və nəhayət, nekroz (çürümə) inkişaf etməyə başlayır.
Əzik əzələ
R.Bağırov vurğulayıb ki, zərbə, itələmə, yıxılma, zor tətbiqi nəticəsində əzələlər çiddi şəkildə əzilir. Əzilmə yüngül olduqda yalnız bəzi əzələ lifləri zədələnir və əzələ daxilində qansızma əmələ gəlir. Ağır hallarda geniş əzələ hematoması əmələ gələ bilir. Ən ağır zədələnmədə əzələ tamam əzilir və bunun nəticəsində çox vaxt dərinin altında əzilmiş əzələ toxuması yaranır. Əzələnin əzilməsini göstərən əsas klinik əlamətlər ağrı, şişkinlik, əzələnin titrəməsidir. Belə hal bir neçə gün davam edib öz-özünə çəkilib getməlidir. Lakin geniş hematoma törədən ağır zədələnmə hallarında sağalma prosesi və sorulma zəif, yavaş gedir, zədə yerində qabar şəklində çapıq əmələ gəlir. Əzələ tamam əzildikdə, yara böyük çapıq qabarının inkişaf etməsi ilə bərabər tədricən sağalır: “Zədələnmiş əzələ isti kompres, sıx sarğı və masaj vasitəsi ilə müalicə edilir. Bəzən cərrahiyə əməliyyatı da etmək lazım gəlir”.
Zədəli damarlar
Həkimin söylədiyinə görə, qan damarları əzilmə nəticəsində zədələndikdə toxumalar arasında axmış qan reaktiv iltihab əmələ gətirir. Bir çox ağırlaşmalarda bu qansızmalar öz-özünə sorulub itir. Sorulma zamanı qansızmanın kənar hissəsində qan laxtaları əmələ gəlməyə başlayır, orta hissədə isə qan hələ maye halında qalır. Beləliklə, sərt bir şişkinlik əmələ gəlir. Hematomanın içərisinə ekzogen və ya endogen yollarla infeksiya daxil ola bilər. Qansızma yerində əzələlərdə inkişaf etmiş birləşdirici toxuma çapığında çapıq qabarı əmələ gəlir. Pulsasiya (döyünən) edən hematoma çox vaxt iri qan damarlarının batırılmış yaralanmasında, odlu silah və sair açıq yaralanmalarında əmələ gəlir. Yaralanma vaxtı bəzən xarici qanaxma olur, arteriyadakı təzyiq sayəsində qan əmələ gəlmiş zədələnmə dəliyindən xaric olub yaxındakı toxumaların arasına girir, onları hopdurur və ayırır. Qan damarında əmələ gəlmiş zədələnmə dəliyi adətən açıq qalır. Qan damarı ilə əmələ gəlmiş boşluq arasında daimi bir əlaqə yaranmış olur.
Əziyin müalicəsi
R.Bağırov qeyd edib ki, əzikləri müalicə edərkən üç əsas vasitədən istifadə olnur. Bunlar bilavasitə, ardıcıl və ağırlaşmalarla mübarizə vasitələridir. Bilavasitə müalicə vasitələri kimi sıxıcı sarğı, soyutma və sair müalicə metodları tətbiq edilir. Sıxıcı sarğı qanaxmanı dayandırır və sızan qanı mümkün qədər geniş sahəyə yayıb, onun sorulmasını asanlaşdırır. Əzilmədən sonra soyutmaqdan (buzdan, soyuq kompresdən və s.) istifadə edib qanaxmanı dayandırırlar. Soyuğun təsiri nəticəsində damarlar sıxılıb-daralır, sinirlərin həssaslığı və ağrı azalır. Ətraflar zədələndikdə onları bir qədər yuxarı qaldırmaq lazımdır. Yuxarı ətraf üçbucaq yaylıqla yüksəyə bağlanır, aşağı ətraf bir qədər yuxarı qaldırılmış yastığın üzərinə qoyulur. Bunun nəticəsində qanın və limfanın axması asanlaşır, qansızmanın sorulması üçün əlverişli şərait yaradılır: “Ardıcıl müalicə vasitələri kimi istilik, masaj təyin edilir. İsti kompreslərdən, xüsusən yerli işıq vannalardan, isti havadan və içərisinə isti su doldurulmuş şüşədən, rezin balondan, yaxud sadəcə qızdırılmış şeylərdən istifadə olunur. Masaj isə qanın, limfanın və iltihab eksudatının sorulmasını qüvvətləndirmək, artırmaq üçün ən əlverişli vasitədir. Əzilmə zamanı masajın əhəmiyyəti müxtəlif əl üsullarının köməyi ilə toxumalardakı iltihab eksudatını və qanı yaymaq, beləliklə sorulmanı qüvvətləndirib patoloji kütlələrin limfa axarlarına tərəf getməsini təmin etməkdən ibarətdir. Ağırlaşmalarla mübarizə vasitələrinə gəlincə isə burada ilkin iş yaranan hematomanın müalicəsidir. Hematomanı müalicə etmək üçün əvvəlcə sıxıcı sarğıdan, sonra isə masajdan istifadə edilir. Əzilmiş yerdə ağırlaşma nəticəsində irin törəndikdə irin mənbəyini uzun kəsiklə açmaq və orada drenaj qoymaq lazımdır”.
Mənbə: Milli.Az