Qadin.NET / "Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"

"Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"

 

“İnsanlar bir sıra hallarda baş ağrılarını əhəmiyyətsiz sayırlar. Lakin xroniki baş ağrıları adi hal deyil. Bu ağrılar hansısa ciddi bir xəstəliyin əlaməti də ola bilər. Stress, depressiya baş ağrılarının yaranmasında mühüm amildir. Çox səs-küylü yerdə işləmək, gün boyu heç bir qida qəbul etməmək, qapalı şəraitdə və eyni vəziyyətdə oturmaq da baş ağrıları yaradır. Ofis şəraitində, kompüter arxasında, havasız otaqda çox olan şəxslər daha çox baş ağrılarından şikayət edirlər”. Bunu APA TV-nin “Öncə sağlıq” proqramının qonağı neyrocərrah, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman doktor Fərid Qaralov deyib. 

Onun sözlərinə görə, bir sıra hallarda baş ağrıları beyinlə deyil, ondan kənar faktorlarla bağlı ola bilər: “Məsələn, dişlərdə olan problem də baş ağrılarına səbəb olur. Gözlərdə olan təzyiq, başın ön hissəsində olan ciblərdə - hava boşluqlarında olan iltihab da güclü baş ağrıları yaradır. Qan təzyiqində dəyişkənlik də xroniki baş ağrılarına səbəb olur. Ümumiyyətlə, baş ağrılarından şikayət edən xəstələrin qan analizlərinə də baxmaq vacibdir. Məsələn, baş ağrısının səbəblərindən biri də insanların “qan azlığı” kimi tanıdığı anemiya ola bilər. Belə xəstələr uzun müddət baş ağrılarından əziyyət çəkir, ağrıkəsici qəbul edir, nevroloji müalicə alır, amma baş ağrıları keçmir. Laborator analizlər aparan zaman həmin insanda anemiya ortaya çıxar. Qanda olan problem aradan qalxarsa, xəstənin baş ağrıları keçər”.
F. Qaralov qeyd edib ki, boyun bölgəsində olan osteoxondrozlar, fəqərəarası disk yırtıqları da kəskin baş ağrılarına səbəb olur. Belə olan halda ağrılar özünü xroniki olaraq başın ənsə və təpə nahiyəsində büruzə verir.
Neyrocərrahın sözlərinə görə, beyin şişi, beyində olan damarların qanaması, xalq arasında “beyinə su yığılması” kimi ifadə olunan hidrosefaliya nəticəsində xəstədə ciddi baş ağrıları müşahidə olunur: “Bu hallarda mütləq neyrocərrah müayinəsi aparılmalıdır. Belə problemlər olanda xəstə başın hər hansı bir yerində ağrı hiss edə bilər. Beyin qapalı bir orqandır, onun içində olan hər hansı bir proses, yəni qanaxma, şiş, su yığılması beyinə xas olmayan həcm sayılır. Bu əlavə həcm başın hər tərəfində olan ağrı kimi ortaya çıxır”.
Həkim uzun müddətli baş ağrıları zamanı xəstələrin nevroloq və neyrocərraha müraciət etmələrinin vacibliyini vurğulayıb: “Başı ağrıyan şəxslərin nevroloq və neyrocərrah müayinəsindən keçmələri mütləqdir. Sadə bir baş ağrısı ciddi bir xəstəliklə bağlı ola bilər. İstənilən halda başı ağrıyan insan, bunu əhəmiyyətsiz hesab etsə belə, ən azı bir dəfə də olsa nevropatoloqun və yaxud neyrocərrahın yanında olmalıdır. Təbii ki, başı ağrıyan şəxs ağrıkəsici qəbul edə bilər. Amma ciddi bir xəstəliklə bağlı olan baş ağrıları zamanı təkcə ağrıkəsicilərdən istifadə çox yanlışdır. Ağrıkəsicini də kontrolsuz içmək fəsadlara yol açır. Hər şeydən əvvəl bu, mədə-bağırsaqda problemlər yaradır. Çoxlu ağrıkəsici qəbulu mədədə olan xoranın deşilməsinə və ciddi qanaxmalara səbəb ola bilər. Bir məsələni də yadda saxlamaq lazımdır ki, ağrıkəsicini mütləq dolu mədəyə, yəni yeməkdən sonra qəbul etmək lazımdır. Çoxlu sayda ağrıkəsici içmək qanda laxtalanma problemi də yarada bilir. Ona görə də kontrolsuz ağrıkəsici içmək qəti şəkildə tövsiyə olunmur”.
Mütəxəssis onu da deyib ki, təkrarlanan baş ağrıları mədə bulantısı, qusma, qıcolma halları, yuxuya meyllilik, özündən getmə ilə müşayiət olunursa, bu, ciddi problemlərdən xəbər verir.
Gecələr yaranan baş ağrıları barədə danışan F. Qaralov bunun əsasən kəllədaxili təzyiqin artması ilə bağlı olduğunu qeyd edib: “Bu zaman insan uzanmağa deyil, ayaq üstə durmağa çalışır. Gecə olan baş ağrıları miqrenlə də bağlı ola bilər”.
Neyrocərrah miqrenin müalicəyə tabe olmaması barədə fikirlərə də aydınlıq gətirib: “Miqren müalicə olunur. Ən azı, bunun profilaktikası var. Miqrenin provokasiya edən faktorlara diqqət yetirmək lazımdır. Məsələn, xəstələr “mən bu şeyləri edəndən sonra başımın ağrısı artır” dediyi məqamlara diqqət yetirməlidirlər. Həyatı o kontekstdə qurmaq lazımdır. Pendirin tərkibində tiramin deyilən bir maddə var, həmin maddə miqren ağrılarını provokasiya edir. Miqreni provokasiya edən çoxlu faktorlar ola bilər. Kofeinli, duzlu qidaların, spirtli içkilərin qəbulu da buna daxildir. Belə problemi olan insanlar qəti şəkildə bu qidalardan imtina etməlidirlər”.
Beyin şişləri ilə bağlı yaranan baş ağrıları barədə danışan neyrocərrah bunları deyib: “Beynimiz insanın idarəetmə mərkəzidir. Bütün bədəni beyin nizamlayır. Beyinin çoxsaylı bölgələri bədənimizin fəaliyyətini tənzimləyir. Məsələn, elə mərkəz var ayağımızı, eləsi var qolumuzu, digərləri danışığımızı, görməmizi, eşitməmizi idarə edir. Beyində olan şiş, iltihab, yəni həcmli proses hansı idarəetmə mərkəzinin yaxınlığında yerləşibsə, ora uyğun əlamətlər ortaya çıxa bilər. Məsələn, ola bilsin ki, xəstənin baş ağrıları var və eyni zamanda nitqi də dəyişib, danışanda dili dolaşır. Bu, beyində şişin və ya hər hansı həcmli prosesin nəticəsi ola bilər”.
ATU-nun Tədris Terapevtik Klinikasının əməkdaşı, nevroloq Aygün Musayeva “Öncə sağlıq” proqramına açıqlamasında deyib ki, baş ağrıları 50-dən çox xəstəliyin əlaməti ola bilər: “Miqrenlə bağlı yaranan baş ağrılarına daha çox rast gəlinir. Miqren qadınlar arasında geniş yayılmış xəstəlikdir. Miqren baş ağrıları adətən başın bir yarısını əhatə edir. Bu ağrılar müəyyən faktorlarla provokasiya oluna bilər. Məsələn, soyuqdəymələr, hər hansı bir içkinin qəbulu, gərgin iş rejimi, səsli-küylü yerlərdə olmaq baş ağrılarına təkan verə bilər. Tez-tez təkrarlanan baş ağrısı zamanı mütləq həkimə müraciət etmək lazımdır. İlk olaraq nevroloqa müraciət olunması daha məqsədəuyğundur. Çünki baş ağrıları daha çox sinir sistemi ilə bağlı ola bilər. Təbii ki, daxili orqanların xəstəlikləri zamanı da baş ağrıları yarana bilər. İstənilən halda, başı ağrıyan şəxs həkimə müraciət etməlidir”.
Mənbə: Milli.Az

 

13 yanvar 2014
GO BACK