"7 nəfərik. Bacı-qardaşlarımın böyüyü mənəm. Atam Qarabağda güllə yarası alıb ölüb, anam xəstədir. Tək babam işləyir, o da fəhlədir. Həmişə iş olmur. Mən dərsə getmirəm. Bazarda işləyirəm ki, bir az pul qazanım, evə çörək ala bilim. Mən bazarda işləmək istəmirəm. Oxumaq istəyirəm. Amma oxuya bilmirəm. Məktəbə getməyə pulum yoxdur. Oxusam da, bacılarımla qardaşlarıma, anama kim baxacaq?" 14 yaşlı Viçeq Arustamyan Qukarkda yaşayır. O, rayon mərkəzi boyda olan bu şəhərin bazarında yük daşıyır. Viçeq Ermənistandakı minlərlə, on minlərlə yoxsul ailənin uşaqlarından biridir.
...ABŞ prezidenti Barak Obama Google, Twitter, Apple və s. təki texnoloji nəhənglərin rəhbərləri ilə görüşərək Milli Təhlükəsizlik Agentliyinin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edib. Bu agentlik Edvard Snouden qalmaqalından sonra bütün dünya mediasının diqqət mərkəzindədir: qurum Birləşmiş Ştatlarla yanaşı, dünyanın bir çox ölkələrində elektron poçtların gizli şəkildə yoxlanılması, telefon danışıqlarına qulaq asılmasında suçlanır.
Şübhə yox ki, Barak Obamanın keçirdiyi görüşün əsas məqsədi bu qalmaqal deyildi. Obama administrasiyası lap əvvəldən informasiya və texnologiya nəhənglərini iqtisadi bazasına çevirməyə çalışır. Bu məqam Birləşmiş Ştatların daxili münasibətlər müstəvisində olan məsələ yox, həm də Obama administrasiyasının xarici siyasət, qlobal münasibətlərin inkişafı sahəsindəki baxışı, metodologiyasıdır. Dünyada yetərincə kəskin və amansız siyasi, ideoloji və strateji qarşıdurmaların yaşandığı bir dönəmdə Vaşinqtonda keçirilmiş görüş yetərincə maraqlıdır. Artıq yeni "soyuq savaş" dönəmindəyik. Rusiya postsovet ölkələrini aşkar şəkildə təhdid edir və qüvvəsini nümayiş etdirməyə çalışır. Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri də bəhs olunan geosiyasi oyunlar silsiləsindən olan bir olaydı.
Səfərə Yerevandan yox, Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrüdən başlayan Vladimir Putin bu minvalla Ermənistan prezidenti Serj Sarkisyana və Yerevandakı hakimiyyətə olan münasibətini ortaya qoydu. Rusiya Ermənistanı bərabərhüquqlu tərəfdaş, strateji müttəfiq adlandırsa da, əslində Yerevanı forpost bilir və məhz bu səbəbdən də Putin bilərəkdən diplomatik protokolu pozaraq Sarkisyanı aşağıladı, səfərinə Gümrüdəki bazadan başlayaraq Yerevandakı rejimə yerini göstərdi. Ermənistan çox riskli durumdadır. Bir tərəfdən Ermənistan Cənubi Qafqazda Rusiyanın "yumruğu" funksiyasını yerinə yetirir. Ermənistan sərhədlərinin qorunmasının "könüllü" şəkildə Rusiyaya həvalə olunması, 102-ci bazanın təminatını bütünlüklə Yerevanın öz boynuna götürməsi, habelə təhlükəsizliyin təminatı ilə bağlı məsələlərin Rusiyanın verdikti olmadan qəbul edilməməsi barədə anlaşma - bütün bunlar Ermənistanın sırf baza, quberniya, metropoliyanın nəzarətindəki koloniya, istismar olunan ölkə statusunda olduğunu göstərir.
Moskvanın icazəsi olmadan Ermənistan xarici siyasətdə heç bir önəmli addım atmır və bundan sonra ata da bilməz. Amma Serj Sarkisyan anlayır ki, Rusiyadan belə asılılıq onu məhv edə bilər, çünki qarşı tərəfdə "potensial rəqib" qismində görməsi əmr olunan ABŞ və Avropa Birliyi var. Buna görə də Yerevandakı rejim Rusiyanın göstərişlərini yerinə yetirən kvazihakimiyyət, süni oliqarxiyadan ibarət xunta rolunu oynasa da, zahirən özünü Qərblə əlaqələrin möhkəmləndirilməsində, Avropaya inteqrasiyada maraqlı ölkə kimi göstərmək istəyir. Serj Sarkisyan ABŞ ilə təmasları guya intensivləşdirərək amerikalıların Cənubi Qafqazdakı "informasiya texnologiyaları yumruğu"na çevrilməyi xəyal edir. Yəni Yerevan amerikalıların pullarından, texnologiyalarından, yardım və kreditlərindən yararlanaraq iqtisadiyyatını bataqlıqdan çıxarmağı arzulayır. Təbii ehtiyatlar baxımından kasad Ermənistanda çıxış yolu informasiya texnologiyalarıdır ki, Serj Sarkisyan oliqopoliyası da məhz bu istiqamətdə hərəkət etmək arzusunu açıqlayır.
Pis arzu deyil, amma gerçəklikdən çox uzaqdır. Rusiya hadisələrin bəhs etdiyimiz məcrasında inkişafına əsla imkan verməz. Bundan başqa, Ermənistanın mövcud durumu və intellektual resursları ilə yanaşı, insan potensialı "texnoloji yumruq" olmağa imkan vermir.
Malayziya, Tayvan və ya Sinqapur kimi ölkəyə çevrilməyi arzulayan ermənilər ilk əvvəl vətəndaş hüquqlarının təminatını, azad rəqabət, korrupsiya və rüşvətxorluqda boğulmayan cəmiyyət modelini təmin etməlidirlər. Texnoloji inkişaf ağıllı insanların irəli çəkilməsini, onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Ermənistanda cəmiyyət tabanlarında irəliləmək üçün yalnız hakimiyyət ierarxiyasının mənsubu olmaq, rüşvət alıb vermək, çirkaba bulaşmaq, cinayətlərə göz yumaraq cinayətlər törətmək və mövcud hakimiyyətin oyun qaydalarına riayət etmək gərəkdir. Ölkədəki ali təhsil müəssisələrinə daxil olmağa çalışan gənclərin yeganə məqsədi oxuduqdan sonra "pullu yer"də çalışmaq, ruşvət almaq, rüşvət vermək, bu minvalla varlanmaq, çoxlu para toplamaq və sonucda harınlaşmaqdır.
...14 yaşlı Viçeq Arustamyanın ən böyük arzusu oxumaq, təhsil almaqdır. O oxuya bilmir. Ölkəni idarə edən rejim balaca Viçeq təki on minlərlə uşağın taleyini məhv edib, yaşamını zillətə çevirib.
Arustamyanlar ailəsi təki yoxsul yaşamaq istəməyənlər isə ya ölkəni tərk edərək çörək axtarışı üçün başqa ölkələrə yollanır, ya da mövcud reallıqlara boyun əyərək həyat sürmək məcburiyyətində qalırlar.
Başqa çıxış yolu yoxdur. Ermənistanın hakimiyyət dairələri Rusiya və Qərb arasında oyunları davam etdirərək ölkəni kontrolda saxlamağa çalışır. Lakin bu, qaynayan qazanın qapağını bir qədər də bərk sıxaraq kənara buğ çıxmasının qarşısını almağa bənzəyir. Həmin buğ müğləq çıxmalıdır. Əks təqdirdə qazan partlayacaq. Yerevandakı partlayışa isə, belə davam edərsə, çox qalmayıb. İşığı öləziyən ölkənin sabahının nurlu olacağını demək çətindir çünki.
Başqa çıxış yolu yoxdur. Ermənistanın hakimiyyət dairələri Rusiya və Qərb arasında oyunları davam etdirərək ölkəni kontrolda saxlamağa çalışır. Lakin bu, qaynayan qazanın qapağını bir qədər də bərk sıxaraq kənara buğ çıxmasının qarşısını almağa bənzəyir. Həmin buğ müğləq çıxmalıdır. Əks təqdirdə qazan partlayacaq. Yerevandakı partlayışa isə, belə davam edərsə, çox qalmayıb. İşığı öləziyən ölkənin sabahının nurlu olacağını demək çətindir çünki.
Mənbə: Milli.Az