Qadin.NET / Azərbaycanda yumurta döyüşdürənlər: qiyməti kimlər qaldırır?

Azərbaycanda yumurta döyüşdürənlər: qiyməti kimlər qaldırır?

 

Azərbaycanda yumurtanın bayram günlərindən artan qiyməti hələ də ucuzlaşmır. Milli.Az-ın məlumatına görə, yeni ilə təxminən yarım ay qalmış ölkədə yumurtanın qiyməti qalxanda bir çoxları bunu bayramla əlaqələndirirdilər. Lakin tələbat azalsa da, yumurtanın qiyməti azalmadı. Bakının bütün mağazalarında yumurta 15 qəpiyə, kənd yumurtası isə 20-25 qəpiyə satılır. Satıcılarla apardığımız söhbətdən məlum oldu ki, yumurtanın bahalaşması onun topdansatış qiymətinin artması ilə bağlıdır. Əvvəllər bu qiymət 8, 9,10 qəpik idisə, hazırda 13-14 qəpikdir. Rəsmi rəqəmlərə görə, 2013-cü ildə ölkədə 1 milyard ədəddən çox yumurta istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, yumurtanın qiymətinə dövlət nəzarət edir. Ona görə də onun qiyməti özbaşına qaldırıla bilməz. Yumurtanın qiyməti necə idisə, elə də qalıb.

Cəmiyyət sədrinin sözlərinə görə, qiymətin qalxması birbaşa onun satışı ilə məşğul olanların öz işidir: “Yalan danışırlar, özləri qaldırırlar. 4 cür yumurta var. 8, 9, 10 qəpiyə, bir də 11 qəpiyə olan ekstra yumurta var. Ticarətçilər sonradan hamısını qarışdırıb 14-15 qəpiyə satırlar. Bayramdan əvvəl işbazlar yumurtanın qiymətini artırdılar, sonra isə elə də qaldı”. Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı.
Mənbə: Milli.Az

13 yanvar 2014
GO BACK