Qadin.NET / Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?

Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?

 

Xəstə insanları ziyarət etmək onların qulluğunda durmaq qədər vacibdir. Xəstə insan- ların görüşünə getmək ziyarət edən insanlar üçün də “dərs”dir; sağlamlı- ğın qədrini bilmək, indiki halına şükür etmək yönündən.
 Kimin başına nə gələcək, kim hansı aqibətlə üzləşəcək onu əvvəlcədən bilən yoxdur. Əlimizdən gələn yeganə şey yaxşı işlər görmək, yaxşı insan olub, Allahdan yaxşı şeylər diləməkdir; təbii ki, sağlamlığımızın qeydinə vaxtında qalmaq şərti ilə...
Bəzən bunu hər kəs bacarmır. Çünki diqqətsizliyimiz imkan vermir. Bayram tətilində ziyarətinə getdiyim yaşlı və xəstə insanlarla söhbətdən sonra buna bir daha əmin oldum. Ziyarətinə getdiyim Məşədi dayının yaşı 80-dən çoxdur, gözləri 14 ildir tutulub, heç yeri görmür. Həmsöhbətim deyir ki, insan xəstə olanda, qocalanda gözləri yol çəkir: “Elə hey gözləyirsən ki, gələn olsun, söhbət eləsin, danışsın, sənin də fikrin dağılsın. Gözüm tutulmamışdan toyunda qol götürüb oynadığım, xeyrinə-şərinə əziyyət çəkdiyim insanları axtarıram. Hamının başı işə-gücə qarışıb”.
Bəs siz, sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz? Haradasa bağlı qapı arxasında yolunuzu gözləyən birinin olduğunun fərqindəsinizmi? Xəstəlik bir imtahandır deyirlər. Amma xəstələr həm də onları tanıyan insanlar üçün imtahandırlar. Xəstələrin ziyarətinə vaxtında gedək ki, bir gün bizim də gözümüz qapıda qalmasın...
El dilində məhşur bir söz var; kiminin əvvəli, kiminin axırı. Kimin başına nə gələcək, kim hansı aqibətlə üzləşəcək onu bilən yoxdur. Əlimizdən gələn yeganə şey yaxşı işlər görmək, yaxşı insan olub Allahdan yaxşı şeylər diləməkdir. Təbii ki, sağlamlığımızın qeydinə vaxtında qalmaq şərti ilə...
Bəzən bunu hər kəs bacarmır. Bəlkə də, bacara bilmir. Şərt o deyil ki, yaxşılıq eləmək üçün maddi imkanın yüksək olmalıdır, ay nə bilim, hansısa vəzifədə çalışıb insanların əlindən tutmalısan və s. Bunların heç biri olmadan da yaxşılıq eləmək mümkündür. Amma diqqətsizliyimiz imkan versə.
Bu gün diqqətsizliyimizdən ən çox əziyyət çəkənlər sırasında xəstələr, uzun illər yatağa möhtac olan insanlar öndə gəlirlər. Bayram tətilində ziyarətinə getdiyim yaşlı və xəstə insanlarla söhbətdən sonra buna bir daha əmin oldum. Ziyarətinə getdiyim Məşədi dayının yaşı 80-dən çoxdur, gözləri 14 ildir tutulub, heç yeri görmür. Dediyinə görə, 14 il öncə əməliyyat edilsə də, heç bir faydası olmayıb. Əksinə, həkim deyib ki, əməliyyata girməməyin məsləhətdir, gözün tam tutula bilər. Deyib ki, yaxşısı budur gözləyin, özü nə vaxt tutular-tutular. Amma Məşədi dayı razılaşmayıb və öz israrı ilə gözləri əməliyyat olunub. Lakin həkimlərin dediyi kimi də olub - gözləri tam tutulub.
“Xeyrinə-şərinə əziyyət çəkdiyim insanları axtarıram”
Məşədi dayının yoldaşı çoxdan dünyasını dəyişib. Oğlanları onunla eyni həyətdə yaşasalar da, evləri ayrıdır. Qulluğunda dururlar, nə lazımdırsa, edirlər. Bütün bunlara baxmayaraq, 14 ildir ki, gününü evdə, yayda isə uzağı eyvanda keçirir. Dostları, yaşıdları çoxdan dünyasını dəyişiblər. Evində heç televizoru da yoxdur. Məşədi dayı, xüsusən, qış fəslində çox darıxdığını deyir: “Bəzən deyirlər ki, ziyarətinə əliboş gəlməkdən utanırıq. Bu yaşda, bundan sonra mənə heç nə lazım deyil. Gəlib yanımda bir nəfər oturub söhbət edəndə elə bilirəm təzədən doğuluram. İnsan xəstə olanda, qocalanda gözləri yol çəkir. Elə hey gözləyirsən ki, gələn olsun, söhbət eləsin, danışsın, sənin də başın qarışsın”.
Gözüm tutulmamışdan toyunda qol götürüb oynadığım, xeyrinə-şərinə əziyyət çəkdiyim insanları axtarıram. Hamının başı işə-gücə qarışıb. Heç onları qınamıram da. Amma sən danışdırırsan, deyirəm”.
“Gözü qapıda qalmağın nə demək olduğunu sonradan anladım”
Ziyarətinə yollandığım 70 yaşlı Pəri İsmayılovadan da eyni sözləri eşitdim. Bir vaxtlar kolxozda çalışan, özünü oda-közə vuran Pəri nənə də insanların diqqətsizliyindən gileyləndi. Pəri nənə özünü də qınayır. Deyir gənc olanda onun da başı iş-gücə qarışıb, xəstələri, qocaları ziyarət edə bilməyib: “O vaxtı bilməzdim belə günlər yaşayacağımı. Xəstəliyin nə qədər ağır olduğunu, insana nələr çəkdirdiyini, gözü qapıda qalmağın nə demək olduğunu sonradan anladım”.
“Dünya həmin insanların çiynində durub”
“İnsanların başı iş-gücə qarışdığı üçün xəstələrin ziyarətinə gələ bilmirlər” fikri ilə razılaşmır Pəri nənə. Deyir tanıdığı insanların arasında o qədər işsiz-gücsüz, bekar adamlar var - onlar da gəlmirlər: “Hamıya aid deyil, diqqətli, gülərüz, xoşxasiyyət insanlar da çoxdur. Yaxşı ki, belələri var, dünya həmin insanların çiynində durub. Bəzi insanlar isə bizim halımızı vaxtında başa düşmürlər, düşəndə də gec olur”.
Yolumuzu gözləyən o qədər insan var...
Ziyarətlərində olduğum müddətdə mənə elə gəldi ki, Məşədi babanın da, Pəri nənənin də gözlərinə işıq gəldi. Keçmişdə olanlardan tutmuş, mənə məsləhət verməyə qədər hər şeydən danışdıq. Sonda başa düşdüm ki, bu ziyarətdən təkcə onlar yox, elə mən özüm də rahatlandım.
O gündən elə hey düşünürəm ki, mənim, mənim kimi insanların yolunu gözləyən gör nə qədər insan var...
Nəyimiz əskilər?
Bəs siz, sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyrətinə getmisiniz? Haradasa bağlı qapı arxasında yolunuzu gözləyən birinin olduğunun fərqindəsinizmi?
Xəstəlik bir imtahandır deyirlər. Amma mənə elə gəlir ki, xəstələr həm də onları tanıyan insanlar üçün imtahandırlar. Xəstələri ziyarət etmək yaxşı əməl olmaqla yanaşı, həm də savab işdir. Gün ərzində başımızı o qədər mənasız işlərə qatırıq ki, o qədər boş vaxt keçirdiyimiz günlər olur ki, onları dəyərləndirsək, xəstə insanları ziyarətə getsək, nəyimiz əskilər? Xəstələrin ziyarətinə gedin ki, bir gün sizin də gözünüz qapıda qalmasın...
Mənbə: Azərbaycan qəzeti
12 yanvar 2014
GO BACK