Qadin.NET / Cənub Dəhlizindən hansı ölkələr və necə faydalanacaq

Cənub Dəhlizindən hansı ölkələr və necə faydalanacaq

 

Cənub Qaz Dəhlizi yeni ixrac marşrutu açmaqla və Azərbaycanı ilk dəfə Avropa ilə birbaşa birləşdirməklə enerji təhlükəsizliyində böyük rol oynayacaq. O, ərazisindən keçirdiyi bütün ölkələrə bir sıra mühüm faydalar gətirəcək. "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarı verilərkən Prezident İlham Əliyev bunu bir daha vurğulayaraq demişdir: "Cənub Dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək və ölkəmiz, eləcə də region ölkələri üçün əlavə imkanlar açacaqdır".
 Bəs dəhlizboyu ölkələrin hər biri bu imkanlardan necə faydalanacaq?
Azərbaycan qazı Xəzərdən Adriatik dənizinə qədər 3500 kilometrdən çox məsafə qət edəcək. Məlum olduğu kimi, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi 2006-cı ildən Gürcüstana və növbəti ildən Türkiyəyə qaz ixracına imkan verib. İkinci mərhələdə Azərbaycan qazının nəql olunduğu ölkələrin coğrafiyası xeyli genişlənəcək. 2018-ci ildən Türkiyəyə, təxminən bir il ondan sonra isə Avropaya qaz satışına başlanacaq. Başqa sözlə, getdikcə artan hasilat ölkəmizin böyük regional qaz təchizatçısı kimi rolunu gücləndirəcək. Belə olduğu halda təbii ki, qarşıdakı onilliklərdə Azərbaycanın neft-qaz gəlirləri xeyli artacaq.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə demişdir: "Bu layihə Azərbaycana böyük devidendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir. "Şahdəniz-2", TANAP, TAP - yəni, bu məsələ ilə bağlı olan layihələrin icrası ancaq ilkin hesablamalara görə 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin icrasında, neft-qaz əməliyyatlarının aparılmasında böyük təcrübə toplamış həm dövlət, həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə, bu şirkətlərə böyük sifarişlər veriləcəkdir".
Bundan əlavə, Azərbaycanda, quru ərazidə yeni obyektlər, dənizdə qurğular və ixrac infrastrukturu yaradılacaq. Bütün bunlar ən qabaqcıl texnologiyalardan istifadə edilməklə beynəlxalq standartlara uyğun inşa olunacaq.
Gürcüstan "Şahdəniz-2"dən hasil edilən qazın alıcısı kimi faydalanacaq. Bununla yanaşı, qonşu ölkə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsindən bəhrələnəcək. Bu layihənin Gürcüstana 2 milyard dollar həcmində birbaşa xarici investisiya təmin edəcəyi gözlənilir. "Şahdəniz" layihəsinin əməliyyatçısı olan BP şirkətinin məlumatına görə, həmin kapital məsrəflərinin 20 faizinin Gürcüstandakı yerli təchizatçılar tərəfindən təqdim edilən mallara və xidmətlərə xərclənməsi planlaşdırılır. Tikinti obyektlərində təxminən 2000 nəfər Gürcüstan vətəndaşı işlə təmin olunacaq.
Türkiyənin qaz tələbatının 15 faizə qədərini hazırda "Şahdəniz" yatağı təmin edir. İkinci mərhələ hasilata başlayandan sonra bu göstərici 25 faizə çatacaq. TANAP-ın - Trans Anadolu Boru Kəmərinin inşası Türkiyədə 15 minədək yeni iş yerinin açılmasına imkan verəcək və ölkəyə böyük kapital qoyuluşuna səbəb olacaq. "Şahdəniz-2" və TANAP layihələri Türkiyədəki qaz nəqletmə infrastrukturunu zənginləşdirəcək. Beləliklə, bu ölkə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli iştirakçıya çevriləcək.
Albaniya, Yunanıstan və İtaliya TAP - Trans Adriatik Boru Kəməri vasitəsilə əhəmiyyətli həcmdə birbaşa xarici investisiya əldə edəcək. Əlbəttə, burada da minlərlə yeni iş yerləri açılacaq. Bu layihə təkcə Yunanıstanda 1,5 milyard avro həcmində birbaşa xarici sərmayə qoyuluşunu təmin edəcək.
"Şahdəniz-2" qazı Yunanıstan, Bolqarıstan və İtaliyadakı istehlakçılar üçün yeni yanacaq mənbəyi olacaq. TAP layihəsi Albaniyaya öz qaz sənayesini inkişaf etdirmək və elektrik enerjisinin istehsalında yüksək səmərəliliyə nail olmaq üçün nadir imkan yaradacaq.
TAP xətti, həmçinin mövcud və planlaşdırılan boru kəməri infprastrukturlarına, məsələn, İon-Adriatik Boru Kəməri və Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinə calana bilər. Keçən ilin may ayında Albaniya, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfindən imzalanmış hökumətlərarası Anlaşma Memorandumu bu perspektivləri daha da gücləndirib. Nəhayət, Cənub Qaz Dəhlizi böyük ekoloji əhəmiyyətə malikdir. Belə ki, dəhliz Avropanın enerji strukturundakı balansı ən təmiz mədən yanacağı - təbii qazın xeyrinə çevirəcək. Yəni, o, keçdiyi ölkələrə karbon qazı atqılarını azaltmağa yardım edəcək.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun dediyi kimi: "Bu dəhlizin reallaşdırılması bizim ortaq strateji maraqlarımıza cavab verir. Bu, bizim enerji təchizatımızın və tələbatımızın təhlükəsizliyi və diversifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir".
Mənbə: Azərbaycan Qəzeti
12 yanvar 2014
GO BACK