Aksiya iştirakçıları əmindirlər ki, hazırkı hakimiyyət öz kürsüsündə çox qala bilməyəcək və onları kabinetləri xilas etməyəcək. Onlar eləcə də Ermənistanın Gömrük İttifaqına üzvlüyünə də etiraz ediblər. Bununla bağlı da onların əllərində çoxsaylı şüarlar olub. Aksiya iştirakçıları daha sonra Milli Təhlükəsizlik Xidmətinin qarşısına yığışıblar. Lakin bura gəlməmişdən əvvəl polislə qarşıdurma yaşanıb. Paytaxt küçələrindən birini bağlamaq istəyən aksiya iştirakçılarının qarşısını polis zorakılıqla alıb. Sonradan “Azadlıq” meydanında davam edən aksiyaya “İrs” Partiyasının lideri Raffi Ovannisyan da qoşulub. O bildirib ki, aksiyaya adi vətəndaş kimi qatılıb və əsas istəyi siyasi məhbusların azad edilməsidir. Fevral ayından etibarən aktiv siyasi fəaliyyətini bərpa edəcəyini bəyan edən Raffi Ovannisyan əsas sözünü məhz onda deyəcəyini bəyan edib. “Mən öz sözümü fevralda deyəcəyəm. Lakin ona qədər aksiya və küçə yürüşlərində iştirak edəcəyəm. Siyasi mövqe burada əhəmiyyət kəsb etmir”, - deyə prezidentliyə keçmiş namizəd bildirib.
Ermənistanın ilk xarici işlər naziri olan Raffi Ovannisyan prezident seçkilərinin nəticələrini ədalətsiz və saxta adlandıraraq, Sarkisyanın deyil, özünün qalib olduğunu bir daha iddia edib. Raffi Ovannisyan mitinqləri davam etdirmək üçün bölgələrə yola düşəcəyini də deyib. Ovannisyan ilk dayanacağının qələbə qazandığı Aştarak şəhəri olacağını söyləyib. Erməni KİV-lərinin yazdığına görə, buradakı tərəfdarları Ovannisyanı prezident adlandırırlar. Mitinqdə çıxışı zamanı Ovannisyan qanun çərçivəsində addım atacağını və qan tökülməsinə qarşı çıxdığını deyib. Ovannisyan həmçinin etirazçılara qarşı təzyiq göstərən qubernatorları da istefaya çağırıb. Qeyd edək ki, Aştarakdan sonra Ovannisyan Vanadzor, sonra isə Gümrüdə mitinqlər keçirməyi planlaşdırır. Digər müxalifət lideri Erməni Milli Konqresinin funksioneri Nikol Paşinyan isə bəyan edib ki, bu mitinqləri xalq keçirir və ehtiyac olarsa, eks-prezident Levon Ter-Petrosyan da bu aksiyalara qoşulacaq. Axşama yaxın aksiya iştirakçılarına siyasi xadimlər Paruyur Ayrikyan, hüquq müdafiəçisi Artur Sakunts da qoşulub. Maraqlıdır ki, hakimiyyət aksiyanın genişmiqyaslı olmasının qarşısını almaq üçün əlindən gələni edib. Ətraf yerlərdən paytaxta gələn avtobusların sayı azaldılıb, xeyli sayda polis əməkdaşı aksiyaya cəlb edilib. Polis əməkdaşları “Azadlıq” meydanı və baş prokurorluğa gedən yolları məhdudlaşdırıblar. Onu da qeyd edək ki, Rusiya da aksiya iştirakçılarının diqqətindən kənarda qalmayıb. Ermənistan-Rusiya dostluq abidəsinin önünə toplaşan aksiya iştirakçıları burada Rusiya rəhbərliyi və şəxsən prezident Vladimir Putinin ünvanına sərt şüarlar səsləndiriblər. Aksiya iştirakçılarından biri deyib ki, Rusiya Stalin rejiminin siyasətini həyata keçirməklə məşğuldur: “Moskva bəyan edir ki, bizim müttəfiqimizdir, lakin Azərbaycana silah satmaqla məşğuldur”.
Mənbə: Kaspi.Az