Qadin.NET / Azərbaycanda toy dəbi dəyişir

Azərbaycanda toy dəbi dəyişir

 

Toy hər bir gəncin həyatındakı ən önəmli hadisələrdən biridir. Məhz bu gün daha gözəl görünmək üçün xanımlar əllərindən gələni etməyə çalışırlar. Gözəllik salonlarının məqsədi gözəlləşdirmək olsa da, bəzən xanımlar belə məkanlara çox da yaxın durmurlar. Səbəb isə qiymət artımıdır.Gələn müştərinin gəlin olacağı bilinəndə sürətlə qalxan qiymətlər xanımlar üçün xoşagəlməyən sürpriz olur. Ziyafət üçün hazırlaşan xanımlarla gəlinlər arasında kəskin qiymət fərqi olması da insanda maraq yaradır. Eyni saç düzümü və eyni makiyaja duvaq salınması ilə gəlinlər üçün qiymət 3 qat artır. Halbuki o qiymətə 3 ziyafətə gedən xanım salon xidmətlərindən yararlana bilər.Toy üçün gözəllik salonu axtarışında olan Cəmilə Muradova deyir ki, düz deyərək normal xidmət əldə etmək mümkün deyil. Toyla bağlı olan istənilən mağazalarda alış-veriş edən gəlin özüdürsə, qiymətlər işıq sürəti ilə qaxır. Şirin dil və mehribanlıqla insanı ələ alan mağaza sahibləri isə sonda elə qiymət deyirlər ki, olan həvəs də itir: "Təkcə gül salonları deyil, ümumiyyətlə, əksər butiklər toy adı eşidən kimi qiymətləri iki qat qaldırırlar. Başqa aksessuarları başqa toya gedirəm deyib münasib qiymətə almaq olur, amma çələng, gəlinlik, makiyaj və s. kimi xidmətlərdə artıq bilirlər ki, filankəsi gəlin bəzəyirlər. Qiymət qalxır və normalda 50 manatlıq saçı nişan toy ərəfələrində 150 manatdan aşağı tapmaq çətin olur. Gərək aldadasan, xoşluqla mümkün deyil".Əvvəllər toy ərəfəsində gül salonlarında sadəcə gül bəzədilib gəlin üçün buket hazırlanırdısa, son zamanlar çələnglər də ən çox istək alan aksessuar olub. Fərqli güllərdən hazırlanan saç çələnglərini bu gün əksər gəlinlər sifariş edir. Salonlar isə bu xidməti elə də münasib qiymətə təklif etmir. Satıcı Valeri Kərimovun sözlərinə görə, yaz, yay aylarında belə çələnglərə maraq böyük olur. Ümumiyyətlə, çələnglər fəslə görə yox, gülün növünə görə dəyərləndirilir: "Bizim gül salonunda hər rəng çələng elətdirmək mümkündür. Güllərdən və çələngin quruluşundan asılı olaraq qiymətlər dəyişir. Çələnglər fotosessiya, adi günlər üçün, ad günü üçün edilirsə belə çələnglərin qiyməti 30 manatdan başlayır. Təbii ki, gülün hansı növ olmasından asılı olaraq qiymət fərqi olur. Toy, nişan üçün edilən çələnglər isə 55 manatdan başlayır. İkisi arasında əslində elə də fərq yoxdur. Sadəcə toy və nişan çələnglərini daha fərqli yığırıq ki, bu çələnglər 6 saat ərzində keyfiyyətini itirməsin, möhkəm və şux qalsın. Bəzən elə olur ki, artıq toyun ikinci yarısında gəlinin başındakı güllər sönükləşməyə, sallanmağa başlayır. Bizdə yığılan çələnglərin keyfiyyətli olmasına, mərasimi sona kimi yola verməsinə zəmanət veririk. Yaz aylarında çox çələng satıldığından endirim edirik. Bu aylarda isə öz qiymətinə veririk. Endirim yoxdur". Seriallardakı tarixi obrazları canlandıran xanımlardan sonra saçlara müxtəlif aksessuarlar taxmaq və gəlinləri bu cür bəzəmək də maraq dairəsinə çevrilir. Bu da xanımlar tərəfindən sevilərək toy aksessuarları sırasına daxil edilir və bu gün belə aksessuarları əldə etmək də çətindir. Gözəllik salonlarında olan bu cür bəzəklər sadəcə 1 günlük istifadəyə verilir və mütləq geri verilməlidir. Gözəllik salonlarındlan birinin sahibi Natella Sarıyeva deyir ki, aksessuarların qiyməti baha deyil. Tələbat məcbur edir ki, qiymət qalxsın:  "Salonda biz həm saç yığılmasını, həm də tək aksessuarları təklif edirik. Baxır hansı məclis üçün. Qonaqlıqlar üçün aksessuar bizdən və sonra qaytarmaq şərti ilə 40 manata edirik. Toy, nişan, xna mərasimi üçün aksessuarlar bizdən olmaq şərtilə 80-100 manata edirik. İstəsələr, gül salonlarından da çələnglər sifariş edirik. Belə olan halda qiymət bir az da artır. Biz düşünmürük ki, qiymətlər bahadır. Saç hörmürük ki, usta saatlarla xanımın saçı üstündə əziyyət çəkir. Saçı ustadan başqa heç kim yığa bilmirsə, deməli, saç yığmaq işi çətindir. Ustanın da əməkhaqqı olmalıdır. Üstəlik, xanımlar indi sadə saç düzümləri istəmir ki, deyək, hə, o saç düzümünə bu qiymət bahadır. Gəlinlərin istək və kaprizlərinin qarşısında bu ödəniş hələ azdır. Aksessuara gəldikdə sənədlə veririk. Qarşı tərəf hər hansı bir sənəd verir və 1 günlük aksessuarı veririk. Səhərisi gün qaytarılmadığı təqdirdə aksessuarın yarı qiyməti də üzərinə gəlir. Aksessuar qaytarıldıqda isə sənədlərini geri ala bilərlər". Əlaqə saxladığımız bütün gözəllik salonlarında ziyafət saç düzümləri ilə gəlinlik saç düzümləri arasında böyük fərq olduğunu gördük. Sadəcə fata, yaxud hər hansı bir aksessuar eyni saç düzümünün qiymətini olduqca artırmağa qadirdir. Ümumilikdə isə ziyafət üçün 50-100, toy-nişan üçün isə 150-300 manat arasında bəzənərək salonlardan çıxmaq mümkündür. 

Mənbə: Ekspress.Az

 

11 yanvar 2014
GO BACK