Qadin.NET / Sevimli serialınızı "əlinizdən alırlar"?

Sevimli serialınızı "əlinizdən alırlar"?

 

Xarici kanallara baxa bilmək üçün vətəndaşlar əlavə qurğu almalı və kabel televiziyalarından istifadə etməlidirlər

 

Bu il yanvarın 1-dən etibarən Azərbaycanda rəqəmsal yayımda olan xarici telekanalların ötürülməsi məhdudlaşdırılıb. Bu da ölkənin tam olaraq rəqəmsal yayıma keçməsi ilə əlaqədardır. Hazırda açıq paketlə yalnız yerli və bir də Türkiyənin TRT1 kanalı tamaşaçılara ötürülür. Eyni zamanda, hər bir vətəndaş istəyindən asılı olaraq xarici kanallara da baxa bilər. Lakin bunun üçün əlavə qurğu almalı və kabel televiziyalarından istifadə etməlidir. Anspress yazır ki, hazırda ölkə ərazisində rəqəmsal yayımla bərabər analoq yayım da davam etdirilir. Hesab olunur ki, əhali rəqəmsal yayıma keçidə tədricən alışmalıdır. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məsələ ilə bağlı danışarkən bildirib ki, insanların tam rəqəmsal yayıma keçid üçün dekoder, riskiver, kinerlər adlanan aparatlar alması arzulanandır. “İstəyirik ki, analoq yayım dayandırılanda hər hansısa problem ortaya çıxmasın”- deyən şura sədri söyləyib ki, dövlət yalnız yerli kanallar üçün məsuliyyət daşıyır. Azərbaycanda isə ümumrespublika televiziya kanallarının sayı cəmi 10-a yaxındır və onlar pulsuz olaraq əhaliyə yayımlanır. Xarici kanalların yayımlanmasında dövlətin hər hansısa bir öhdəliyinin olmadığını önə çəkən N.Məhərrəmli deyib ki, onların yayımı ilə ancaq özəl şirkətlər, kabel televiziyaları məşğul ola bilərlər: “2014-cü ildə tam olaraq rəqəmsal yayıma keçəcəyik. Biz əhalinin marağını nəzərə alırıq. Hesab edirik ki, bu işə tam hazırlaşmalıyıq və ondan sonra analoq yayımı dayandırmalıyıq. Çünki ölkədə kifayət qədər dekoderlər olmalıdır ki, əhali analoq yayım dayanan kimi, rəqəmsal yayımdan istifadə edə bilsin. Aztəminatlı əhaliyə dekoderlərin verilməsi ilə bağlı biz cənab prezidentə müraciət etmişik, Nazirlər Kabineti də bu məsələyə baxıb. Məsələ gündəmdədir. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Dekoderlərin verilməsi yalnız aztəminatlı ailələrə aiddir. Əhalinin böyük hissəsi rəqəmsal yayıma keçmək üçün indidən dekoderləri mağazalardan almalıdırlar. Əks halda, analoq yayım dayanandan sonra onlar televiziya kanallarına baxa bilməyəcəklər”. “Kür” Elektron Avadanlıqları İstehsalı MMC-nin baş direktoru Rizvan Osmanov məsələ ilə bağlı bildirib ki, hazırda onların müəssisələrində dekoderlər var: “Bu avadanlıq ölkənin həm paytaxtında, həm də digər şəhərlərində, o cümlədən Gəncə, Goranboy, Sumqayıtda satışa çıxarılıb. Əhali bu qurğunu televizorlara quraşdırmaqla Azərbaycan Respublikasında rəsmi şəkildə yayımlanan kanallara baxa bilər. Yəni bura yerli telekanallar və Türkiyənin TRT1 kanalı daxildir. Onun qiyməti 30 manatdır”. R.Osmanov bildirib ki, lazım olduğu təqdirdə əhalini tam olaraq rəqəmli TV qəbuledicisi ilə (“setter box”) təmin edə bilərlər: “Qeyd edim ki, tez-tez ölkədə aztəminatlı ailələrə dekoderlərin verilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər belə bir qərar qəbul olunsa və o, bizə yönləndirilsə, onda tələb olunan sayda avadanlıq istehsal edə bilərik. Çünki bizim müəssisə gündəlik olaraq 140-200-ə qədər rəqəmli TV qəbuledicisini istehsal edə bilər”. Lakin R.Osmanov bildirib ki, hələlik onların istehsal etdiyi avadanlıqla xarici telekanallara baxmaq mümkün deyil: “Yerli, yəni açıq yayımda olan kanallardan başqa, insanlar digər xarici kanallara da baxmaq istəyərsə, o zaman bunun üçün kart alıb qurğulara taxmalıdırlar. Hazırda bizim istehsal etdiyimiz avadanlıqlar kartları dəstəkləmir. Amma bu istiqamətdə də araşdırmalarımızı aparırıq. Yəqin ki, yaxın günlərdə bizim avadanlıqlarla da yerli kanallarla yanaşı, pullu paketə daxil olan kanallara da baxmaq mümkün olacaq”. Qeyd edək ki, ölkədə yayımı dayandırılan xarici kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 90-a yaxın xarici kanal daxil edilib. 
Mənbə: Milli.Az
11 yanvar 2014
GO BACK