ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə SOCAR brendi altında avtomatik mini-yanacaqdoldurma məntəqələrinin tikintisinə başlamağı planlaşdırır. Bu barədə Trend-ə Dövlət Neft Şirkətindən məlumat bildirilib.Mənbə bildirib: "Bu il paytaxtda operatorsuz çalışacaq avtomatik mini-yanacaqdoldurma məntəqələrinin yaradılması işinə başlamaq planlaşdırılır". Mənbənin sözlərinə görə, həmçinin hazırda yeddi-səkkiz mini-yanacaqdoldurma məntəqəsinin layihələndirilməsi üzrə işlər aparılır. Mini-yanacaqdoldurma məntəqələrinin inşasının bir sıra üstünlükləri var. Belə ki, onlar kiçik ərazidə tikilir ki, bu da ənənəvi YDM ilə müqayisədə tikinti və quraşdırma işləri üzrə çəkilən xərcləri azaldır, yanacağı operatorsuz buraxmağa imkan verir, yanacağın doldurulması və ödəmə avtomatik həyata keçirilir ki, bu da nəticədə yanacağın doldurulması zamanı buraxılış qabiliyyətinin artırılmasına gətirib çıxarır. Bundan başqa, mənbənin sözlərinə görə, yaxın vaxtlarda Bakının "Bayıl" qəsəbəsində yeni yanacaqdoldurma məntəqəsinin inşası planlaşdırılır. Yeni YDM-nin tikiləcəyi ərazi artıq müəyyən edilib. O qeyd edib: "Hazırda sənədləşdirmə prosesi gedir". Mənbə bildirib ki, hələlik bu il ölkənin regionlarında SOCAR brendi altında yeni YDM-nin tikintisi nəzərdə tutulmayıb.
Mənbə: Milli.Az