Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaq. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, "Wonders of Azerbaijan" (Azərbaycanın möcüzələri) layihəsinə qoşulmuş "Al Travel", "Caspian Breeze", "CBT Azerbaijan", "Express Tours" və "Intour Travel" kimi turizm təşkilatları 11-12 yanvar 2014-cü il tarixində ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində keçiriləcək Səyahət və Sərgüzəştlər sərgisində Azərbaycanı təmsil edəcək. Sözügedən layihənin məqsədi ABŞ-dakı beynəlxalq səyahətçilərə Azərbaycanı bir səyahət nöqtəsi kimi təşviq etməkdir. Azərbaycanın ilk dəfə təmsil olunacağı bu genişmiqyaslı sərgidə 250-dən çox beynəlxalq turist şirkəti iştirak edəcək. Azərbaycanı təmsil edən səyahət mütəxəssisləri tərəfindən "Azərbaycan: Odlar yurdu və tolerantlıq mərkəzi" devizi altında İpək yolunun mərkəzi kimi ölkəmizin təbiəti, qədim tarixi, mədəniyyəti və dini rəngarəngliyi, həmçinin zəngin mətbəxi təbliğ olunacaq.
Mənbə: Milli.Az