Qadin.NET / Günəşdə baş verən güclü partlayış Yerdə qasırğalara səbəb olub

Günəşdə baş verən güclü partlayış Yerdə qasırğalara səbəb olub

 

Yanvarın 7-də Günəşdə baş verən güclü partlayışdan sonra dünən gecə saat 11-12 arasında plazma tullantısı Yerə çatıb və maqnit təlatümlərinə (qasırğasına) səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, maqnit sahəsinin həyəcanlanması zəif olub. Onun sözlərinə görə, maqnit qasırğası əvvəldən gözlənildiyi kimi güclü olmayıb: “Maqnit qasırğasının zəif və güclü amplitudası var. Hazırda yerdə müşahidə olunan maqnit qasırğası zəif kateqoriyaya daxil idi. Bu maqnit qasırğasını ancaq güclü ürək-damar xəstəliyi olan adamlar hiss edə bilərlər. Günəşdəki partlayış nəticəsində yerdə güclü texnogen-katastrofik hadisələr gözlənilmirdi və olmayıb”.
 N.Cəlilov qeyd edib ki, belə həyəcanlanma və maqnit qasırğası 1 sutka davam edir, sonra isə yavaş-yavaş sönür. Şöbə müdirinin sözlərinə görə, bu günün sonuna kimi maqnit qasırğası ilə əlaqədar insanlar müəyyən narahatlıq, ürək döyüntüləri, baş ağrıları hiss edə bilərlər. Günün sonundan etibarən isə maqnit qasırğaları zəifləyəcək və keçib gedəcək.

Rəsədxana rəsmisi qeyd edib ki, hazırda Günəş sistemi aktivliyinin maksimum fazasındadır: “Belə alışmalar tez-tez olur. Lakin yanvarın 7-də X 1,2 ballıq alışma kimi alışma olmayıb. Hazırda Günəşdə maqnit ləkələrin vəziyyəti yaxında güclü partlayışların olmayacağını deməyə əsas verir. Günəşdə vəziyyət tamamilə sakitlikdir”.

Qeyd edək ki, Bakı vaxtı ilə yanvarın 7-də, saat 22:32-də Günəşdə X1.2 dərəcəli partlayış baş verib. Onun mənbəyi isə 1944 qrup ləkəsi olub. 1944 qrupu Günəşin mərkəzi meridianında yerləşdiyi üçün onun maqnit qasırğasına səbəb olacağı barədə əvvəldən məlumat verilmişdi.

Mənbə: Lent.Az

10 yanvar 2014
GO BACK