Milli Məclisə smartphone və android sistemli mobil telefonlarla girişin qadağan edilməsi bəzi deputatlar tərəfindən anlayışla qarşılansa da, buna etiraz edənlər də tapıldı. Deputatlara şamil ediləcək bu qadağadan sonra millət vəkillərinin hansı markalı mobil telefonlardan istefa etməsi gündəmə gəlib.Maraqlıdır, deputatlar hansı mobil telefonlardan istifadə edirlər?
AzVision.az bir neçə deputatla əlaqə saxlayaraq onların işlətdikləri telefon markalarını öyrənib.
Millət vəkili İqbal Ağazadə “Nokia” markalı telefondan istifadə edir.
“Sadə Nokiadır, smartphone funksiyaları yoxdur”.
VHP sədri Sabir Rüstəmxanlı isə bir qədər bahalı telefon işlədir. Onun telefon markası “Blackberry”dir.
Deputat Aqiyə Naxçıvanlı da sadə “Nokia”ya üstünlük verdiyini deyib.
“Smartphone funksiyaları olmayan sadə “Nokia”dan istifadə edirəm”.
Millət vəkili Aqil Abbas isə açıqlamasında 8 ildir telefonunu dəyişmədiyini deyib.
“Mənim telefonum “Nokia”dır, 8 ilin telefonudur. Başqa telefon almağa gücüm çatır, sadəcə olaraq xoşlamıram. Telefondan ancaq zəng etmək, zəng qəbul etmək və mesaj funksiyası üçün istifadə edirəm. Sadə “Nokia”dır. Zəng elə, mesaj yaz və zəngli saatı qur ki, səhər 08:00-da zəng çalsın”.
YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, “iPhone” işlədir:
“”iPhone” işlədirəm, amma mən qanunlara tabe olan adamam. Əgər Milli Məclisdə iPhone-dən istifadə məqbul sayılmırsa, “Nokia”-dan istifadə edəcəm”.
Deputat Çingiz Qənizadə ölkədə olmadığından sualımızı onun köməkçisi cavablandırdı. O bildirdi ki, millət vəkili “Samsung Ego” markalı telefondan istifadə edir: “Çingiz müəllimin telefonu smartphone tipli deyil. İki sim kartı olan Samsung Ego markalı telefondan istifadə edir”.
YAP-çı deput Aydın Mirzəzadə isə bu qadağadan sonra yeni telefon alıb. O, bu barədə Facebook sosial şəbəkəsindəki profilində yazıb:“2014-cü ilin yanvarın 1-dən Milli Məclis binasına brauzeri və fotoaparat funksiyası olan telefon aparatı ilə daxil olmaq yasaq edildi. Bu parlament binasının xüsusi rejimli bir obyekt olması ilə bağlıdır və bütün dünyada belə bir praktika vardır. Mən belə bir telefon aparatı ( qiyməti 32 manatdır ) aldım və binaya daxil olmamışdan əvvəl, nömrə kartımı o aparata yerləşdirərək daxil oluram. Ona görə də binada olarkən də öz mobil telefonumdan istifadə edə bilirəm”.
Mənbə: Milli.Az