Qadin.NET / Ömrü Allah verir, "fast-food" alır: ayaqüstü qidadan niyə əl çəkmirik?

Ömrü Allah verir, "fast-food" alır: ayaqüstü qidadan niyə əl çəkmirik?

 

Müasir dövrdə insanların qida rasionunda “fast food” (ayaqüstü qidalar) üstünlük təşkil edir.  Həm baha satılan, həm də sağlamlıq problemlərinə yol açan “fast food”-u uşaqlardan tutmuş yaşlılara qədər əksər insanlar xoşlayır və zərərini bilə bilə qəbul edir. Modern.az-a danışan qastroenterologist-hepatologist Arzu Yusifova bu qidaların bizə boş kaloridən başqa bir şey qazandırmadığını diqqətə çatdırdı: ““Fast food” trans yağlarla zəngin olduğu üçün istər mədə-bağırsaq, qaraciyər, istər ürək-damar, mübadilə pozğunluqlarına qədər aparan bir yoldur. Çünki bu qidalar boş kaloridir. Bədənə faydalı olan heç bir mikroelement, heç bir vitamin toplamır. Sadəcə, boş kalori alırıq. Ona görə də mübadilə pozğunluğuna, bu da piylənməyə, şəkərə, öd yolunda xərçəngə gətirib çıxara bilir. Təbii, bir dəfə yeyəndə heç bir şey olmaz. Amma sürəkli, həftədə heç olmasa 2-3 dəfə istifadə edilirsə, o zaman orqanizm üçün zərərlidir, ciddi sağlıq sorunudur. Amma ayda bir, iki ayda bir yeyilməsində belə bir təhlükə yoxdur”. A. Yusifovanın sözlərinə görə “fast food”ların zərərli təsirində yaş amili önəm daşımır: “Təsir etməsində yaşın heç bir fərqi yoxdur. Sənaye bu qədər inkişaf etdikdə həmin ətlər, toyuqlar hamısı hormonlu qidalara çevrilir. Bir tərəfdən də o hormonun ziyanı var. Konservantların da ayrıca zərəri var”. Psixoloq Elnur Rüstəmov belə qidaların qəbulunun psixoloji səbəbindən danışdı: “İnsanlarda belə bir instinkt var: özünü qoruma və nəsil artırma. Üstəgəl özünü qorumağın belə bir məqamı var, o da nədir - həzz almaq. Fikir verin, insanlar kompüter arxasında saatlarla oturub oyun oynayır və yaxud oturub bir film seyr edirlər, heç yemək də yadlarına düşmür. Və qidalandıqları təqdirdə də indi insanlarda əvvəlki dönəmlərlə müqayisədə nəyisə gözləmək, səbr etmək anlayışı yoxdur. Tələsik qidalanma, 5 dəqiqəyə hazır olsun, onunla qidalanmaq var. Yəni bu situasiyada insan səhhətini düşünmür. Məsələn, vacib olan bir şey yeyim, təzədən fəaliyyətimi davam etdirim. “Fast food”u istehsal edən şirkətlər də məhz bu psixoloji məqamı nəzərdə tutur, belə qidaların istehsalı ilə məşğul olurlar. Bu dünyanın hər yerində belədir. Sadəcə, burada fərdi gigiyenanın, fərdi sağlamlığın qorunmasından söhbət gedir. Bu da insanın özünə buraxılır. İnsan var ki, misal üçün heç brolyer toyuqlarını almır. Onun üçün əyalətdən, kənddən gəlir, yalnız onlarla qidalanır və çöldə də qətiyyən yemək yemir. Ancaq elə ailələr var ki, mütəmadi olaraq ayaqüstü qidalardan istifadə edirlər. Onların özlərinin də arqumentləri olur. O arqument nədən ibarətdir? “Ömrü Allah verirsə, nə olacaq, olacaq”.
Mənbə: Milli.Az

 

10 yanvar 2014
GO BACK